AZƏRBAYCANÇILIĞIN TARİXİ, MƏNƏVİ-MƏDƏNİ ƏSASLARI

Azərbaycançılıq məfkurəsinin bütöv bir ideologiya kimi təşəkkül tapmasında  bütün XIX əsr – XX əsrin əvvəllərində Azərbaycan cəmiyyətində cərəyan etmiş tarixi və mədəni-mənəvi amillər mühüm rol oynamışdır. Əsas mahiyyətini etnik-dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların birliyini təşkil edən “Azərbaycançılıq” ideologiyasının istinad nöqtəsi heç şübhəsiz, güclü, müstəqil və dayanıqlı dövlət ideyasıdır. Bu baxımdan 1918-ci ilin mayında Azərbaycanın şimalında Cümhuriyyətin təşəkkül tapması Azərbaycançılıq ideyasının əməli sürətdə həyata keçməsi istiqamətində mühüm addım oldu. İslam dünyasında ilk demokratik cümhuriyyətin məhz Azərbaycanda yaranması XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda baş vermiş mütərəqqi ictimai-siyasi, social-iqtisadi və mədəni-mənəvi dəyişikliklərin, xalqımızın görkəmli şəxsiyyətlərinin, mütəfəkkir ziyalılarının millətin oyanışı və dirçəlişi uğrunda aparadıqları inadlı mücadilənin məntiqi nəticəsi olmuşdur. Əslində Azərbaycan Cümhuriyyətinə gedən yolun ilk cığırları məhz həmin dövrlərdən başlayır.

XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının Rusiya ilə İran arasında bölüşdürülməsi xalqımızın siyasi və mənəvi birliyinin pozulması ilə nəticələnsə də, ölkənin şimalında mədəniyyətdə, ictimai fikirdə mütərəqqi dəyişikliklərə də səbəb oldu, “biz-onlar” antitezasının daha da aşkar şəkildə təzahür etməsinə, milli kimliyimizin müəyyənləşməsinə şərait yaratdı. Azərbaycanın çarizm tərəfindən işğal olunmuş hissəsində yaşayan əhali Rusiya imperiyasında yaşayan digər xalqlarından fərqli olduğunu anladıqca, etno-mədəni cəhətdən həm də farslardan fərqliliyini də dərk etməyə, bununla da İranın etnik-mədəni təsirindən azad olmağa başlayırdı. M.Ə.Rəsulzadə bununla bağlı göstərirdi ki, rus istilasının xeyri bu oldu ki, azərbaycanlılar özlərini ictimai bir vücud, xüsusi mədəniyyət toxumlarını daşıyan bir cəmiyyət, yəni ruslardan ayrı bir millət olduqlarını hiss etməyə başladılar. Rus süzgəcindən keçsə də, özlərinə keçən Avropa elm və texnikasının təsiriylə Azərbaycan Şərqin qorxu və dedi-qodularından silkinərək yaxşı bir həyat tərzi göstərir, doğru yolu tapır, böyüyüb inkişaf edirdi.

Artıq XIX əsrin ortalarından başlayaraq Azərbaycan mədəniyyəti və ictimai fikri Rusiya və Avropanın mütərəqqi demokratik mədəniyyəti, ictimai fikri, ədəbiyyatı ilə intensiv əlaqələrə girərək məzmunca daha da zənginləşməyə başladı. Həmin mərhələdə Azərbaycan iqtisadiyyatında baş verən mütərəqqi dəyişikliklər, bazar münasibətlərinin inkişafı, sənaye kapitalizminin təşəkkül tapması, milli burjuaziya sinfinin yaranması Azərbaycan mədəniyyətinin ümümrusiya və dünya mədəniyyətinə inteqrasiya etməsi, onlarla qarşılıqlı əlaqələrə girməsi ilə müşayiət olunurdu.

Avropanın qabaqcıl elmi və fəlsəfi dəyərləri ilə yaxından tanış olan M.F.Axundov islam dünyasında köklü dəyişikliklərin və islahatların qaçılmaz olduğunu bildirirdi. Onun fəlsəfi dünyagörüşünün əsasını Şərq despotizminin tənqidi, insan hüquq və azadlıqları, ictimai bərabərlik, mütərəqqi idarəetmə üsullarının müdafiəsi və əsaslandırılması təşkil edirdi. Axundovun fəaliyyəti nəticəsində müasir elmin və maarifin, dünyəvi təhsilin və tərbiyənin təbliği Azərbaycan və Şərq ictimai fikrinin mühüm problemlərinə çevrilməyə başlamışdı. Şərq xalqlarının “fitri qabiliyyəti nöqteyi-nəzərindən bütün Avropa xalqlarından üstün olmasa da, əskik olmadığını” qətiyyətlə bildirən mütəfəkkir nikbinliklə yazırdı ki, sağlıq olsun, yaxın gələcəkdə vətənimiz gülüstana çevriləcəkdir. Tərəqqiyə nail olmaq üçün M.F.Axundov müsəlman xalqlarını bəsirətə və elmə yiyələnməyə çağırıdı

XIX əsr bütövlükdə Azərbaycan mədəniyyətinin inkişafında çox mühüm mərhələ oldu. Çarizmin müstəmləkə siyasətinə, milli şüurun qarşısını almaq cəhdlərinə baxmayaraq Şimali Azərbaycanda dünyəvi məktəb sistemi formalaşmış, Azərbaycan milləti Rusiya və Avropa mədəniyyətinin töhfələrindən bəhrələnməyə başlamış, eyni zamanda dünya elminə, ədəbiyyatına, mədəniyyətinə böyük dühalar bəxş etmişdir.

