Sahibə Qafarova: "Baş verənlər bizi daha sıx əməkdaşlığa sövq edir"

Azərbaycan, Türkiyə və Pakistan arasında əlaqələr qarşılıq etimada əsaslanır və zamanın sınağından çıxıb. Ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi zamanın tələbidir. Bakıda üç ölkənin parlament rəhbərlərinin görüşünün keçirilməsi tarixi hadisədir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Türkiyə və Pakistanın parlament sədrləri ilə iyulun 27-də keçirilən birgə iclasda deyib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, 2020-ci il Azərbaycanın tarixinə şanlı səhifə kimi yazılıb. Ölkəmiz ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın Zəfərindən sonra 2020-ci il 10 noyabr tarixli Birgə Bəyanat imzalanıb. Qardaş Türkiyə və Pakistanın Azərbaycana siyasi və mənəvi dəstəyi ölkələrimiz arasında müttəfiqlik əlaqələrinin yüksək səviyyədə olduğunu göstərir. Buna görə qardaş xalqlarımıza minnətdarıq. Azərbaycan da ayrı-ayrı platformalarda qardaş ölkələri dəstəkləyib və bundan sonra da dəstəkləyəcək.

“Baş verənlər bizi daha sıx əməkdaşlığa sövq edir. Parlamentlərimiz arasında sıx əməkdaşlıq xalqlarımızın dostluq əlaqələrinin daha da möhkəmlənməsinə imkan verəcək”, - deyə Sahibə Qafarova vurğulayıb.

Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan Zəfəri ilə regionda yeni reallıq yaradıb. Bu gün Zəngəzur dəhlizinin açılması üzərində iş aparılır.