Azərbaycan öz vəsaiti hesabına nəhəng obyektlərin inşasını davam etdirir

İmaməliyev Xanlar Əmirqulu oğlu,
Səbail rayonu, 236 nömrəli tam orta məktəbin direktoru


Ölkəmizdə müstəqilliyin ilk illərində iqtisadiyyatın bütün sahələrində, o cümlədən, elektrik enerjisi sektorunda dərin böhran yaranmışdı. Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyununda xalqın istəyi ilə hakimiyyətə qayıtdıqdan sonra elektrik enerjisi sisteminin böhrandan çıxarılması, onun maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi üçün məqsədyönlü, genişmiqyaslı tədbirlər həyata keçirdi.Dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı faydalı əlaqələr qurulmasına yönəldilən uzaqgörən siyasət elektrik enerjisi sisteminə də xarici investisiyaların cəlb olunmasını şərtləndirdi və bu imkanlardan Azərbaycanın enerji sisteminin mövcud potensialının səmərəliyinin artırılmasında, elektroenergetika təsərrüfatının yenidən qurulmasında və yeni güclərin yaradılmasında məqsədyönlü şəkildə istifadə olunmağa başlandı.
Ulu öndərin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin son 18 ildə ölkənin elektroenergetika sahəsinə daim göstərdiyi diqqət və qayğı nəticəsində bu sahədə genişmiqyaslı islahatlar gerçəkləşdirilmiş, yenidənqurma, tikinti işləri böyük vüsət almışdır. Dövlətimizin başçısının tapşırığı ilə hazırlanan Reabilitasiya Proqramı çərçivəsində energetika sistemi əsaslı şəkildə modernləşdirilib, “itirilmiş” generasiya gücləri bərpa edilib.

Son bir il ərzində regionlarda reallaşdırılan belə genişmiqyaslı layihələr Azərbaycanın iqtisadi qüdrətindən xəbər verir. Şübhəsiz ki, ölkəmizin malik olduğu bu güc, bu davamlı inkişaf Prezident İlham Əliyevin müdrik siyasətinin, qeyri-neft sektorunun tərəqqisi, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması məqsədi daşıyan fərman və sərəncamlarının uğurla gerçəkləşdirilməsinin məntiqi nəticəsidir.

Bütün bu və digər energetika layihələrinin uğurla icrasının nəticəsidir ki, Azərbaycan Davos İqtisadi Forumunun “Qlobal Rəqabətlilik Hesabatı”nda “əhalinin elektrik təchizatı səviyyəsi” üzrə dünyada 2-ci yer tutan ölkələr sırasında qərarlaşıb.Baxmayaraq ki, dünyada iqtisadi, maliyyə böhranı hələ də başa çatmayıb, koronavirus pandemiyası fəsadlar törətməkdə davam edir, ancaq Azərbaycan öz vəsaiti hesabına nəhəng obyektlərin inşasını davam etdirir.

Ölkə rəhbəri fevralın 11-də Qobu Enerji Qovşağının və 385 meqavatlıq Qobu Elektrik Stansiyasının açılışında iştirak etdikdən sonra respublikamızın energetika sistemində görülən işləri yüksək qiymətləndirib. Dövlət başçısı vurğulayıb ki, xüsusilə son illərdə görülən işlər nəticəsində enerji təsərrüfatı tamamilə yenilənib, qonşu dövlətlərlə birləşdirən yüksək gərginlikli xətlər inşa edilib, bir çox yerlərdə yeni yarımstansiyalar tikilib, transformatorlar quraşdırılıb. Bir sözlə, energetika sahəsində həyata keçirilən çox böyük layihələr sayəsində Azərbaycanda enerji təchizatı ilə bağlı bütün əsas problemlər demək olar ki, həllini tapıb, respublikamız artıq enerji təminatçısına çevrilib. Belə ki, əvvəlki dövrlərdə ölkəmiz elektrik enerjisi üzrə idxaldan asılı idi. İndi isə həm daxili tələbat ödənilir, həm də bu istiqamətdə ixrac həyata keçirilir.
Ümumiyyətlə, Günəş və külək enerjisi potensialının səmərəli istifadəsini təmin etmək üçün 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması mühüm vəzifə olaraq müəyyənləşdirilib. Həmçinin 2030-cu ilədək, təqribən, 1500 meqavat həcmində yeni gücün istifadəyə verilməsi nəzərdə tutulub. Bu vəzifənin məhz, özəl investisiyalar hesabına reallaşdırılması planlaşdırılıb.

Hazırda işğaldan azad edilən Qarabağ və ətraf bölgələrimizdə bərpa işləri sürətlə aparılır. Bu torpaqlarda infrastrukturun yenidən qurulması, energetika sisteminin yaradılması xüsusi diqqətdə saxlanılır. Bununla bağlı Prezident İlham Əliyev ötən il mayın 3-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Ölkə rəhbərinin qeyd etdiyi kimi: “Azad edilmiş torpaqlarda keçən il “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2”, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən quruldu. Azad edilmiş torpaqlarda bu il 5 su elektrik stansiyasının inşasının tamamlanması nəzərdə tutulur. Orada da təqribən 25-30 meqavat gücündə stansiyalar olacaq. Həmçinin azad edilmiş torpaqlarda ermənilər tərəfindən dağıdılmış 30-a yaxın su elektrik stansiyasının tikintisi mümkündür və olacaqdır”.

Yaşıl enerji” zonası layihəsinin Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılmasını potensial imkanlarla bərabər, digər amillər də şərtləndirir. Bir sözlə, “yaşıl enerji” zonası kimi bərpa olunan Qarabağ və Şərqi Zəngəzurun dünyanın ən müasir yaşayış məskənlərindən biri olaraq yenidən qurulmasına xüsusi əhəmiyyət verilir.