“Azərbaycan dünyada həm də qlobal təşəbbüskar kimi qəbul olunur”

Beynəlxalq ictimaiyyət Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına, peyvənd millətçiliyinə qarşı qlobal mübarizəsini və təşəbbüslərini dəstəkləyir. Noyabrın 18-də BMT Baş Assambleyasının 3-cü komitəsində qətnamə layihəsi müzakirə edilib və səsvermə ilə qəbul edilməsi bunu bir daha təsdiqlədi. 171 ölkə qətnamənin lehinə səs verib. Əsas üstünlüklərdən biri budur ki, heç bir ölkə sənədin əleyhinə səs verməyib. Regionda ən az peyvəndləmə səviyyəsinə malik olan Ermənistanın bitərəf qalması isə diqqətdən yayınmayıb. Bu, bir daha Ermənistanın bütün məsələlərə siyasi prizmadan baxmasının, Azərbaycanın nailiyyətlərini qısqanclıqla qarşılamasının növbəti sübutudur. Pandemiyanın ağır fəsadları ilə bağlı dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü və beynəlxalq həmrəyliyi, əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Həqiqətən də Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü qlobal təşəbbüslər dünyanın xilasına yönəlmişdi. Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında Zirvə toplantısı, 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə BMT Baş Assambleyasının dövlət və hökümət başçıları səviyyəsində Xüsusi Sessiyası keçirildi. “Peyvənd millətçiliyi”, ölkələr arasında peyvəndlərin əlçatanlığı ilə bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizə də davamlı olaraq Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidentinin gündəliyində olub. 
Prezidentin tapşırığı ilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü “Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi” adlı qətnamə 2021-ci ilin mart ayında yekdilliklə qəbul olundu. Yeni qətnamə isə artıq dekabr ayında BMT Baş Assambleyasının plenar sessiyasında qəbul olunacaq.
Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini davam etdirir. 2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində video-müraciət vasitəsilə çıxış edən Prezident İlham Əliyev bir daha dünyada mövcud olan peyvənd millətçiliyini qınayaraq, Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı BMT Baş Assambleyasında da qətnamənin irəli sürüləcəyini elan edib.
Azərbaycanın koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımlar etməsi, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə töhfəsi ayırması, bu yaxınlarda dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin təqdim etməsi ölkəmizin dünya birliyinin məsuliyyətli və etibarlı üzvü olmasını, pandemiyaya qarşı mübarizədə çevik və humanist siyasət yeritdiyini göstərir. 
Bu, həm də Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi nüfuzunun artdığını göstərir.