“Aprelin 9-da ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirildi. Yeddinci dəfədir keçirilən foruma 80 xarici qonaq qatıldı. İştirakçıların 50 faizdən çoxu konfransda ilk dəfə iştirak edirdi. Dünyanın qlobal məsələlərinin Azərbaycanda müzakirə edilməsi ölkəmizin mövqeyinə verilən önəmin, zəngin təcrübəyə malik olmasının, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinə dəstəyin təqdimatıdır. Reallıq budur ki, yeni dünya nizami formalaşdırılır. Prosesin başlanğıc mərhələsidir. Azərbaycan yeni dünya nizamının formalaşmasına töhfələrini atdığı real addımları ilə təsdiqləyir. Ölkəmizin xarici siyasətinin prioritet məsələlərindən biri qarşılıqlı etimad mühitinin qorunması fonunda əməkdaşlığın coğrafiyasını genişləndirmək, yeni körpülər qurmaqdır. Azərbaycanın yerləşdiyi coğrafi məkan, malik olduğu təbii resurslar bu hədəfə yüksək səviyyədə nail olmasını şərtləndirir. Dövlətimizin başçısı İlham Əliyev forumdakı çıxışında bütün bu məsələlərə bir daha diqqəti yönəltdi. “Müxtəlif ölkələrdən olan beynəlxalq ekspertlərin böyük bir qrupu qlobal gündəlikdə duran mühüm məsələləri müzakirə etmək üçün Azərbaycanı yeddinci dəfədir ki, ziyarət edir. Eyni zamanda, bütün bu səfərlər Azərbaycanı daha da yaxşı tanımağa, ölkənin nəbzini tutmağa xidmət edir” fikirləri ilə forumun əhəmiyyətini açıqlayan cənab İlham Əliyev tarixi Zəfərimizi, ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsini şərtləndirən amillərdən, azad Qarabağa və Şərqi Zəngəzura xarici qonaqların səfərlərindən bəhs etdi. Ölkə Prezidenti belə bir əminliyi ifadə etdi ki, dünənki və bugünkü müzakirələr və ekspertlər arasında qarşılıqlı əlaqələr bizə birgə yanaşmaları hazırlamağa və keçən dəfə, ötən il görüşdüyümüzdən bəri tamamilə fərqli olan sürətlə dəyişən dünya ilə bağlı fikirlərimizin mübadiləsinə kömək edəcək”.
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Millət vəkili qeyd edib ki, dövlət başçısı İlham Əliyevin forumda diqqət göstərdiyi əsas məsələlərdən biri regionda sülhün, təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanın Ermənistana etdiyi sülh təklifi oldu: “Ölkə Prezidenti Ermənistanda güclü revanşist qrupların olduğunu da bildirdi. Sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfinin şərtlərindən biri keçmiş ATƏT-in Minsk qrupunun buraxılmasıdır. 30 illik işğal dövründə vasitəçilik missiyasının mahiyyətini dərk etməyən, yalnız Ermənistana dəstək funksiyasını yerinə yetirən bir qurumun tarixi Zəfərimizdən sonrakı dövrdə fəaliyyətinə ehtiyac yoxdur. Lakin görünən budur ki, Ermənistan hər vəchlə onun fəaliyyətinin bərpasına səy göstərir. Dövlət başçısı İlham Əliyev forumda belə bir çağırışı səsləndirdi ki, əgər Ermənistan hökuməti bəyan etdikləri kimi münaqişənin bitdiyini və Qarabağın Azərbaycanın bir hissəsi olduğunu hesab edirsə, Minsk qrupunun hüquqi olaraq buraxılmaması üçün heç bir səbəb yoxdur. De-fakto olaraq qrup fəaliyyət göstərmir, lakin rəsmi olaraq Minsk qrupunun buraxılması üçün Azərbaycanla birlikdə birgə müraciəti imzalamaqdan imtina etmək onların öz vaxtını gözləməsinə işarə edir.
Azərbaycanın tarixi Zəfərimizdən ötən beş ilə yaxın dövrdə sülh müqaviləsinin imzalanması istiqamətində atdığı addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Bu çağırış hər zaman səsləndirilir ki, bu sülh təklifi heç də Azərbaycan xalqının 30 ildə yaşadıqlarını, törədilən faciələri, təxribatları, şəhidlərimizi unutmaq anlamına gəlmir. Azərbaycan regionda sülhün, təhlükəsizliyin təmin olunması üçün Ermənistanla münasibətlərdə yeni səhifənin açılmasını zəruri hesab edir. Dövlət başçısı İlham Əliyev forumda bir daha vurğuladı ki, biz Ermənistandan ərazi bütövlüyümüz və onların Konstitusiyası ilə bağlı nəyi gözləyirik, bu, məlumdur. Əgər bunlar edilərsə, sülh sazişi imzalana bilər və beləliklə, Cənubi Qafqazda artıq inteqrasiya edilmiş bölgə üçün heç bir maneə qalmayacaq. Lakin realist danışsaq, bu o demək deyil ki, Ermənistanla dərhal dost olacağıq. Burada müəyyən iqtisadi inteqrasiya haqqında danışmaq tezdir. Lakin kiçik addımlarla başlayaraq etimadı qura bilərik”.
