Azərbaycan naminə səmərəli fəaliyyət arzulayıram

Hər bayramın öz mahiyyəti var.

Tolerant dövlətlərdə beynəlxalq bayramlar da milli bayramlar kimi coşqu ilə qeyd edilir. Bu, xalqın ruhunun dünyəviliklə səsləşməsinin nəticəsidir.

Xalqımız min illərlə yeni ili Novruzda qeyd edib, yeni ili Novruzla qarşılayıb. Sonralar dekabrın 31-i də bayramlar sırasına qarışıb. Eləcə də 8 Mart Beynəlxalq Qadınlar Günü...

Azərbaycanda gender bərabərliyi özünü bütün çalarları ilə təsdiqləyib.

8 Mart Beynəlxalq Qadınlar Bayramı cəmiyyətimizdə olduqca duyğusallıqla, könül bayramı kimi qarşılanır. Azərbaycanda qadınlar yüksək dövlət vəzifələrində çalışır, yüksək elmi dərəcələrə malik olan azərbaycanlı qadınlar dünya elm müstəvisində kifayət qədər ehtiramla tanınır. Günümüzün siyasətçi qa­dınları Şərqin ilk diplomat qadını Sara Xatunun - Uzun Həsənin anasının varisləridir. Neçə-neçə yazıçı qadın, şair qadın, rəssam qadın, bəstəkar qadın dünyanın onlarla dövlətində kifayət qədər yaxşı tanınır, sevilir.

Ermənistan Azərbaycana qarşı elan etmədən müahribəyə başlayanda yüzlərlə qadın da döyüşlərə qatıldı. Birinci Qarabağ müharibəsində də, İkinci Qarabağ müharibəsində də.

Azərbaycanlı analar Vətən müharibəsini Zəfərlə tamamlayan oğullar böyütdülər...

Mən Azərbaycanda yaşayan, Azərbaycan üçün yaşayan bütün qadınları, Azərbaycandan kənarda yaşayan, ruhu Azərbaycana bağlı olan bütün qadınları 8 mart Beynəlxalq Qadınlar Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Onlara can sağlığı. uzun ömür, Azərbaycan naminə səmərəli fəaliyyət arzulayıram...


Səbinə XASAYEVA,

Milli Məclisin deputatı