Beynəlxalq enerji dialoqu üçün mühüm platformaya çevrilən paytaxt Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları enerji təhlükəsizliyi, regional əməkdaşlıq və yaşıl keçid istiqamətində mühüm çağırışlar fonunda təşkil olunaraq, strateji əhəmiyyət daşıyan müzakirələrə və gələcək addımların müəyyənləşdirilməsinə zəmin yaradıb.
Müzakirələrdə Cənub Qaz Dəhlizinin iştirakçı ölkələri, beynəlxalq maliyyə institutları və enerji şirkətləri arasında əməkdaşlığın gücləndirilməsi prioritet kimi vurğulanıb. Tədbirdə iştirak edən Prezident İlham Əliyev çıxışında bildirib ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir: “Mən hətta deyərdim ki, bu gün biz, həmçinin sənaye təhlükəsizliyi haqqında danışa bilərik, çünki sənayeni inkişaf etdirmək üçün bizə enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının, neft-kimya məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısıdır”.
Dəhlizin üç əsas komponenti – Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP hazırda tam gücü ilə işləyir. Lakin sürətlə dəyişən qlobal enerji bazarı və artan tələbat fonunda bu infrastrukturun genişləndirilməsi vacib məsələ kimi qarşıya qoyulub. Azərbaycanın son bir il ərzində təbii qazını əlavə 5 ölkəyə ixrac etməsi və bu sayın 12-yə çatdırılması, o cümlədən 10 Avropa ölkəsinin bu siyahıya daxil olması qaz təchizatının coğrafiyasının davamlı şəkildə genişləndiyini göstərir.
Toplantıda xüsusi vurğulanan məsələlərdən biri də enerji layihələrinin maliyyələşdirilməsinə dair bəzi beynəlxalq maliyyə institutlarının mövqeyi ilə bağlıdır. Azərbaycan Prezidenti onların faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırmaq siyasətinin yenidən nəzərdən keçirilməsini təklif edib. Bu siyasət geosiyasi dəyişikliklər kontekstində istehsal, nəql və çatdırılma sahəsində müəyyən problemlərə yol aça bilər.
Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında yaşıl enerji ilə bağlı müzakirələr diqqət çəkir. İştirakçılar Azərbaycanın yaşıl enerji sektorunda atdığı addımları, bərpaolunan mənbələrə yönəlik sərmayələri və bu sahədə beynəlxalq əməkdaşlığı yüksək dəyərləndirib. Ölkəmizdə 2030-cu ilə qədər 6.5 giqavatlıq yaşıl enerji istehsalı potensialının yaradılması hədəfi qoyulub. Günəş və külək enerjisi sahəsində artıq bir sıra investisiya müqavilələri imzalanıb. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda hidroenerji potensialı fəal şəkildə reallaşdırılır və bu istiqamətdə artıq 270 meqavatlıq güc istifadəyə verilib.
Toplantı çərçivəsində müzakirə edilən yaşıl kabel layihəsi də xüsusi önəm daşıyır. Avropaya uzanacaq bu layihənin texniki əsaslandırma işləri tamamlanmaq üzrədir. Layihə reallaşarsa, Azərbaycanın bərpaolunan enerji resurslarının ixracı üçün yeni bir mərhələ başlayacaq.
18 iyul 2022-ci il tarixində imzalanmış “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” tərəflər arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Bu memorandumdan sonra Avropaya qaz ixracı 60 faiz artaraq 13 milyard kubmetrə çatdı. Ümumi qaz ixracının 25 milyard kubmetr olması Azərbaycanın enerji təchizatçısı kimi rolunun artdığını təsdiqləyir. Bu artım yalnız yeni yataqların istismara verilməsi hesabına deyil, həm də yaşıl enerji layihələrinin daxili istehlakda təbii qazdan istifadənin azaldılmasına imkan verməsi nəticəsində baş verir.
Toplantının ümumi kontekstində vurğulanan əsas tezislərdən biri də enerji təhlükəsizliyinin milli təhlükəsizliklə sıx bağlı olması idi. Neft-kimya, gübrə və sənaye sektorlarının inkişafı üçün enerji resurslarının rolu getdikcə daha da artır. Bu baxımdan, enerji təhlükəsizliyi təkcə təchizat zəncirinin davamlılığı deyil, həm də iqtisadi və sosial sabitliyin təməlidir.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları bir daha təsdiqlədi ki, Azərbaycan enerji sahəsində regional lider rolunu qoruyur və daha geniş beynəlxalq əməkdaşlığa açıqdır. İstər təbii qazla bağlı infrastrukturun genişləndirilməsi, istərsə də yaşıl enerji sektorunda sərmayə layihələri ölkənin enerji siyasətinin çevik və strateji şəkildə formalaşdırıldığını göstərir.
Enerji əməkdaşlığı artıq sadəcə resursların ötürülməsi deyil, qlobal təhlükəsizlik, iqtisadi sabitlik və iqlim çağırışlarına cavab vermək üçün ortaq məsuliyyət anlayışına çevrilir. Bu prosesdə Azərbaycan öz mövqeyini daha da gücləndirmək üçün praqmatik siyasət həyata keçirir.
Asif Əsgərov
Milli Məclisin deputatı