Azərbaycan dili böyük inkişaf yolu keçərək dünya dilləri arasında öz layiqli yerini tutub

“Möhkən təməl uğurların davamlılığını şərtləndirən mühüm amildir. Bu gün müasir müstəqil, qalib, bütövləşən Azərbaycana hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin, zəngin təcrübənin şahidi olaraq. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə Azərbaycanın bu günü və gələcəyi üçün gördüyü işlər son 20 ildən artıq dövrdə möhtəşəm uğurlarımıza stimul verir. Hazırda Azərbaycan tarixi Zəfərinin, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsinin  yaratdığı reallıqları yaşayır. Şanlı Qələbəsi ilə yenilməz, məğrur xalq olduğunu bir daha dünyaya nümayiş etdirən Azərbaycanın bu Zəfəri bütün sahələrdə mövcud imkanlarını təqdim etdi.

Təbii ki, Zəfərimizi şərtləndirən amillər sırasında Vətənə, torpağa bağlılıq əhəmiyyətli rol oynayır ki, bu da Ümummilli Liderin ən parlaq səhifələrini yazdığı azərbaycançılığın əsas tərkib hissələrindən biridir. Dahi şəxsiyyət daim bu çağırışı edirdi ki, gələcəyimiz gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Ulu Öndər Heydər Əliyev bu mühüm məqamı da xüsusi qeyd etmişdir ki, öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz. Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü dilimizin inkişaf etməsinə, qorunmasına xidmət edən addımlarla zəngindir. Məhz onun fəaliyyətinin nəticəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin  dövlət dili statusu təsbit olundu.  Dövr baxımından qəhrəmanlığa bərabər belə bir addım məhz gələcəyin  müstəqil, yeni Azərbaycanı naminə atılmışdı. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi,  Azərbaycan mədəniyyətinin  ümumittifaq miqyasda ön mövqelərə çıxması və sair kimi biri-birindən mühüm məqamlar  Ulu Öndər Heydər Əliyevin  gələcək milli dövlətçiliyimizin  ideya təməlində dayanan siyasətinin nəticələridir. Ümummilli Lider Azərbaycan dilinin dövlət dili kimi yaşamasını, möhkəmlənməsini, inkişaf etməsini ən böyük nailiyyətlərimizdən biri kimi dəyərləndirərək onu da bildirmişdir ki, bu, təkcə dil deyil, həm də azərbaycançılıq məsələsidir.”       

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Əliabbas Salahzadə vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən,  hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Hər bir əlamətdar gün keçilən yolun hesabatıdır: “Reallıq budur ki, Azərbaycanın hər bir sahədə qazandığı uğurlar Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu fakt inkaredilməzdir ki, ana dilinə münasibətin son dərəcə siyasiləşdirildiyi illərdə Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinin  məişət və ədəbi dil səviyyəsindən dövlət dili səviyyəsinə çatdırılmasına yönəlmiş  fəaliyyətlə kifayətlənməyib öz şəxsi nümunəsi ilə ana dilimizin  nüfuzunu artırdı,  elmi cəhətdən öyrənilməsi, geniş şəkildə yayılması üçün stimul yaratdı. Belə ki, onun təşəbbüsü ilə respublikanın bir qrup dilçi alimi Azərbaycan dilinin tətbiqi sahəsində  araşdırmalara görə dövlət mükafatına layiq görülmüşdür. Təbii ki, bütün bu addımlar Ümummilli Lider Heydər Əliyevin  cəsarətinin, qətiyyətinin, prinsipiallığının  nəticəsi idi. Azərbaycan Respublikasının 1978-ci ildə qəbul edilmiş  Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə 73-cü maddənin daxil edilməsi də dahi şəxsiyyət Heydər Əliyevin siyasi qətiyyətinin ifadəsi idi.”       

Millət vəkili qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin “Millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz” çağırışı Azərbaycan dilinin dövlətimizin, xalqımızın təqdimatında rolunun aydın mənzərəsini yaradır. Bu reallıq da daim vurğulanmışdır ki, milli-mənəvi dəyərlərimiz bizim ana dilimizdir, Azərbaycan dilidir,  dinimizdir, adət-ənənələrimizdir, mənəvi-əxlaqi mentalitetimizdir. Bunların hamısı ilə biz fəxr edirik və fəxr etməliyik. Bizim bütün təbliğatımız, bütün elmi işlərimiz insanlarda bu milli-mənəvi dəyərlərə görə qürur hissi, iftixar hissi doğurmaq və bu milli-mənəvi dəyərlərə sədaqət aşılamaqdan ibarət olmalıdır. Ümummilli Lider Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin hər bir çağırışı Azərbaycan dövlətinin, xalqının gələcəyi üçün yol xəritəsi olaraq qarşıya mühüm vəzifələri qoyur. Bu çağırışların ümumiləşdirilmiş ifadəsi budur ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalı, öz tarixini, dilini, milli-mənəvi dəyərlərini öyrənməli və təbliğ etməlidirlər.     

 Əliabbas Salahzadə bildirib ki, ana dilimizi qorumaq üçün mühüm  addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən uğurla  davam etdirilir: “Cənab  İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”  Sərəncamına əsasən 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin siyahısı hazırlandı. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan ölkə  Prezidenti 2013-cü ildə  “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiqlədi. Bu sənəd milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının,  zənginliyinin qorunması baxımından mühüm tarixi hadisə oldu. Cənab  İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq etdi. Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı.”    

   “Atılan addımların xronologiyasının təqdimatı fonunda bu ümumiləşdirməni apara bilərik ki, müstəqil dövlətin olmadığı dövrlərdə azərbaycanlıları bir xalq kimi qoruyan, assimilyasiya olunmağa imkan verməyən Azərbaycan mədəniyyəti, Azərbaycan dili,  milli mənəvi dəyərlər olub. Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin qorunub inkişaf etdirilməsi   həm də müstəqilliyimizin, vahid dövlətçilik ənənələrimizin və milli birliyimizin ən başlıca simvollarını qorumaq kimi dəyərləndirilməlidir”,- deyə millət vəkili vurğulayıb.