Azərbaycan neft-qaz sahəsindəki liderliyini indi də yaşıl enerji sektorunda davam etdirir - MÜSAHİBƏ

Bərpa olunan enerji siyasətimiz yalnız daxili istehlakın yaşıllaşdırılmasını deyil, həm də Avropaya yaşıl enerji ixracını hədəfləyir.

Dünyada baş verən iqlim dəyişikliyi fonunda yaranmış ekoloji problemlər yeni enerji mənbələrinin axtarışını və ondan istifadəni zəruri edib. Azərbaycan coğrafi baxımdan zəngin resurslara malik olduğundan burada əlverişli “yaşıl enerji” potensialı mövcuddur və ondan səmərəli şəkildə istifadə edilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti aparılır. Ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt təşkil edir. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən külək enerjisi 3 min MVt, günəş enerjisi 23 min MVt, bioenerji potensialı 380 MVtdır. Dağ çaylarının potensialı 520 MVt həcmində dəyərləndirilir. 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovun İqtisadiyyat.az-a müsahibəsi

- Sadiq müəllim, Azərbaycanın yaşıl enerji siyasətinin məqsədi və əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

- Azərbaycanın yaşıl enerji siyasəti, yalnız iqtisadi və ekoloji aspektləri ilə deyil, həm də siyasi və strateji baxımdan böyük əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən strategiyası və müdrik rəhbərliyi ilə bu sahədə görülən işlər ölkənin enerji resurslarının şaxələndirilməsi ilə enerji təhlükəsizliyinin daha da artırılması, xarici investisiyaların cəlbi ilə qeyri-neft sektorunun inkişafı, sahə üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və ölkəmizin strateji mövqeyinin möhkəmləndirilməsinə hesablanıb. Tarix boyu enerji ölkəsi kimi tanınan Azərbaycan, qlobal enerji mənzərəsində baş verən dəyişikliklərə uyğunlaşaraq öz mövqeyini daha da gücləndirir. Ölkəmiz, neft və qaz sahəsindəki liderliyini indi də regionda yaşıl enerjiyə keçidin öncüsü olmaqla davam etdirir.

2030-cu ilədək ölkəmizin sosial-iqtisadi inkişafına dair milli prioritetləri sırasında yaşıl enerji xüsusi yer tutur. Mövcud strateji sənədlər Azərbaycanın bərpa olunan enerji sahəsində qlobal inteqrasiya və regional liderlik istiqamətində atacağı addımları müəyyən edir. Bərpa olunan enerji siyasətimiz yalnız daxili istehlakın yaşıllaşdırılmasını deyil, həm də Avropaya yaşıl enerji ixracını hədəfləyir. Bu məqsədə çatmaq üçün Azərbaycanda zəngin külək və günəş potensialı, yaşıl enerji istehsalına və dünya bazarlarına çıxarılmasına yönəlmiş dövlət strategiyası, müasir qanunvericilik bazası və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq kimi bütün komponentlər mövcuddur.

- Yeri gəlmişkən, əhalinin elektrik enerjisinə olan tələbatının bərpa olunan enerji hesabına tam və ya qismən təmin edilməsi nə dərəcədə mümkündür?

- Azərbaycanın bərpa olunan enerji sektorunda əldə etdiyi nailiyyətlər və gələcək planlar bu sahənin əhalinin elektrik enerjisinə olan tələbatının təmin edilməsində payının əhəmiyyətli dərəcədə artacağını deməyə imkan verir. 2023-cü ildə bərpa olunan enerji mənbələri ümumi istehsalın 7,2%-ni təşkil etdiyi halda 2024-cü ildə bu göstərici 13,9%-ə yüksəlmişdir, yəni bir il ərzində istehsalda 84,3% artım müşahidə olunmuşdur. Beləliklə, bu sektorun potensialı nəzərə alınaraq, artım dinamikasının davamlılığı təmin edilməklə, yaxın illərdə daha böyük həcmdə tələbat qarşılanması mümkündür.

2024-cü ildə enerjisistemin ümumi qoyuluş gücü 8 415,6 MVt-a çatmışdır ki, bunun 21,3%-i bərpa olunan enerji mənbələrinin payına düşür. Bu, ölkədə yaşıl enerji potensialının müəyyən hissəsinin reallaşdırıldığını göstərir. 2027-ci ilə qədər təxminən 2,8 milyard ABŞ dolları dəyərində xarici və yerli investisiya hesabına ümumi gücü 2 QVt olan sənaye əhəmiyyətli 8 günəş və külək elektrik stansiyasının tikilməsi və şəbəkəyə qoşulması planlaşdırılır. Təkcə ötən il ümumi gücü 1240 MVt olan 3 günəş və 1 külək elektrik stansiyasının təməli qoyulub.

