Azərbaycan Konstitusiyası – dövlətimizin  bu günü, gələcəyi üçün cox mühüm siyasi-hüquqi sənəddir

“Əminəm ki, Azərbaycanın ilk demokratik konstitusiyası xalqımızın demokratiya, milli dövlətçilik yolu ilə getməsini təmin edəcək və gələcək nəsillərə sivilizasiyalı, yüksək səviyyəli, dünya demokratiyasında özünə məxsus yer tutan müstəqil Azərbaycan dövləti miras qoyacağıq”.

Ümummilli Lider Heydər Əliyev

Vaxtı ilə deyilən bu sözlər hazırda öz həqiqiliyini təsdiq edir. Artıq dünyada Azərbaycanın  milli maraq və dəyərlərə , beynəlxalq hüququn norma və prinsiplərinə sadiq, müasir, demokratik,  müstəqil və güclü  dövlət olduğunu qəbul edirlər. 30 il əvvəl, 1995-ci il noyabrın 12-də ilk dəfə olaraq müstəqil Azərbaycan Respublikasının Əsas Qanunu olan Konstitusiya hazırlanaraq ümumxalq səsverməsi - referendum yolu ilə qəbul edildi. 5 il əvvəl isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq ərazi bütövlüyünü və suveren hüquqlarını bərpa etdi. “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir. Müstəqilliyimiz elə çətin və mürəkkəb bir vəziyyətdə bərpa olunmuşdur ki,  biz bu tarixi hadisənin sevincini yaşaya bilmədik. Azərbaycan dünyanın siyasi xəritəsindən  silinmək təhlükəsi ilə üz üzə qalmışdı. Xalqın tələbi ilə yenidən hakimiyyətə gələn Ümummilli Lider Azərbaycandakı vəziyyəti, onun mürəkkəbliyini və çətinliyini çox gözəl dərk edirdi. O, çox yaxşı anlayırdı ki, öz həyatını, ailəsinin həyatını böyük təhlükəyə atır, lakin buna baxmayaraq, bu böyük dahi insan şərəfli  tarixi missiyanı öz üzərinə götürdü. O, Azərbaycanı vətəndaş müharibəsindən, daxili separatizmdən, iqtisadi və siyasi böhrandan xilas etdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir.  Onun başladığı siyasəti Prezident, Ali Baş Komandan İlham Əliyev  çox böyük əzmlə, qətiyyətli  siyasi iradə göstərərək davan edərək ölkəmizin beynəlxalq  nüfuzunu artırdı.  Azərbaycan XXI əsrdə öz ərazi bütövlüyünü və suveren hüquqlarını təmin edən dövlət olaraq tarixə düşdü.   

 Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi müstəqillik tariximizin ən vacib hadisələrindən biri olmaqla, eyni zamanda, dövlətçiliyimizin möhkəmləndirilməsi, o cümlədən, ölkəmizin dünya birliyində nüfuzunun daha da artması baxımından əhəmiyyətli ictimai-siyasi hadisə idi.  Dahi şəxsiyyət Heydər Əliyevin tarixi xidmətlərindən biri də ilk Konstitusiyanın hazırlanması idi. Ulu Öndər  deyirdi ki: “Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik. Haqqım var, deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd-siyasi, hüquqi sənəd yaratmışıq”. Məlumdur ki,  Konstitusiya dövlət hakimiyyətinin təşkilinin əsas prinsiplərini, insan və vətəndaş hüquq və azadlıqlarını, hakimiyyətlərin bölgüsü və digər demokratik dəyərləri özündə ehtiva edərək, həmçinin olduqca mühüm ideoloji funksiyanı yerinə yetirir. Bu baxımdan 1991-ci ildə ölkəmizdə dövlət müstəqilliyi bərpa edildikdən sonra hüquqi dövlət quruculuğu üçün  mühüm  amillərdən biri   demokratik dəyərlərə əsaslanan yeni Konstitusiyanın qəbul edilməsi idi. Lakin məlum olduğu kimi, müstəqilliyin ilk illərində ölkədə mövcud olan siyasi qeyri-sabitlik, xaos və vahid siyasi iradənin mövcud olmaması bu mürəkkəb və məsuliyyətli vəzifənin reallaşdırılmasını qeyri-mümkün etmişdi. Məhz belə çətin tarixi dövrdə xalqın təkidli istəyi və tələbi ilə hakimiyyətə qayıdışından sonra Ümummilli Lider Heydər Əliyev öz müdrik siyasəti və tarixi uzaqgörənliyi ilə insanları milli dövlətçilik ideyası ətrafında birləşdirməyə nail oldu. Bununla da, dövlət və cəmiyyət həyatının bir çox sahələrini əhatə edən genişmiqyaslı islahatlar həyata keçirilməyə başlandı. O zamanlar ölkədə mövcud olan qanunvericilik sistemi hüquqi və demokratik dövlət ideyasının tələblərinə, qanunun aliliyinin təmin olunmasına uyğun olmamaqla, insan hüquq və azadlıqlarının müdafiəsinə kifayət qədər təminat vermirdi. Bu səbəbdən də ilk öncə qanunvericilik sahəsində köklü islahatların aparılması artıq bir zərurətə çevrilmişdir. Əlbəttə ki, bu islahatları ölkənin Əsas Qanununu qəbul etmədən reallaşdırmaq qeyri-mümkün idi. Məhz bu səbəbdən qarşıda duran ən vacib məsələlərdən biri məhz yeni Konstitusiya layihəsinin hazırlanması idi.

