Azərbaycan Respublikasının strateji tərəfdaşları və əməkdaşlıq etdiyi ölkələrin içərisində əsrlərdən bəri qonşumuz olan, dostluq və qardaşlıq münasibətləri çərçivəsində əlaqə saxladığımız Gürcüstan Respublikası xüsusi yer tutur. Azərbaycan və gürcü xalqlarının dostluğunun kökləri çox qədim zamanlardan başlayır, səmimiyyətini qoruyaraq günümüzə qədər davam edir.
Cari ilin 17 yanvar tarixində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəmizə səfər etdi. Bu səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında görüş oldu. Görüşdən sonra dövlət başçıları mətbuata bəyanat verdilər və iki dövlət arasındakı strateji tərəfdaşlıq səviyyəsindəki münasibətlərdən bəhs etdilər.
Cənab Prezident Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin parlament seçkilərindən sonrakı ilk xarici səfərinin Azərbaycana olmasının böyük əhəmiyyət daşıdığını vurğuladı. Bu səfər, Gürcüstan-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu göstərməklə yanaşı, hər iki ölkənin bir-birinə verdiyi dəyəri nümayiş etdirir. Gürcüstanın Azərbaycan iqtisadiyyatına yönələn yatırımlarının həcmi və Azərbaycan investorlarının Gürcüstana olan marağı, bu əlaqələrin gücləndiyini bir daha təsdiqləyir.
Azərbaycan və Gürcüstan əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşamış ölkələrdir. Bu gün də bu əlaqələr geniş müstəvidə davam edir. İki ölkə arasında siyasi, iqtisadi, enerji, nəqliyyat-logistika və mədəni sahələrdə qurulan əməkdaşlıq regional və beynəlxalq səviyyədə ciddi əhəmiyyətə malikdir.
Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollarlıq sərmayə qoyub ki, bu da qonşu ölkədə yaradılan müsbət sərmayə mühitinin və hər iki tərəfin qarşılıqlı maraqlarının əksidir. Azərbaycan investorlarının Gürcüstanda aktiv fəaliyyəti, iqtisadi sahədə əlaqələrin daha da dərinləşəcəyinə işarədir.
Azərbaycan və Gürcüstan enerji sektorunda da strateji tərəfdaşdır. Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizi kimi layihələr Avropanın enerji təhlükəsizliyinə xidmət edir. Gürcüstan, Azərbaycan qazının tranzitində mühüm rol oynayır. Belə ki, Azərbaycan hazırda Gürcüstan tranziti vasitəsilə öz qazını 11 ölkəyə ixtrac edir. Gürcüstanda istehlak edilən qazın 80 faizindən çoxu Azərbaycanın payına düşür. Biz əminik ki, bu sahədə də əməkdaşlıq gələcəkdə daha da genişlənəcəkdir.
Azərbaycan və Gürcüstan arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Orta Dəhliz – Avropanı Asiya ilə birləşdirən mühüm nəqliyyat dəhlizi – həm Azərbaycan, həm də Gürcüstan üçün strateji əhəmiyyətə malikdir. Bu layihə təkcə iki qonşu ölkənin iqtisadi potensialını artırmaqla qalmır, eyni zamanda regionun beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsinə zəmin yaradır.
Azərbaycan və Gürcüstan uzun illərdir ki, bir sıra beynəlxalq layihələrdə uğurla əməkdaşlıq edirlər. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və digər layihələr bu əməkdaşlığın bariz nümunəsidir. Orta Dəhliz də bu uğurlu əməkdaşlıq tarixinə yeni bir səhifə əlavə edir. Bu dəhliz Azərbaycan və Gürcüstanın infrastruktur imkanlarını inkişaf etdirməklə yanaşı, iqtisadi inteqrasiyanı dərinləşdirir və regionun qlobal ticarətdəki rolunu artırır. Azərbaycan və Gürcüstan Orta Dəhlizdə əsas strateji mövqedədirlər. Hər iki ölkə bu layihədə Avropa ilə Asiya arasında körpü funksiyasını yerinə yetirir. Bu körpü yalnız coğrafi baxımdan deyil, həm də mədəni, iqtisadi və siyasi baxımdan əhəmiyyətlidir. Gürcüstanda nəqliyyat infrastrukturunun genişləndirilməsi istiqamətində aparılan işlər və Azərbaycanda nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması bu dəhlizin müasirləşdirilməsinə xidmət edir.
Orta Dəhliz layihəsi Azərbaycan və Gürcüstan arasında mövcud strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Bu əməkdaşlıq, həm xalqlarımızın rifahını artırır, həm də regionun beynəlxalq arenadakı strateji mövqeyini gücləndirir. Orta Dəhliz, həm Azərbaycan, həm də Gürcüstan üçün davamlı inkişafın və qarşılıqlı faydanın simvolu olaraq qalacaq.
Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlarda, o cümlədən BMT, ATƏT, GUAM və QDİƏT çərçivəsində sıx əməkdaşlıq edirlər. Ölkələrimiz bir-birinin milli maraqlarını və ərazi bütövlüyünü dəstəkləyir, bu isə münasibətlərin möhkəmlənməsinə mühüm töhfə verir.
Azərbaycan və Gürcüstan parlamentlərarası əlaqələri inkişaf etdirmək üçün işçi qrupları vasitəsilə sıx əməkdaşlıq edirlər. Hər iki ölkənin parlament dostluq qrupları arasında mövcud olan fəal dialoq ikitərəfli münasibətlərin güclənməsində mühüm rol oynayır.
Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri iki ölkə arasındakı əlaqələrin daha da gücləndirilməsinə xidmət edir.
Azərbaycan və Gürcüstan arasında bağlanmış 123 sənəd, iki ölkə arasındakı münasibətlərin möhkəm hüquqi bazasını təşkil edir. Bu sənədlər əməkdaşlığın müxtəlif sahələrində əlaqələrin daha da inkişaf etdirilməsi üçün möhkəm zəmin yaradır.
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü, iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq əlaqələrinin nə qədər möhkəm olduğunu bir daha təsdiqlədi. Hər iki liderin Orta Dəhliz və digər mühüm layihələr haqqında müzakirələri göstərir ki, Azərbaycan və Gürcüstan regional və beynəlxalq əməkdaşlıqda həlledici rola malikdirlər.
Bu görüş, yalnız ikitərəfli əlaqələrin inkişafına deyil, həm də regionda sabitliyin və iqtisadi inteqrasiyanın gücləndirilməsinə töhfə verir. Azərbaycan və Gürcüstanın birlikdə göstərdiyi səylər, onların Avropa ilə Asiya arasında mühüm körpü rolunu daha da möhkəmləndirəcək və yeni uğurlu layihələrin əsasını qoyacaq.
İlham Əliyevin bəyanatında vurğulanan əməkdaşlıq perspektivləri, hər iki ölkənin xalqlarına və regionun inkişafına xidmət edən strateji hədəfləri əks etdirir. Şübhəsiz ki, bu görüş, Azərbaycan-Gürcüstan tərəfdaşlığının davamlı inkişafına və daha parlaq gələcəyinə doğru atılmış növbəti addım oldu.
Ziyafət Əsgərov
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini