Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin üçtərəfli görüşü keçiriləcək

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə və Nəsib Məhəməliyev Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak etmək üçün dekabrın 2-də Türkiyə Respublikasının Ankara şəhərinə səfər edəcəklər.

Bu barədə Sabahinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

Hökumətlərin təqdim etdiyi layihələrin həyata keçirilməsində parlament diplomatiyasının rolu mövzusunda keçiriləcək müzakirələrdə regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, ölkələrimiz arasında siyasi, humanitar, iqtisadi, ticarət, enerji, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlıqla bağlı məsələlər müzakirə olunacaq. Bundan əlavə, Qafqazdakı və Yaxın Şərqdəki vəziyyət, Bakıda keçirilmiş COP29 tədbiri və digər vacib mövzular da iclasın gündəliyində yer alır. Tədbirin sonunda mətbuat konfransı keçiriləcək.

Səfər dekabrın 4-də başa çatacaq.