Noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə Prezident cənab İlham Əliyev çıxışı zamanı Azərbaycan həqiqətlərinə bir daha diqqət çəkdi. Ölkə başçısı bildirdi ki, müstəqilliyinin ilk illərində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin təxminən 20 faizi Ermənistan tərəfindən işğal edilmişdi. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuşdur. Bu müddət ərzində, yəni otuz ilə yaxın aparılan danışıqlar heç bir nəticə vermədi. Çünki Ermənistanın məqsədi işğalı qoruyub saxlamaq idi. Zirvə görüşündə Prezident cənab İlham Əliyev vurğuladı ki, 2019-cu ildə Ermənistanın baş nazirinin o vaxt işğal altında olan Xankəndi şəhərində “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması danışıqlar prosesini tamamilə məhv etdi. Bu amil danışıqlar prosesinin davam etdirilməsini mümkünsüz etdi.
Ölkəmiz 44 günlük Vətən müharibəsində Ermənistanı məğlub etdi və işğala son qoydu. 2020-ci ilin noyabr ayında Azərbaycan xalqı öz tarixinin ən parlaq Qələbəsinə imza atdı. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il kağız üzərində qalmış dörd qətnaməsinin icrasını Azərbaycan özü təmin etdi. Kapitulyasiya aktı imzalamış Ermənistan məğlubiyyətdən sonra da öz öhdəliklərini yerinə yetirmədi. Belə ki, Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin 15 minə yaxın hərbi kontingenti qalmaqda idi. Məhz bu silahlı qüvvələr tərəfindən törədilmiş hərbi təxribatlar nəticəsində hərbçilərimiz həlak olmuşlar.
BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə Prezident cənab İlham Əliyev onu da xatırlatdı ki, Azərbaycan “Boz zona”ya son qoyulması məqsədilə bu il sentyabrın 19-20-də Qarabağda antiterror tədbirləri keçirildi. Cəmi bir gün ərzində 1992-ci ildə xalqımıza qarşı soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimizi tam bərpa edildi və Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoyuldu.
Ölkə başçısı Zirvə görüşündə ona diqqət çəkdi ki, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Ölkəmiz sıfırdan yeni şəhərlər və kəndlər inşa edir. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Artıq “Böyük Qayıdış” Proqramının icrasına başlanılıb. Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. Ölkə başçısı bildirdi ki, 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq.
BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə Prezident cənab İlham Əliyev çıxışı zamanı qardaşlıq dəstəyini də xüsusilə qeyd etdi. Ölkə başçısı bildirdi ki, cari ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı oldu. Qazaxıstanın hədiyyəsi - Kurmanqazı adına yaradıcılıq mərkəzi isə hazırda Füzulidə inşa edilir və gələn il açılacaq.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri