Azər Badamov: "İğdır-Naxçıvan qaz boru xəttinin açılışı böyük əhəmiyyət daşıyan tarixi hadisədir"

Prezident İlham Əliyevin Türkiyəyə işguzar səfəri çərçivəsində İğdır-Naxçıvan qaz boru xəttinin açılışının edilməsi böyük əhəmiyyət daşıyan tarixi hadisədir. Bu qaz boru kəmərinin istismara verilməsi Azərbaycanla Türkiyəni birləşdirən xətlərə yeni bir xəttin əlavə olunması deməkdir".

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, iki qardaş ölkə hər tərəfdən bir-biri ilə möhkəm bağlarla bağlanır:

"Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi Ceyhan neft kəməri, Bakı Tbilisi Ərzurum qaz kəməri ilə formalaşmış kommunikasiyalar siyahısı İğdır-Naxçıvan qaz boru xətti ilə davam etdirlir. Gələcəkdə isə İğdırdan elektrik və dəmir xətləri də çəkiləcəkdir. Naxçıvanın blokadaya salındığı çətin günlərdə də Türkiyə ilə aramızda açılışı olmuş Ümüd körpüsü əsl ümid yerinə çevrilmişdi. Məhz ulu öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etməsi Naxçıvanı böyük bəlalardan xilas etmiş, Türkiyə ilə münasibətlərin yenidən dərinləşməsinə yol açmışdı. Düşmənlərimiz həmişə Türk dünyasını bir-birindən ayırmağa çalışmışdı. Məhz ona görə də, 1920-ci ildə Zəngəzuru Azərbaycandan ayıraraq Ermənistanla birləşdirməklə Türk dünyasında fiziki bağlantını dayandırmış olmuşdular. Amma indi dövlət başçılarımızın uzaqgörən siyasəti Türk dünyası arasında yenidən fiziki bağlantının yaradılmasına istiqamətlənib. Bu gün Naxçıvanla Türkiyə arasında kommunikasiyaların yayadılması istiqamətində işlər davam etdirilir. Amma yaxın gələcəkdə Zəngəzur dəhlizi açılacaq və ölkələrimizarası bağlar daha da möhkəmlənəcək".

"Azərbaycan və Türkiyə qardaş, həm də müttəfiqdirlər. Biz çətin günlərimizdə bir-birimizin yanında olmaqla birliyimizi və qardaşlığımızı dünyaya nümayiş etdiririk. Bəli, torpaqlarımız işğal altında olduğu dövrdə Türkiyə bütün beynəlxalq arenalarda Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsini gündəmə gətirirdi. O cümlədən, 44 günlük Vətən müharibəsi zamanı da Türkiyənin ölkəmizə siyasi və mənəvi dəstək göstərməsi, qısa zaman kəsiyində zəfərimizə nail olmağımıza yol açdı. Türkiyədə zəlzələ baş verən zaman Azərbaycan Türkiyədən soruşmadan zələzələdən əziyyət çəkən bölgələrə birbaşa yardımlar göndərməyə başlamışdı. Azərbaycan və Türkiyə çətin günlərdə bir-birindən soruşmadan yanında olan qardaş ölkələrdir. Bu gün də Azərbaycan Kahramanmaraşda 1000 evlik bir şəhərcik tikərək zəlzələdən əziyyət çəkən insanlara hədiyyə edir. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulub bərpa olunmasında Türkiyə şirkətlərinin iştirak etməsi Böyük Qayıdışa dair Dövlət Proqramının vaxtında icra olunmasına töhfə verir. Bizim birgə layihələrimiz bundan sonra da çox olacaq. Dövlət başçılarımızın arasında möhkəmlənmiş qardaşlıq münasibəti xalqlarımızı da bir-birinə daha da yaxınlaşdırır və monolit gücə çevrilirik", - deyə millət vəkili əlavə edib.