Beləliklə, Milli Məclisin 1995-ci il 2 may tarixli qərarı ilə Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın tərkibi təsdiq olundu. Ulu Öndər Heydər Əliyev Konstitusiya layihəsini hazırlayan Komissiyanın fəaliyyət göstərdiyi zaman Əsas Qanunun layihəsinə dair öz dəyərli fikirlərini bildirib və tövsiyələrini verib, hər bir müddəanı şəxsən nəzərdən keçirərək onun qəbul olunmasını təmin etmək üçün böyük əmək sərf etmişdir. Beləliklə, yeni Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddə, preambula və keçid müddəalarından ibarət olmaqla 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilib, 1995-ci il noyabrın 27-dən isə qüvvəyə minib.

Qeyd etmək lazımdır ki, Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının, ölkə vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olaraq müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu müddəa birbaşa onun göstəricisidir ki, insan amili, onun hüquq və azadlıqları ölkə Konstitusiyasının əsas diqqət mərkəzində dayanır. Azərbaycan Respublikasının Konstitusiyasında ailənin mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqları xüsusi maddələrlə müəyyən edilmişdir. Dövlətimizin əsas sənədində  ümumbəşəri dəyərlərlə milli dəyərlər harmoniya şəklində  təqdim olunur. Yəni, biz qanun aliliyi prinsipinə və milli adət-ənənələrimizə  eyni münasibət bəsləyirik. Bu sənədin müddəaları əsas tutulmaqla  2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması ilə ailə üzvlərinin digər hüquq və vəzifələri təsbit olunmuşdur. Həmin Məcəllənin 29-cu maddəsində  qeyd olunur ki,  Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar. "Ailə bizim cəmiyyətimizin əsas sütunudur" – Möhtərəm Prezident cənab İlham Əliyevin bu fikirləri Azərbaycan ailə institutunun nə qədər önəmli olduğunu bir daha vurğulayır. Ailə yalnız bioloji bağlarla deyil, mənəvi dəyərlərlə, sevgi, qayğı və qarşılıqlı anlayışla formalaşan bir sistemdir. Xüsusilə uşaqların və gənclərin düzgün yetişməsində valideynlərin rolu əvəzolunmazdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeddinci çağırış Milli Məclisin ilk iclasında ailə dəyərlərinin qorunması və tərbiyənin əhəmiyyəti ilə bağlı səsləndirdiyi fikirlər dövlətimizin ailə siyasətinin prioritet istiqamətlərini bir daha təsdiqləyir.  Ailə cəmiyyətin təməl daşı, milli kimliyimizin və mənəvi dəyərlərimizin daşıyıcısıdır. Uşaqların sağlam ruhda böyüməsi, milli-mənəvi dəyərlərə sadiq vətəndaş kimi yetişməsi üçün ailədə və məktəbdə aldıqları tərbiyə həlledici rol oynayır. Bununla yanaşı, cəmiyyətin ümumi mənəvi mühiti də bu prosesə birbaşa təsir göstərir. Dövlət başçımızın da qeyd etdiyi kimi, bu məsələ daim diqqət mərkəzində saxlanmalı və müvafiq qurumlar üzərilərinə düşən məsuliyyəti dərk etməlidirlər. Azərbaycan Respublikasının ali hüquqi sənədi olan Konstitusiyaya əsasən, dövlət hər bir insanın irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyası qadın və kişilərin bərabər hüquqlarını, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnu təmin edir. Məhz Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu olması təsdiq edilib və qeyd edilib ki, ölkədə kişi ilə qadının eyni hüquq və azadlıqları vardır. Bununla da, demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının hüquqi bazası yaradılıb. Nikah yaşının  tənzimlənməsi və nikaha məcbur etmə