Əlavə olaraq, aktiv istehlakçıların dəstəklənməsi mexanizmi və fərdi investisiyalar bu sahənin inkişafını daha da sürətləndirəcək. Hazırda aktiv istehlakçılar evlərində, müəssisələrində günəş panelləri, kiçik tipli külək turbinləri və ya digər bərpa olunan enerji əsaslı qurğular quraşdıraraq elektrik enerjisi istehsal edə bilir, istehsal edilən elektrik enerjisinin artıq qalan hissəsini isə elektrik təchizatı şəbəkəsinə ötürə və ehtiyac yarandığı təqdirdə elektrik enerjisini şəbəkədən ala bilirlər.

- Hər kəs öz evinin damında, həyətyani sahəsində günəş panelləri quraşdırıb istifadə edə bilərmi?

- Azərbaycanda hər kəs öz evinin damında və ya həyətyanı sahəsində günəş panelləri quraşdırıb istifadə edə bilər. Bu imkan “Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydaları” çərçivəsində təmin edilir. Qaydalara əsasən, aktiv istehlakçılar günəş panelləri, kiçik külək turbinləri və digər bərpa olunan enerji qurğularını quraşdıraraq maksimum 150 kVt gücə qədər elektrik enerjisi istehsal edə bilərlər.

Aktiv istehlakçılar artıq qalan yaşıl enerjini elektrik təchizatı şəbəkəsinə ötürməklə həm enerji xərclərini azaldır, həm də şəbəkəyə enerji sataraq əlavə gəlir əldə edirlər. Ay ərzində istehlakdan artıq qalan elektrik enerjisi şəbəkəyə ötürülür və ilin sonuna qədər balans şəklində toplanır. Əgər ilin sonunda balans müsbət qalırsa, qalıq elektrik enerjisinin dəyəri istehlakçının bank hesabına ödənir. Şəbəkəyə ötürülən və şəbəkədən alınan elektrik enerjisini dəqiq ölçmək üçün müasir ikitərəfli sayğaclar quraşdırılır.

- Amma əhali bir çox hallarda enerji sektorunda qanunvericilikdən məlumatsızdır. Qanunvericilik əhaliyə günəş panelləri quraşdıraraq öz elektrik enerjisinə olan tələbatını ödəmək, hətta onu dövlətə satmaq imkanı versə də, əksəriyyət bundan istifadə etmir. Sizcə bunun səbəbi nədir? Günəş panelləri əhali üçün faydalı ola bilərmi, yəni hazırda elektik enerjisinə çəkdikləri xərcdən daha ucuz başa gələ bilər?

- Heç kim günəş panellərindən istifadə etmir demək bir qədər reallığı əks etdirmir. Ölkəmizdə həm fərdi şəxslər, həm sahibkarlar, həm də dövlət müəssisələri arasında günəş enerjisindən istifadə edənlər var. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bu texnologiya uğurla tətbiq edilir və sakinlər üçün elektrik enerjisinə olan xərcləri əhəmiyyətli dərəcədə azaldır. Başqa bölgələrimizdə də günəş panellərinin istifadəsi sürətlə artacaqdır.

Artıq bazarda günəş panellərinin satışını, quraşdırılmasını və texniki xidmət göstərilməsini təklif edən özəl şirkətlər də mövcuddur. Bu şirkətlərə müraciət etdiyiniz halda onlar sizin enerji ehtiyaclarınıza uyğun həll yolları təklif edirlər. Günəş panellərinin əhali üçün faydalı olub-olmaması məsələsinə gəldikdə, birmənalı şəkildə qeyd edilməlidir ki, faydalıdır. Lakin bu, hər bir fərdi hal üçün faydalar ayrıca hesablanmalıdır. Günəş panellərinin fəaliyyət dövrü təxminən 25 ildir ki, bu da uzunmüddətli investisiya deməkdir. Panellərin ilkin qiyməti istehsalçı və modeldən asılı olaraq dəyişir. Buna görə də bazardakı mövcud qiymətlər araşdırılaraq, bu investisiyanın enerji xərclərini necə optimallaşdıracağını hesablamaq lazımdır.