Malik Həsənov onu da vurğulayıb ki, Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən xarici siyasətinin dəyişməz prinsipləri dünya birliyində mövqeyinin möhkəmlənməsində, söz sahibliyində əhəmiyyətli rol oynayır: “Bu gün Azərbaycan-ABŞ münasibətləri özündə mühüm məqamları ehtiva edir. Belə ki, cənab İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Tramp administrasiya ilə çox güclü, proqnozlaşdırılabilən, uzunmüddətli strateji əlaqələrə başlayacağı vaxtı gözləyir. Azərbaycanla güclü əlaqələrin olması bu region üçün çox mühümdür. Çünki Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir. Qlobal Cənubun bir hissəsi olan, 4 il uğurlu sədrlik etdiyimiz Qoşulmama Hərəkatında güclü mövqeyə, Mərkəzi Asiya regionu ilə güclü əlaqələrə malik olan, imkanları, iqtisadi potensialı, enerji ehtiyatları olan, gücünü paradlarda deyil, döyüş meydanında nümayiş etdirmiş Ordusu olan və hər kəslə siyasi əlaqələri olan Azərbaycan ABŞ üçün çox mühüm tərəfdaş ola bilər. Prezident İlham Əliyev forumda bu reallığı da diqqətə çatdırdı ki, Bayden-Blinken komandasının rəhbərliyi dövründə ABŞ Ermənistana münasibətdə birtərəfli mövqe tutdu. Bu, Ermənistan-Azərbaycan münaqişəsi başlayandan bəri ilk dəfə idi ki, rəsmi şəkildə baş verirdi”.
Millət vəkili bildirib ki, əməkdaşlıq əlaqələrinin inkişafında iqtisadi amil əsasdır: “İqtisadi əlaqələrdə isə enerji amilinə xüsusi önəm verilir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ölkələri, xalqları birləşdirir, əməkdaşlığın coğrafiyasını genişləndirir. Azərbaycanın malik olduğu enerji resursları dövrün çağırışlarının yüksək səviyyədə cavablandırılmasını təmin edir. Bu gün yaşıl enerjiyə keçiddən bəhs edirik. Ötən il Azərbaycanın ev sahibliyi etdiyi, Bakı nailiyyəti kimi tarixə yazılan COP29 ölkəmizin, eyni zamanda, iştirakçı ölkələrin malik olduğu potensialı təqdim etdi. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatına töhfələri davamlılığı ilə diqqətdədir. Cənab İlham Əliyev forumda bu mühüm məqamı da diqqətə çatdırdı ki, yaşıl enerjiyə böyük sərmayələrin yatırılmasına baxmayaraq, Avropa İttifaqında yenə də elektrik enerjisi çatışmır və bu məqsədlə hazırda Azərbaycandan Qara dənizin dibi ilə Rumıniyaya çəkiləcək yaşıl enerji kabeli üzərində işləyirik. Dörd qiqavat yalnız başlanğıcdır. Avropa Komissiyasında əyləşənlər gözlərindən eynəyi çıxarsınlar və dünyaya realist nöqteyi-nəzərdən baxsınlar, Azərbaycan kimi ölkələri dəyərləndirsinlər və Qafqazı sevdikləri ilə sevmədiklərinə bölməyə cəhd etməsinlər, yaxşı tərəfdaş kimi davransınlar. Biz buna hazırıq”.
Malik Həsənov yeni dünya nizamının formalaşdırılmasında türk dünyasının birliyinin əhəmiyyətli rolunu da qeyd edib: “Cənab İlham Əliyev forumda bu çağırışı etdi ki, tədbirin mövzusu həqiqətən göstərir ki, yubanmalı deyilik və Türk Dövlətləri Təşkilatını mühüm qlobal iştirakçıya çevirmək fürsətini əldən buraxmalı deyilik. Bunun üçün böyük potensial var. Geniş coğrafiya, insan ehtiyatları, təbii ehtiyatlar, nəqliyyat marşrutları mövcuddur. Təşkilat etnik köklərə əsaslanır. Biz həqiqətən qlobal səviyyədə beynəlxalq fəaliyyətin mərkəzinə çevrilə bilərik”.
Millət vəkili ümumiləşdirilmiş şəkildə qeyd edib ki, dövlət başçısı İlham Əliyevin hər bir çıxışı dövrün çağırışları ilə bağlı Azərbaycanın ədalətə, beynəlxalq hüquqa söykənən yanaşmasının təqdimatıdır. Yeni formalaşdırılan dünya nizamı məhz bu prinsiplərə söykənməlidir. Ədalətin, beynəlxalq hüququn müdafiəsi, bununla bağlı birgə səylərin göstərilməsi bütün dövrlərdə Azərbaycan dövlətinin əsas çağırışı olub. Ölkəmiz birləşdirici, sabitləşdirici aktor kimi mövqeyini möhkəmləndirir.