ilə bağlı Ailə və Cinayət Məcəlləsinə edilən əlavə və dəyişikliklər, həmçinin, nikahdan öncə tərəflərin tibbi müayinədən  keçməsinin məcburi olması, erkən nikah hallarının və qohum evliliklərinin qarşısının alınması, bununla bağlı sanksiyaların tətbiq olunması, Himayədar ailə institutunun hüquqi bazasının yaradılması,  Gender bərabərliyinin təminatları, Məişət zorakılığının qarşısının alınması,  Uşaqların zərərli informasiyadan qorunmasına dair qanunların qəbul edilməsi ailə institutunun müdafiəsi sahəsində mühüm uğurlar hesab olunur. Qeyd etməliyəm ki, ailələrimizin sağlam mühitinin təşkili və bütövlüyü, hər bir şəxsin hüququnun qorunması üçün qanunvericilik bazamız davamlı olaraq təkmilləşdirilir. Eyni zamanda, Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahədə çox saylı layihələrini misal göstərmək olar. Bir məsələni də unutmaq olmaz ki, Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu daha bir stereotipi qırdı.  Fərqli uşaqlar- daun sindromlu, Autizm spektr pozuntulu  və digər xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün mərkəzlər, xüsusi  və qarışıq tipli mərkəzlər açdı. Uzun illər idi ki, belə uşaqlar cəmiyyətdən təcrid olunmuşdu. Ancaq Mehriban xanımın sayəsində  həmin uşaqlar inkişaf edir, bacarıqlar əldə edir, təhsil alır, əylənir- bir sözlə cəmiyyətə inteqrasiya edir. Bu, onların valideynləri və ailələri üçün inanılmazdır.   

Əlbəttə ki, ölkədə hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət dəyişdikcə, eyni zamanda ictimai münasibətlər inkişaf etdikcə Konstitusiyanın da müəyyən müddəalarının təkmilləşdirilməsi, müvafiq əlavələrin və dəyişikliklərin edilməsi zərurəti meydana çıxır. Məhz belə zərurətdən irəli gələrək 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlar nəticəsində Əsas Qanuna bir sıra mühüm əlavələr və dəyişikliklər edilib. Müasir çağırışları və yenilikləri özündə ehtiva edən Konstitusiya islahatları demokratik dəyərlərin bərqərar olması, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, ölkəmizdə gedən demokratikləşmə proseslərinin daha da dərinləşməsi kimi məqsədlərə xidmət edir.   Xüsusi ilə vurğulamaq lazımdır ki,  bu islahatlar ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində də öz müsbət nəticələrini vermişdir.    

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi vaxtdan bu günədək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Onun xarici siyasəti nəticəsində Azərbaycan regionun ən güclü və suveren dövlətinə, eləcə də yüksək beynəlxalq nüfuza malik olan ölkəyə çevrilib. 30 ilə yaxın davam edən erməni işğalına son qoyulub, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad olunub.  Bu gün xalqımız Ümummilli Liderin siyasi varisi – yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını dərindən bilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir.   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə ölkəmizi, mədəniyyətimizi, tariximizi, mədəni irsimizi yüksək səviyyədə beynəlxalq aləmdə təbliğ edir.  Biz inanırıq ki, Prezident İlham Əliyev dövlətimiz qarşısında taleyüklü məsələləri xalqımızın dəstəyi ilə başa çatdıracaq, Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçilik irsini öz quruculuq fəaliyyəti ilə daha da zənginləşdirəcəkdir.

 Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,
 professor Hicran Hüseynova