Eyni zamanda, müvafiq sahədə məlumatlandırma işləri mütəmadi olaraq həyata keçirilir. Həm televiziya kanallarında yayımlanan müsahibələr, həm də sosial media platformalarında yayılan postlar, videolar bu istiqamətdə maarifləndirməyə xidmət edir. Media nümayəndələrinin isə bərpa olunan enerji istifadəsinin üstünlüklərini təşviq edən faliyyəti ilə bu prosesdə rolu əvəzsizdir.

- Ümumiyyətlə, Azərbaycanın bərpa olunan enerji potensialı ölkənin enerjiyə olan tələbatını tam qarşılamaq gücünə malikdir?

- Azərbaycan coğrafi mövqeyi və təbii resursları baxımından bərpa olunan enerji mənbələri ilə zəngindir. Günəş, külək, su və bioenerji kimi təbii mənbələr ölkəmizin enerji tələbatının nəzəri olaraq tam qarşılaması gücünə malikdir. Belə ki, hazırda enerjisistemin ümumi qoyuluş gücü 8.5 QVt-dan az olduğu halda, təkcə quruda bərpa olunan enerji potensialı 27 QVt-dan çox qiymətləndirilir. Azərbaycanın günəş enerjisi potensialı 23 QVt-dır və xüsusilə cənub bölgələrində və Naxçıvanda günəşli günlərin sayı, həmçinin səthə düşən radiasiyanın miqdarı yüksəkdir ki, bu da günəş enerjisi istehsalını rentabelli edir. Külək enerjisinin potensialı təxminən 3 QVt-dır. Xəzər dənizi sahilləri külək enerjisi istehsalı üçün əlverişli şəraitə malikdir.

Bununla belə, hazırda dünyanın heç bir yerində 100% bərpa olunan enerjiyə keçid təcrübəsi yoxdur. Çünki, günəş və külək enerjisinin təbii şəraitdən asılılığı və fasilələrlə fəaliyyət göstərməsi, enerji saxlanc texnologiyalarının çatışmazlığı və kifayət qədər inkişaf etmiş olmaması, şəbəkənin uyğunlaşdırılması və rezerv mənbələrə ehtiyac kimi problemlər bunu çətinləşdirir. Bu çağırışlara qarşı texnika və texnologiyalar inkişaf etdirilir, ağıllı enerji idarəetmə sistemləri tətbiq edilir. Uzunmüddətli perspektivdə bu səylər 100% bərpa olunan enerji hədəfinə yaxınlaşmağa mühüm töhfə verə bilər.

- Sadiq müəllim, işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji sektorunun inkişafı haqqında nə deyə bilərsiniz?

- Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının coğrafi mövqeyi, zəngin su resursları, günəş və külək enerjisi potensialı yaşıl enerji sektorunun inkişafı üçün unikal imkanlar təqdim edir. Ölkə başçısının işğaldan azad edilmiş ərazilərin inkişafına dair qəbul etdiyi strateji qərarla bu ərazilərin Yaşıl Enerji Zonası Konsepsiyası əsasında yenidən qurulması Azərbaycanın modern enerji siyasətinin həyata keçirilməsində önəmli mərhələdir və beynəlxalq miqyasda nümunəvi bir model təqdim edir.

Bu ərazilərdə bərpa olunan enerji mənbələrinin genişmiqyaslı tətbiqi artıq öz bəhrəsini verir. İstismara verilmiş 32 su elektrik stansiyasının ümumi gücü 270 MVt təşkil edir ki, bu da regionun elektrik tələbatını 100% ödəyir. Tələbatdan artıq enerji isə ölkə enerjisisteminə ötürülür. Eyni zamanda, nəzərə almaq lazımdır ki, ötən ilin mayında Cəbrayıl rayonu ərazisində, Araz cayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının açılış olub və ümumilikdə 140 MVt gücündə iki su elektrik stansiyasının istismara verilməsi planlaşdırılır.

