HAVA KİMİ VACİB HƏKİMLƏR

İnfeksion xəstəliklərlə, o cümlədən, vərəmlə mübarizədə Azərbaycanın nailiyyətləri dünyanın bir çox ölkələri üçün təcrübə rolunu oynaya bilər. Dövlətin diqqət və qayğısı sayəsində vərəm xəstələrinin sayının və ölüm hallarının xeyli azalması, xəstəliyin ağır formasının müalicəsində effektiv nəticələrin çox olması bir daha sübut edir ki, Azərbaycan vərəmlə mübarizədə böyük uğurlar qazanıb. Bu nailiyyətlərə əhəmiyyətli töhfə verən qabaqcıl tibb müəssisələrindən biri və elə həm də birincisi “Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu” PHŞ-dir.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu 1944-cü ildə, o dövrdə əhalinin sağlamlığı üçün ən ciddi təhlükələrdən biri olan vərəmlə mübarizə məqsədi ilə yaradılıb. Həmin vaxtdan bu günə kimi institut tək vərəmin tədqiqi deyil, eyni zamanda digər ağciyər infeksion və qeyri-infeksion xəstəlikləri də (ağciyərlərin bronxobstruktiv xəstəliyi, bronxial astma və digər) daxil olmaqla geniş spektrli tənəffüs xəstəliklərinin diaqnostikası və müalicəsi üçün müxtəlif üsulların işlənib hazırlanmasına qədər uzun bir yol keçib. Bu illər ərzində institut Azərbaycanın aparıcı elmi-tədqiqat və təhsil mərkəzinə çevrilərək dünya elminə mühüm töhfələr verib.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu beynəlxalq layihələrdə fəal iştirak edir, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər beynəlxalq qurumlar və təşkilatlarla əməkdaşlıq edir. İnstitut vərəm və digər tənəffüs orqanlarının xəstəliklərinin diaqnostikası üçün molekulyar metodların tətbiqində liderə çevrilib. İnstitutun mühüm nailiyyəti beynəlxalq standartlara uyğun sertifikatlaşdırılaraq, Milli İstinad Laboratoriyasının yaradılması olub.

İnstitutun elmi tədqiqatları cari problemlərin həllinə, o cümlədən vərəmin dərmana davamlı formalarına qarşı mübarizəyə, COVID-19 və onun vərəmlə yanaşı xəstəlikləri kimi mürəkkəb xəstəliklərin müalicə strategiyalarının işlənib hazırlanmasına yönəlib.

Əlbəttə, sözügedən səhiyyə və elm ocağının nüfuzunun hazırki səviyyəyə yüksəlməsində müəssisəyə rəhbərlik edən tibb uzmanlarının və insanların sağlamlığının keşiyində duran həkim-pulmonoloqların xidmətləri ölçüyəgəlməzdir. Bu sətirlərin müəllifi bu yaxınlarda səhhətində yaranmış ciddi problemdən məhz onların sayəsində qurtulmuşdur. Odur ki, kollektiv üzvləri sırasından birbaşa ünsiyyətdə olduğum, şəfqət və qayğı gördüyüm bəzi şəxslərin adlarını minnətdarlıqla çəkməyi, barələrində zəruri məlumatları paylaşmağı özümə borc bilirəm.

“Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu” PHŞ-nə 2022-ci ildən direktorluq edən İradə Axundova Dövlət Tibb Universitetinin ftiziatr ixtisası üzrə təhsil alıb. İxtisasca pulmonoloq olan İradə Axundova F.Əfəndiyev adına 4 nömrəli Mərkəzi Kliniki Xəstəxanasında tibb bacısı, 4 nömrəli Vərəm Əleyhinə Dispanserdə həkim-intern (ftiziatr), Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim-fizioterapevt, şöbə müdiri və İnstitutun direktor müavini kimi çalışıb. Təyinata qədər Milli İdman Tibb və Reabilitasiya İnstitutunun Elmi katibi kimi fəaliyyət göstərib. Bəzi pasientlərlə həmsöhbət olarkən gördüklərimdən, eşitdiklərimdən belə nəticə çıxardım ki, İradə Axundovanın rəhbərlik etdiyi bu tibb müəssisəsində korrupsiya hüquqpozmalarından söhbət belə gedə bilməz. Çoxsaylı fəxri fərmanlarla təltif olunmş, təşəkkürnamələr qazanmış İradə Axundova məhz halal zəhməti, həkim andına sadiqliyi, qüsursuz xidmətləri ilə hörmətə-izzətə yiyələnmişdir. Ucuz şan-şöhrətə heç vaxt can atmamışdır.

