Azərbaycan mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir

“1990-cı ilin 20 Yanvar hadisələrindən 35 il keçir. Bu faciə müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olundu. Belə ki, 1990-cı ilin 20 yanvarında xalqımız öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Bu, totalitar sovet rejiminin cinayətkar mahiyyətini bir daha dünyaya nümayiş etdirdi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. 20 Yanvar faciəsi öncədən hazırlanmış cinayət idi”. Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, 1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başladı: “Davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət törətdi. Ermənistanın ölkəmizə qarşı ərazi iddialarına, erməni millətçiləri tərəfindən qızışdırılan separatizmə və soydaşlarımız əleyhinə törədilən kütləvi zorakılıqlara Sovet rəhbərliyinin bilavasitə və ya dolayısı ilə dəstək verməsi, həmçinin Azərbaycanın o zamankı rəhbərlərinin qətiyyətsizliyi, milli maraqlara zidd addımları xalqımızı respublikanın ərazi bütövlüyünün qorunması naminə ayağa qalxmağa sövq etdi”.

Malik Həsənov vurğulayıb ki, Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini hiddətlə ucaldaraq imperiya buxovlarından birdəfəlik xilas olmağa  can atmasından təşvişə düşən Sovet rəhbərliyi həqiqətdə  sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən müdhiş cinayətə əl atdı: “Həyata keçirilmiş hərbi təcavüz nəticəsində ümumilikdə respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Bu vəhşiliyin miqyasını görmək üçün təkcə bir fakta diqqət yetirmək kifayətdir. Belə ki, fövqəladə vəziyyətin tətbiqi elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdı. Xalqımızın başına gətirilən həmin amansız müsibətin bu gün on minlərlə canlı şahidi var”.

Millət vəkili bildirib ki, imperiya qoşunlarının Azərbaycanda törətdiyi hərbi cinayətin dəhşətli nəticələrini, eyni zamanda, xalqın yenilməzliyini əks etdirən sübutlardan biri də fotoşəkillərdir: “Qanlı Bakı gecəsinin, günahsız insanların küçələrə səpələnmiş cəsədlərinin, şəhidlərin dəfnində yaşanan izdihamın  əks olunduğu fotolara baxdıqca həmin günlər bir daha göz önündə canlanır. 20 Yanvar Azərbaycan tarixinə faciə və qəhrəmanlığın eyni vaxtda yaşandığı gün kimi yazılıb. Zaman hadisələrin düzgün təhlilində, mahiyyətinin daha dərindən dərk edilməsində öz sözünü deyir. 20 Yanvar faciəsindən ötən 35 il bu hadisənin tariximizdə tutduğu yerin daha dərindən təhlilinə, beynəlxalq ictimaiyyətə çatdırılmasına geniş imkanlar açır”.

Malik Həsənov  qeyd edib  ki, 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapdı: “Faciənin ertəsi günü,  yanvarın 21-də Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və ozamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi. O, faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Bu tarixi çıxışın mətni Kremlin kəskin informasiya blokadası siyasətinə baxmayaraq, bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş əks-səda doğurdu. Azərbaycan xalqının qəlbində ümid çırağı yandı”.

Millət vəkili vurğulayıb ki, şəhidlərimizin ruhu şaddır. Otuz beş il  əvvəl başlanan çətin, məşəqqətli və şərəfli yol xalqımızı 1991-ci il oktyabrın 18-də yenidən dövlət müstəqilliyinə qovuşdurdu: “Müstəqilliyimizin bərpasının ilk illəri faciələrlə, çətinliklərlə dolu bir dövr kimi xarakterizə edilsə də, xalqımız 1993-cü ildən sevincli, xoşbəxt günlərini yaşamağa başladı. Həmin il xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın həyatında yeni dövrün başlanğıcı oldu. Öz xilaskarlıq missiyasını qətiyyətlə yerinə yetirən Ümummilli Lider Azərbaycanın  müstəqilliyini daimi və dönməz etdi. Ölkəmiz inkişaf, tərəqqi yoluna çıxdı. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il martın 29-da 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə siyasi-hüquqi qiymət verildi.  Milli Məclisin qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Həmçinin, şəhidlərin xatirəsi əbədiləşdirildi, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi. Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edildi”.

Malik Həsənov bildirib ki, son 21 ildə  Heydər Əliyev siyasətini  uğurla davam etdirən Prezident İlham Əliyev müasir müstəqil Azərbaycanı dünyaya qalib, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən ölkə kimi təqdim etdi: “2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qarabağ Zəfəri, eləcə də 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində suverenliyimizin  tam bərpa olunması xalqımızın yenilməzliyini, məğrurluğunu dünyaya nümayiş etdirdi.  Xalqımız 20 Yanvar faciəsinin 35-cü ildönümünü  qürur hissi və başucalığı ilə qeyd edir. Bu gün Azərbaycan Bayrağı azad edilmiş bütün torpaqlarımızda dalğalanır. Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Soydaşlarımız dogma yurd-yuvalarına qayıdırlar. Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərir. Azərbaycan  mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”.