Günəş enerjisindən istifadə sahəsində də əhəmiyyətli irəliləyişlər əldə edilib. Ümumi gücü 3000 kVt-dan çox olan günəş panelləri artıq 550-dən çox fərdi yaşayış evində və ictimai binalarda quraşdırılıb. Laçın rayonunun Zabux və Sus kəndlərində evlər və ictimai binalar damüstü günəş panelləri ilə təchiz edilib. Laçın şəhərində 24 fərdi evin hər birində 3-5 kVt gücündə damüstü panellər fəaliyyət göstərir. Bu texnologiyalar ətraf mühiti qorumaqla yanaşı, əhali üçün elektrik enerjisinə olan xərcləri əhəmiyyətli dərəcədə azaldır. COP29 çərçivəsində təməli qoyulan 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası da Cəbrayıl rayonunda reallaşdırılır. Bu stansiya dünyanın ən böyük neft-qaz terminallarından biri olan Səngəçalı yaşıl enerji ilə təmin edəcək.

2050-ci ilə karbon emissiyalarının 40% azaldılması məqsədini hədəfləyən Azərbaycanın bu ərazilərdə xalis sıfır emissiyalı enerji zonası yaratmaq səyləri ölkənin enerji keçidi və ekoloji siyasətinin əsas prioritetlərini əks etdirir. Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji sektorunun inkişafı Azərbaycanın dayanıqlı inkişafına töhfə verir və ölkəmizin regional yaşıl enerji mərkəzi kimi mövqeyini gücləndirir.

- Bəs Azərbaycanda yaşıl enerji sektorunun inkişafı istiqamətində qanunvericilik bazasını hazırda qənaətbəxş hesab etmək olarmı?

- Azərbaycanda yaşıl enerji sektorunun inkişafı istiqamətində mövcud qanunvericilik bazası kifayət qədər əhatəli və müasir tələblərə uyğun hesab edilə bilər. Ölkəmizdə bərpa olunan enerji mənbələrinin inkişafını, enerji səmərəliliyini və ekoloji dayanıqlılığı təşviq edən genişmiqyaslı qanunvericilik və strateji sənədlər qəbul edilib.

"Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanunu və bu qanun əsasında qəbul edilmiş digər normativ sənədlər sahənin hüquqi tənzimlənməsini dəqiq müəyyənləşdirir. Bu sənədlər əsasında hazırda bərpa olunan enerji layihələrinin reallaşdırılmasına özəl investisiyalar cəlb edilir, bərpa olunan enerji hərracı keçirilir, həmçinin aktiv istehlakçıların dəstəklənməsi mexanizmi həyata keçirilir. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanunu ilə yanaşı, məcburi enerji auditi, enerji menecmenti sistemləri və ekoloji dizayn tələbləri üzrə normativ aktlar enerji səmərəliliyinə yönəlmiş tədbirlərin hüquqi əsasını təşkil edir.

Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər, 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası, İşğaldan azad edilmiş ərazilərdə yaşıl enerji zonalarının yaradılması üzrə Tədbirlər Planı, İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı və Naxçıvanın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı müvafiq sahədə məqsəd və hədəfləri müəyyənləşdirir.

- Sadiq müəllim, bir qədər də ekologiya sahəsində mövcud olan problemlərdən danışaq. Hansı ki, bu problemlərdən biri də insanların laqeyidliyidir. Qanunlar qəbul olunsa da, bəzən insanlar tərəfindən əməl olunmur. Misal üçün siqaret kötüyünün yerə atılması, ətraf mühitin zibillənməsi və s. bununla bağlı qanunlar var və cərimələr mövcuddur. Lakin buna nəzarət mexanizmi tam tətbiq edilmədiyi üçün nöqsanlar hələ də mövcuddur. Sizcə bu istiqamətdə hansı tədbirlər görülməlidir?

- Ətraf mühitin mühafizəsi dövlət nəzarəti, ətraf mühitin mühafizəsi sahəsində normativ hüquqi aktların pozulmasına görə məsuliyyət, habelə ətraf mühitə zərər vurulmasının qarşısının alınması və vurulan zərərin qiymətləndirilməsi prinsiplərinə əsaslanır. Konstitusiyamızda, eləcə də digər aidiyyəti qanunvericilik sənədlərində ekoloji məsuliyyəti müəyyənləşdirən ətraf mühitlə bağlı normalar müəyyən edilmişdir. Ekoloji məsuliyyətin əsasında ekoloji hüquqpozmalar durur. Bu məsuliyyət hər hansı bir hüquq normasının pozulması nəticəsində meydana çıxır və ictimai həyatımızın bütün sahələrində özünü biruzə verir.