2022-ci ildən direktor müavini və baş həkim vəzifəsində çalışan Gülzar Əliyeva 1992-ci ildən 1998-ci ilə qədər Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakultəsində təhsil almışdır. 2009-cu ildən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda Elmi Katib çalışmışdır. Doktor Gülzar Əliyreva COVİD-19-la bağlı maarifləndirici çıxışları ilə xəstəliyə qarşı mübarizə işinə mühüm köməklik göstərmişdir. Epidemiyanın güclənməsinə iqlim dəyişikliyinin təsiri, virusun ilin müxtəlif mövsümlərində özünü necə aparması, ondan qorunmağın yolları, lokallaşmasənda karantin tədbirlərinin rolu, düzgün qidalanma barədə doktor Əliyevanın KİV-də yer alan fikirləri əhali tərəfindən maraqla izlənilir, mötəbərliyinə şübhə edilmirdi.

İnstitutun l Pulmonologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Vasif Abdullayev 12 may 1957-ci ildə Goranboy rayonunda anadan olub. 1974-1978-ci illərdə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1980-1981-ci illərdə Bakı şəhəri 3 saylı klinikada internatura kursu keçib. 1981-1983-cü illərdə Goranboy Mərkəzi Xəstəxanasında Təcili yardım şöbəsinin müdiri, 1983-1987-ci illərdə Goranboy Mərkəzi Xəstəxanasında Terapiya şöbəsinin müdiri vəzifələrində çalışıb. 1988-ci ilin fevral ayından Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəliklər İnstitutunda işləyir. Peşəkar həkim Avropa Respirator Cəmiyyətinin üzvüdür. O, 1995-ci ildə dissertasiya işinu müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 150-dən çox tezis və elmi məqalənin müəllifidir. 2012-2017-2022-ci illərdə Terapiya üzrə sertifikasiyalardan keçib. 2015-ci ildə Azərbaycan Respublikasının “Əməkdar həkimi” fəxri adına layiq görülüb.

Həkim-pulmonoloqlar Afət Hüseynovanın, Reyhan Hacıyevanın da xidmətləri təqdir olunur. Onlar tibbin qeyd olunan istiqaməti üzrə nəzərəçarpan uğurlara imza atmış və öz vəzifələrinin öhdəsindən uğurla gəlməkdədirlər. Doktor Afət Hüseynova ağciyər xəstəliklərinin dəqiq diaqnozunu qoymaq üçün müxtəlif müayinə üsullarından istifadə edir, ağciyər xəstəliklərini (astma, xroniki bronxit, pnevmoniya, vərəm və s.) dərmanlar, fizioterapiya və digər müalicə üsulları ilə müalicə edir. O, eyni zanmanda ağciyər xəstəliklərinin qarşısını almaq üçün tövsiyələr verir və profilaktik müayinələr aparır.

Həkimlər bir yana dursun, biz bilirik ki, tibb bacılarına verilən tələblər əsla az deyil. Onlar həm aidiyyəti üzrə lazımi ixtisas biliklərinə yiyələnməli, həm də xəstələrlə xoşrəftar olmağı, sözün əsl mənasında “şəfqət bacısı” olmağı bacarmalıdırlar. İnstitutun tibb bacıları öz vəzifələrinin öhdəsindən məharətlə gəlir, pasientlərinə böyük sevgi ilə, məsuliyyətlə baş çəkir, problemləri ilə maraqlanır, həllinə çalışırlar.

İnternet saytlarında, sosial mediada keçmiş xəstələrinin haqqında söz açdığım müəssisənin həkim və tibb bacılarına ünvanladıqları çoxsaylı təşəkkürnamələrə, minnətdarlıq məktublarına rast gəlmək olar. Qoy bu yazı da həmin siyahıya əlavə olsun.  

Elnarə Həziyeva