Hər il fevral ayının 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd olunur. Bu günümüzün təsis olunması, ümumiyyətlə, müstəqil Azərbaycanda məqsədyönlü gənclər siyasəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi rəhbər ölkəmizdə siyasi hakimiyyətin müxtəlif dövrlərində gənclərə güvənib, onlara cəmiyyətin bütün sahələrində qol-qanad verib. Onun siyasi irsini öyrəndikcə Azərbaycan gəncliyinə necə böyük diqqət və qayğı göstərdiyinin şahidi oluruq.
Ümummilli Liderimizin imzaladığı bir çox sərəncamlar da zamanında gənclər hərəkatının hərtərəfli inkişafına geniş imkanlar yaradıb. 1997-ci il fevralın 1-də gənclərin I Forumunun ildönümü münasibəti ilə bir qrup gənci qəbul edən Heydər Əliyev fevralın 2-sinin Azərbaycanda gənclər günü elan edilməsi barədə sərəncam imzaladı. Həmin vaxtdan etibarən fevralın 2-si MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başladı.
Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, yüksək vətənpərvərlik hissinə , milli düşüncəyə malik gənc nəsil formalaşıb. Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında rolu günü-gündən artır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam artıb.
Azərbaycan gəncliyi ən yüksək münasibətə layiqliyini, doğma torpaq, yurd sevgisini, cəsarət və fədakarlığını Vətən müharibəsində sübuta yetirdi. Bu müharibə böyük milli potensialımızı üzə çıxardı. Reallıq göstərdi ki, Azərbaycan müstəqillik dövründə dövlətçilik dəyərlərimizə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar bir nəsil yetişdirib. Bu nəsil xalqın milli maraqlarının pozulmasına heç zaman yol verməz, haqqımız olanın əlimizdən alınması ilə barışmaz. Canı-qanı bahasına da olsa, Azərbaycanın adının, bayrağının ucalarda olmasını təmin edər.
Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad edən rəşadətli ordumuzun sıralarında minlərlə gəncimiz mətanətlə vuruşaraq qəhrəmanlıq salnaməsi yazdı. Düşmənə qisas hissi ilə kükrəyən, gur səsi ilə cəmiyyətimizi qələbə ovqatına kökləyən, inam yaradan əsasən gənclərimiz idi. Məhz onların igidliyi, haqq yolundan dönməzliyi sayəsində ərazi bütövlüyümüz bərpa edildi, otuz illik həsrətdən sonra əzəli-tarixi yurd yerlərimizə qovuşduq.
Azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişdirilən nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayır, ildən-ilə öz potensiallarının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir.
Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün də dövlət səviyyəsində zəruri tədbirlər həyata keçirilir. "Bədən tərbiyəsi və idman haqqında", "Gənclər siyasəti haqqında" qanunlar, habelə "Gənc ailə" proqramı, "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında", "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı", "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu" Dövlət Proqramı da bu qəbildəndir.Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir.
Azərbaycan gəncliyi hazırda Vətən naminə səylə çalışır, azad edilmiş torpaqlarımızı qarlı-şaxtalı səngərlərdə göz bəbəyi kimi qoruyur. Onun qarşısında həm də o torpaqların bərpası, abadlaşdırılması, sosial-iqtisadi dirçəlişi, yurdlarımızın yenidən gülüstana çevrilməsi missiyası durur. Dövlət rəhbərimizin yürütdüyü siyasətə dəstəyi, gələcək qarşısında məsuliyyət hissi, öyrənməyə, müasir dövrümüzün çağırışlarına uyğun yeni bilik və bacarıqlar əldə etməyə böyük meyli ilə inkişaf proseslərinin önündə addımlayır.
Əziz gənclər!
Bu gözəl bayram münasibəti ilə hər birinizi səmimi qəlbdən təbrik edir, Vətənimizin çiçəklənməsi yolunda aparadığınız yorulmaz mübarizədə uğurlar arzulayıram.
Əminə Ağazadə,
Milli Məclisin deputatı