Ekoloji hüquqpozmalar xüsusi ilə meşə və qeyri-meşə fondu torpaqlarında, yaşayış məntəqələrində yaşıllıqların məhv edilməsi, yanğın təhlükəsizlik qaydalarına əməl edilməməsi, tullantıların düzgün idarə olunmaması, təbii sərvətlərin istismarı zamanı təbiətə və insanların sağlamlığına təhlükə yaradan fəaliyyətlərə yol verilməsi, su obyektlərinin çirkləndirilməsi, su təsərrüfatı sahəsində nəzarətdənkənar qoşulmaların olması və s. sahələrdə daha xarakterik müşahidə edilir.

Ekoloji hüquqpozmaların qarşısının alınması məqsədilə ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilmiş ciddi nəzarət tədbirləri, hüquq mühafizə orqanları tərəfindən qanun pozucuları barəsində tətbiq edilən sərt cəzalar, eyni zamanda davamlı olaraq birgə aparılan maarifləndirmə və təbliğat işləri nəticəsində əvvəlki illərlə müqayisədə son dövrlərdə ekoloji cinayətlərin baş verməsi ilə bağlı faktların sayında azalmalar müşahidə edilir.

Ekoloji münasibətləri tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi, təbiətə vurulmuş ziyanın ödənilməsi və nəticələrinin aradan qaldırılması, ekoloji hüquqpozmalarla bağlı mütəmadi olaraq kütləvi informasiya vasitələrində maarifləndirmə işlərinin təşkil edilməsi və s. sahələrdə qarşılıqlı fəaliyyətin daha effektiv metodlardan istifadə etməklə gücləndirilməsi məqsədəuyğun hesab edilir.

Bu yaxınlarda qanunvericiliyə edilmiş dəyişikliyə əsasən məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə cərimələrin miqdarı artırılmışdır. Bu cərimələrin müəyyənləşməsində əsas hədəf və məqsəd insanları bu cür əməllərdən çəkindirməkdir. Yəni, insanlar çalışmalıdırlar ki, bu cür əməllərdən uzaq olsunlar. Təcrübə onu göstərir ki, cərimələr aşağı olanda insanlar daha rahat şəkildə davranırlar. Bu cərimələrin artırılmasında məqsəd həmin o inzibati pozulmaların qarşısının alınması, yəni ətraf mühitə atılan tullantıların miqdarının azaldılması olmuşdur. Eyni zamanda aidiyyəti qurumların da üzərinə vəzifələr düşür. Onlar da yeni təklifə əsasən məişət tullantılarını vaxtında xüsusi ayrılmış ərazilərə daşınmamasına görə məsuliyyət daşımış olacaqlar. Bununla yanaşı, ekoloji mədəniyyət də yüksəldilməli, ictimai qınaq artırılmalıdır.

Bu gün müasir dünya daha operativ və novator yanaşma tələb edir. Ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun genişləndiyi dövrdə cəmiyyətimizdə gedən proseslərin reallığı əks etdirəcək şəkildə qiymətləndirilməsi, ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətin hər bir Azərbaycan vətəndaşı tərəfindən düzgün və dərindən dərk edilməsi zərurətə çevrilmişdir. Bununla əlaqədar ideoloji iş, xüsusilə bu işin həlledici sahəsi olan təbliğat işinin gücləndirilməsi və səmərəliliyinin artırılması son dərəcə böyük əhəmiyyət kəsb edir.

Ekologiya və təbii sərvətlərin mühafizəsi sahəsində aparılan ideoloji işin əsas məqsədi ölkə rəhbərliyinə və dövlət orqanlarına rəğbətin, inamın və etimadın artırılması, təbiətə münasibətdə düşüncə tərzinin dəyişdirilməsi və onun mühafizəsində bütün təbəqələrdən olan vətəndaşların iştirakına nail olunması, ictimai qınaq mexanizminin formalaşdırılması, vətəndaş məmnunluğunun artırılmasından və s. ibarətdir. Bu sahədə əsas strateji baxış ekoloji təfəkkürün inkişafı, yeni nəslin nümayəndələrinin daha geniş ekoloji biliklər əldə etməsi, ölkəmizin ekoloji siyasəti haqqında məlumatlılığın artırılması nəticəsində mövcud problemlərin tədricən aradan qaldırılması, qanunvericiliyin tələblərinin pozulmasında məsuliyyətin artırılması, indiki və gələcək nəsillərin  tələbatını ödəmək məqsədilə təbii ehtiyatlardan səmərəli və qənaətlə istifadə edilməsinə nail olmaq, bu istiqamətdə dünyanın çağırışlarına uyğunlaşmaqdan ibarətdir.

İnsanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi istiqamətində atılan addımların təbliğ edilməsi sahəsində ideoloji maarifləndirmə işinin təşkili, insanlarda ekoloji təfəkkürün artırılması və onlara təbiətə münasibətdə humanizm ideyalarının aşılanması, ətraf mühitlə bağlı atılan addımların beynəlxalq miqyasda təbliği, ətraf mühitin idarə olunmasında dövlət, akademik, qeyri-hökumət və özəl sektorun, həmçinin cəmiyyətin aktiv təbəqələrinin (könüllülər, bloggerlər, yazarlar, tanınmış ictimai xadimlər və s.) və medianın koordinasiya olunmuş fəaliyyətinin təmin edilməsi, açıq hökumətin təşviqi, vətəndaş məmnunluğunun təmin edilməsi və s. əsas istiqamətlərdən olmuşdur.

İdarəetmə alətlərindən istifadə etməklə ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması, vətəndaşlarda ölkənin ekoloji vəziyyəti ilə bağlı məsuliyyət hissinin aşılanması, ekoloji şüur səviyyəsinin artırılması üçün insan-təbiət münasibətlərinə yeni yanaşmalar, maarifləndirici təşəbbüslər tətbiq etməklə ekoloji dünyagörüşün, eləcə də tədris-tərbiyə müəssisələrində ekoloji tərbiyənin inkişafını təmin etmək, yüksək keyfiyyətli ekoloji mühitin formalaşması, ekoloji mühitin dayanıqlı mühafizəsinə nail olmaq üçün vətəndaşların maarifləndirilməsində təlimçi-müəllimlər, jurnalist, blogger, nüfuzlu ictimaiyyət nümayəndələrinin və s. səylərindən istifadə etmək əsas missiyalardan olmuşdur və bu istiqamətdə şoxşaxəli tədbirlər həyata keçirilir.

Qlobal ekoloji çağırışlara adekvat olaraq cəmiyyət-təbiət münasibətlərinin humanizm prinsipləri əsasında formalaşdırılması, insanlarda ekoloji şüurun artırılması məqsədilə maarifləndirməyə xüsusi diqqət yetirilir. İctimai qınaq mexanizminin yaranması, vətəndaş mövqeyinin nümayiş etdirilməsi və insanların təbiətlə münasibətində hiss edilən müsbət dəyişikliklər ekoloji durumun yaxşılaşdırılması istiqamətində öz bəhrəsini verir.

- Ermənistan işğal dövründə Azərbaycan ərazisində böyük ekoloji fəlakət törədib. Bəzən bu zərərin bərpa oluna bilinməyəcəyi deyilir. Bununla bağlı siz nə düşünürsünüz? 

- Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın qiymətli meşə sahələrinin, flora və faunanın, o cümlədən təbiət abidələrinin məhv edilməsi, su resurslarının çirkləndirilməsi və təbii sərvətlərin talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulmuşdur. Ermənistan beynəlxalq hüququn bütün prinsiplərini və ekoloji konvensiyaların müddəalarını kobud şəkildə pozmaqla 30 ilə yaxın bir müddət ərzində praktiki olaraq nəzarətsiz qalmış ərazilərdə ekoloji terror həyata keçirmişdir.

Aparılmış monitorinqlərin nəticəsində 54 min hektardan artıq meşə sahəsinin, eləcə də xüsusi qiymətli qədim ağacların tamamilə məhv edildiyi, 43 min hektar olan xüsusi mühafizə olunan təbiət ərazilərində qiymətli fauna və flora növlərinə ciddi ziyan dəydiyi,  iqtisadi əhəmiyyət kəsb edən 52 faydalı qazıntı yatağının istismar olunduğu, ekoloji əhəmiyyətə malik 7 relikt gölün, ümumi həcmi 631 milyon m3 olan 10 su anbarının, 10 minlərlə hektar münbit torpaqların iqtisadi və yaxud da təsərrüfat dövriyyəsindən çıxarıldığı müəyyənləşdirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuz tərəfindən tarixi torpaqlarımızın işğaldan azad olunması bu ərazilərdə bərpa prosesinin başlanmasına zəmin yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi İnkişafa dair Milli Prioritetlər” sənədində işğaldan azad edilmiş ərazilərə böyük qayıdış və yüksək keyfiyyətli ekoloji mühitin təmin olunması yaxın 10 illiyə əsas strateji istiqamətlər kimi göstərilmişdir.

