Azərbaycan və Gürcüstan tranzit dəhliz rolunda

Avropa ilə Asiyanı birləşdirən tranzit dəhliz kimi Gürcüstan və Azərbaycan önəmli rol oynayır. Nəqliyyat, enerji və regional məsələlərin həllində bu nüans xüsusi əhəmiyyətə malikdir.   “Yeni İpək Yolu”, “Bir kəmər, bir yol” təşəbbüsü isə yeni imkanların yaranmasına, əməkdaşlığın daha da dərinləşməsinə zəmin yaradır. İki ölkə arasında diplomatik əlaqələr dostluq və stateji tərəfdaşlıq durmadan inkişaf etməkdədir.  Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana rəsmi səfər etməsi, səfər çərçivəsində keçirilən görüşlər onu deməyə əsas verir ki, Gürcüstan Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyur. 

Cənab Prezident İlham Əliyev iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etdi: “Əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir. Bizi birləşdirən bir çox sərmayə layihələri qeyd etdiyim kimi, böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır”.

İlk xarici səfərini Azərbaycana edən Gürcüstan Prezidenti mətbuata birgə bəyanatında bu fikirləri səsləndirdi: “Bizim dostluğumuz qarşılıqlı hörmətə və bir-birimizin milli maraqlarının nəzərə alınmasına əsaslanır. Biz münasibətlərdə güvənməyin nə qədər vacib olduğunu başa düşürük və sözümüzün dəyərini bilirik. Bizi xilas edən və bu günə çatdıran bir sıra yazılmamış qanunlarımız, dəyərlərimiz var. Ona görə də Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığı bu qədər xüsusi və nümunəvidir”.

M.Kavelaşvili onu da bildirdi ki, Azərbaycan və Gürcüstan bir sıra ümumi, qarşılıqlı faydalı layihələr həyata keçirir ki, bu da bütün dünya üçün regionumuzu daha da cəlbedici edir: “Cənubi Qafqaz regionunun daha da rəqabətədavamlı, etibarlı və perspektivli olması üçün davamlı sülhün və sabitliyin təmin edilməsi vacibdir”.

Cənubi Qafqazın bu iki dövlətini ortaq maraqlar ətrafında birləşdirən məsələlərdən biri də Qərbin regionumuzla bağlı məkrli planlarıdır. Gürcüstan Prezidenti mətbuata bəyanatında bu məqama vurğu edərək bildirdi ki, bizim ümumi gələcəyimizə uğurlu, iqtisadi cəhətdən güclü və firavan Cənubi Qafqaz regionu daxildir ki, burada xalqlarımız öz adət və ənənələri ilə birgə yaşaya biləcəklər, dırnaqarası liberal dəyərlərlə yox. Eyni zamanda Azərbaycanla Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlığın intensivləşdiyini deyən Mixeil Kavelaşvilinin buna görə Prezident İlham Əliyevə təşəkkür etməsi isə bir daha göstərdi ki, dövlətimizin başçısı öz qətiyyətli siyasəti ilə hər iki dövlətin ümumi maraqlarını təmin edir.

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı