Azərbaycan xalqına və onun Prezidentinə olan hörmətin təzahürü

Azərbaycan xalqının Müstəqillik Günü münasibətilə dünyanın digər dövlətləri ilə yanaşı, ABŞ Prezidenti Cozef Baydenin təbrik məktubu Azərbaycan xalqına, onun Prezidenti İlham Əliyevə olan ən yüksək göstəricidir. Bu özlüyündə bir daha müstəqil Azərbaycan xalqının və dövlətinin yüksək inkişaf potensialının göstəricisi deməkdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə söyləyib.

O əminliklə vurğulayıb ki, tərəqqiyə doğru inkişaf strategiyasını əsas amil seçən Azərbaycan xalqının inkişafı və potensialı Prezident İlham Əliyevin rəhbərliyi ilə həmişə uğurla həyata keçiriləcək. Xalqımızın milli bayramı - Müstəqilliyi Günü münasibətilə ABŞ Prezidenti tərəfindən təbrik edilməsi məhz Azərbaycan xalqının və onun Prezidentinin nüfuzuna olan hörmətin təzahürüdür.

Cavanşir Paşazadə deyib: “Baydenin təbrik məktubunda qeyd edilən fikirlərdən bəlli olur ki, ABŞ Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinin bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcəyi qənaətindədir. Məhz ona görə də ABŞ Azərbaycanın sülh təşəbbüslərini dəstəkləyir, ölkəmizin iqtisadi, nəqliyyat və insanlararası əlaqələrin qurulması istiqamətində gördüyü işlərə kömək etməyə hazır olduğunu bəyan edir. Dünyada cərəyan edən ciddi proseslərin mürəkkəb xarakterini nəzərə almaqla ABŞ ölkəmizin müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiqləyir. Təbii ki, bu da Azərbaycan dövləti tərəfindən aparılan düşünülmüş xarici siyasətin bəhrəsi və ölkəmizin bütün ölkələrlə dostluq münasibətlərində olmasının göstəricisidir”.

Azərbaycanın dünyəvi dövlətçilik baxımından keçmiş MDB məkanında ən inkişaf etmiş ölkə olduğunu vurğulayan deputat deyib: “Digər tərəfdən bu gün müstəqil Azərbaycan dövlətinin xalqına olan səmərəli diqqəti dünya ölkələri içərisində ən yüksək göstəriciyə malikdir. Bu səbəbdən Azərbaycanın Müstəqillik Günü münasibətilə digər dövlətlərlə yanaşı, ABŞ Prezidenti tərəfindən təbrik edilməsi xalqımıza ən gözəl hədiyyədir”.