“Azərbaycan növbəti diplomatik qələbəsini qazandı” – Aydın HÜSEYNOV

“Əvvəla, Cənab Prezident İlham Əliyevin Fransanın Farnsa prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında videoformatda keçirilən görüşdə müzakirə olunan məsələlər və əldə olunan nəticələr tam olaraq Azərbaycanın milli maraqlarına uyğundur. Cənab Prezident hər dəfə olduğu kimi bu görüşdə də prinsipial mövqeyini ortaya qoydu, mövqeyinin dəyişmədiyini nümayiş etdirdi”. Bunu KİV-ə verdiyi açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili bildirib ki, görüş həm də bir sıra əhəmiyyətli nüansları ilə yadda qaldı: “Görüşdə yalnız Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyi müzakirə olunub. İki ölkə arasında mehriban qonşuluq, kommunikasiya xəttlərinin açılması, sərhədlərin delimitasiya və demarkasiyası, etimad mühitinin yaradılması, regionda sabitlik kimi Azərbaycanın maraqlarına uyğun gələn mövzuların müzakirə olunması və bu məsələlərin sırasında hətta “Qarabağ” ifadəsinin olmaması bunu deməyə əsas verr ki, Avropa İttifaqı, xüsusən də 25 ilə yaxın ATƏT-in Minsk qrupuna həmsədrlik etmiş Fransa artıq reallığı qəbul edir, Azərbaycanın suveren hüquqlarını tanıyırlar. 18 illik prezidentliyi dövründə dövlət başçısı İlham Əliyev Ermənistanla Azərbaycan arasında davam edən münaqişənin həllini üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrləri, eyni zamanda həmsədr ölkələrin rəhbərləri ilə keçirdiyi çoxsaylı görüşlər zamanı da prinsipiallıq nümayiş etdirərək, milli maraqlarımıza söykənərək Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, bizim razılığımız olmadan sərhədlərimizin dəyişdirilməsinin qəbuledilməz olduğunu bildirmiş və Qarabağda yaşayan ermənilərə Azərbaycan vətəndaşlığını qəbul edəcəkləri halda yüksək status veriləcəyini vəd etmişdi. Üstəlik də, əgər Minsk qrupu bu məsələni sülh yolu ilə həll edə bilməyəcəyi təqdirdə Azərbaycanın problemi hərbi yolla həll etmək iqtidarında olduğunu da xatırlatmışdı. Belə də oldu, 30 il münaqişənin həlli havadan asılı qaldı, həmsədrlərin tərkibini dəyişməkdən başqa bu qrup heç bir işə yaramadı. Azərbaycanın da səbri tükənməz deyildi, 44 gün kifayət etdi ki, Cənubi Qafqazda daşlar öz yerinə otursun. Hər kəs Azərbaycanın nəyə qadir olduğunu gördü, gücümüzü, iradəmizi hiss etdi. Azərbaycan bütün dünyaya yeni döyüş taktikası təqdim etdi, hədəflər yalnız hərbi obyektlər oldu, müharibənin miqyasına diqqət etsək, demək olar ki, ermənilərin mülki şəxsləri arasında ölən olmadı. Ermənistan isə əksinə, gücünü yalnız dinc əhaliyə qarşı yönəltməklə vandallığını, faşist xislətini birdaha nümayiş etdirdi”.

A.Hüseynov vurğulayıb ki, bu görüşü Brüsseldə əldə olunmuş sülhə yönəlik addımların davamı da adlandırmaq olar: “Brüssel görüşünün nəticəsi olaraq iki ölkə arasında münasibətlərin normallaşdırılması, kommunikasiya xətlərinin, xüsusən də Zəngəzur dəhlizinin açılması, minaların təmizlənməsinə mane olan baryerlərin aradan qaldırılması, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi kimi məsələlər barəsində tərəflərin fikirləri demək olar ki, üst-üstə düşüb. Müzakirələrdə Prezident İlham Əliyevin I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyi məsələsini, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsini önə çəkməsi təsadüfi deyildi. Ermənistan tərəfi daim guya “Azərbaycanda saxlanılan erməni əsirləri” barədə dünyaya haray çəkir, onların taleyindən narahat olduqlarını bildirir. Hər kəsə də məlumdur ki, onlar “hərbi əsir” yox, müharibə bitəndən 16 gün sonra erməni işğalçı ordusundan azad edilmiş ərazilərə Ermənistandan göndərilmiş diversantlar, terrorçular olub. Həmin terrorçular da Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq mühakimə edilib, bəziləri isə artıq həbsdən azad edilərək ölkələrinə təhvil verilib. Amma Ermənistanın hakim dairələrinin yadına nədənsə I Qarabağ müharibəsində əsir götürülmüş və talelərindən indiyə qədər kimsənin xəbər tuta bilmədiyi 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşı düşmür, ya da bilərəkdən dəhşətli faktın üstündən keçirlər. Bəli, Prezidentimiz bu danılmaz faktı Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın diqqətinə çatdırdı. Bununla da İlham Əliyev Azərbaycanın humanizm prinsiplərinə daim sadiq olduğunu bildirməklə yanaşı, bu yanaşmanın bütün ölkələr üçün də vacibliyini qeyd etdi. Yəni, Azərbaycandan humanist olmağı istəyənlər, öncə özləri humanism prinsiplərinə əməl etməyi öyrənməlidirlər. Bu görüşdə Azərbaycan Prezidenti hərb meydanında olduğu kimi, danışıqlar masasında da sözünün ötkəmini ortaya qoydu və haqlı olduğunu sübuta yetirdi”.