Bu sənəddə tarixi torpaqlarımızda ətraf mühtin bərpası üçün ekoloji təmiz texnologiyaların tətbiqi, alternativ enerji mənbələrindən istifadə, yaşıllıq ərazilərinin artırılması və çirklənmiş ərazilərin bərpası məsələləri ön plana çəkilmişdir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşacaq əhalinin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi istiqamətində hazırda digər sahələrlə yanaşı ekoloji mühitin bərpası üçün mərhələli şəkildə tədbirlər görülür.

Bu istiqamətdə meşə və yaşıllıq ərazilərinin artırılması, bioloji müxtəlifliyin qorunması, ekoturizmin və akvakulturanın inkişafı, geoloji axtarış və qiymətləndirmə, təbii sərvətlərdən səmərəli istifadə, su ehtiyatlarının və tullantıların idarə olunması, müasir müşahidə və monitorinq sistemlərinin bərpası və s. sahələrdə yeni yanaşmaların tətbiqinə başlanılmışdır. Azad edilmiş rayonların ərazi planlaşdırma sənədlərinə uyğun olaraq Zəngilanda 55,0 ha, Ağdamda 11,0 ha, Cəbrayılda 50,0 ha və Füzuli rayonunda 10 ha  yeni yaşıllıq sahəsi salınmışdır.  Eyni zamanda meşə fondu ərazilərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi intensivliyinə uyğun olaraq, Cəbrayıl rayonu ərazisində 72,0 ha, Zəngilan rayonu ərazisində 142,0 ha, Qubadlı rayonu ərazisində 50,0 ha və Füzuli rayonu ərazisində 2,0 ha meşəbərpa layihələri icra edilmişdir.

Türkiyə Respublikasının dəstəyi ilə Cəbrayıl rayonunda həyata keçirilən “Azərbaycan ‒ Türkiyə Beynəlxalq Meşəçilik Təlim Mərkəzi”nin və “Ağıllı Tinglik Təsərrüfatı”nın yaradılması çərçivəsində inzibati, tədris və digər köməkçi binaların inşasına başlanılmıdır. Sözügedən layihələrin icrasında məqsəd qabaqcıl texnologiyalar əsasında istixanalar, toxum saxlama mərkəzi, qapalı kök sistemli ting istehsalı sahələrinin və təlim zonasının yaradılmasıdır. Tinglik təsərrüfatda yerli torpaq-iqlim şəraitinə uyğunlaşdırılmış müxtəlif cinsli tinglər yetişdirilərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında meşələrin bərpasına və yaşıllaşdırılmasına sərf ediləcəkdir.

İşğaldan azad edilmiş ərazilərdə yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin bərpa edilməsi prioritetlərdən biridir.  Ümumi sahəsi 43 min hektar olan Bəsitçay və Qaragöl qoruqlarının, həmçinin Qubadlı, Arazboyu, Laçın və Daşaltı yasaqlıqlarının fəaliyyətinin bərpası istiqamətində işlər görülür. Qeyd olunanlarla yanaşı, bu ərazilərdə biomüxtəlifliyin artırılması məqsədilə Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının təbii iqlim şəraiti üçün tarixən ənənəvi hesab olunan məməli və quşlar sinfinə aid fauna növlərinin reintroduksiyası həyata keçirilmişdir.

Həmçinin, su bioresurslarının artırılması məqsədilə işğaldan azad edilmiş ərazilərdən axan çay və su anbarlarına 1,2 milyonadək müxtəlif cinsli balıq körpələri buraxılmışdır. Müasir texnologiyaların tətbiqi ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması regionun unikal təbiətinin qorunması, insanla  ətraf mühit arasında  tarazlığı təmin etməklə sağlam həyat tərzinin bərqərar edilməsinə səbəb olacaqdır. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış çərçivəsində ekoloji bərpa işlərinin həyata keçirilməsi, ətraf mühitin mühafizəsinin etibarlılığının artırılması, biomüxtəliflik və digər təbii resurslardan, həmçinin mineral xammal ehtiyatlarından səmərəli istifadə son nəticədə bu ərazilərdə təbiətin dirçəlməsinə gətirib çıxaracaqdır.