M.F.Axundovla başlayan milli oyanış və yeniləşmə hərəkatı H.B.Zərdabi tərəfindən yeni şəraitə uyğun inkişaf etdirilirdi. Azərbaycanın (bütövlükdə şərq xalqlarının) sosial-iqtisadi, mədəni geriliyinin əsas səbəbini elm və mədəniyyətin, dünyəvi təhsilin ləng inkişafında, despotizm və dini fanatizmdə görən Zərdabi ictimai fikir tarixində ilk dəfə olaraq Avropa ilə “Məşriq-zəmin” dediyi Şərqin ictimai inkişafa, insan azadlığına münasibətdə fərqliliklərini ictimai müzakirəyə çıxardı.

“Kəşkül” qəzeti “Sənin milliyyətin nədir?” sualına “Mən müsəlmanam” deyə cavab verənləri kəskin tənqid edərək ilk dəfə olaraq Arazın hər iki sahilindəki əhali üçün Azərbaycan türkləri, azərbaycanlılar ifadəsini işlətməyi təklif etdi. Görkəmli publisist M.Şahtaxtinski 1891-ci ildə Azərbaycan türklərini tatar adlandıranlara qarşı açıq çıxış edərək, Zaqafqaziya müsəlmanlarını öz adları ilə -Azərbaycan türkləri, onların dilini isə Azərbaycan türk dili adlandırmağı tələb edirdi.

Axundov və Zərdabinin ardınca bir sıra görkəmli maarifçilər (M.Şahtaxtinski, S.Mehmandarov, Ə.Ağayev, T.Bayraməlibəyov) müsəlman xalqlarının geriliyini cahillikdə, mövhumatda, savadsızlıqda görür, mütərəqqi Avropa maarif və mədəniyyətinə qovuşmağı təbliğ edirdilər. Bütün bunların nəticəsində Azərbaycanda elmi və fəlsəfi fikir özünün inkişafında əksər şərq ölkələrini xeyli qabaqlamış, onlarda mədəniyyətin, elmi və ictimai-fəlsəfii fikrin inkişafına böyük təsir göstərmişdir. Köhnəliklə yeniliyin, M.Ə.Rəsulzadənin təbirincə, hürrəndişlərlə (novatorlarla) mühafizəkarların (konservatorların) mübarizəsi son nəticədə birincilərin qələbəsi ilə başa çatdı. Şərq mənəviyyatına, əxlaqına Qərb ağlını, Qərb elmini calaq edib müasir insan yetişdirməyi təklif edən, fəaliyyəti ilə Şərqlə Qərbin sintezinə can atan bu böyük mütəfəkkirin sayəsində Azərbaycanda islam ümmətçiliyindən islam millətçiliyinə, daha sonra isə türk millətçiliyinə keçid baş verdi.

Müsəlman sxolastikasından azad olaraq, əslində yeni Avropa elminə qovuşmuş, maarifçi inkişaf yolunu seçmiş Şimali Azərbaycanın ictimai-mədəni fikrinin təsiri altında Şərqin bir çox ölkələrində əsas ideyası cahilliklə, geriliklə mübarizə, Qərb mədəniyyətinin, maarifinin öyrənilməsi, şəxsi və ictimai bərabərlik olan maarifçilik, milli hərəkat cücərməyə başlamışdı. Sonralar Ə.B.Hüseynzadə, Ə.Ağaoğlu, Ə.M.Topçubaşov, M.Ə.Rəsulzadə və başqa mütəfəkkirlərimizin yüksək ideyaları ilə zənginləşmiş bu proses Azərbaycan Cümhuriyyətinin təşəkkül tapması ilə nəticələndi.

Maarifçilik ideologiyasının, Qərbi Avropa, rus maarifçi-demokratik, ədəbi, ictimai-siyasi, estetik fikrinin təsiri altında Azərbaycanda bədii ədəbiyyat sahəsində də əsaslı dönüş yaranmış, yeni tipli publisistika, poeziya, nəsr, dram janrları –yeni bədii-estetik prinsiplər meydana çıxırdı. Həmin dövrdə Azərbaycanda müşahidə olunan sosial-siyasi dəyişikliklər Azərbaycan cəmiyyətinin sosial simasını tamamilə dəyişdirdi. Milli burjuaziyanın, fəhlə sinfinin, ziyalıların təşəkkül tapması ilə Azərbaycan xalqının etno-sosial strukturu millətə xas olan xüsusiyyətlərə malik oldu. Millətin formalaşması eyni zamanda milli mədəniyyətin yeni sisteminin təşəkkülünə təsir göstərdi. Bu mütərəqqi dəyişikliklər XX əsrin əvvəllərində də inkişaf etdirilmiş, xalqın ümumi inkişafına öz təsirini göstərmişdi. Qısa zaman kəsiyində yaradılmış yüksək mədəni dəyərlər və sərvətlər nəinki Azərbaycanın, bütövlükdə dünyanın qızıl fonduna daxil olmuş, mədəniyyətin əksər sahələrində azərbaycanlılar Şərqin müsəlman xalqlarını bir neçə illiyə qabaqlamışdılar. Müxtəlif xalqlarla mədəni dəyərlərin qarşılıqlı mübadiləsi Azərbaycan mədəniyyətini, ədəbiyyatını, elmi və ictimai fikrini zənginləşdirməklə, beynəlmiləl və humanist ənənələrini əks etdirməklə yanaşı, ümumdünya mədəni inkişafa da öz töhfəsini verirdi.

XIX əsrin II yarısı – XX əsrin əvvəllərində Azərbaycan mədəniyyətində təzahür edən proseslər sonrakı dövrlərdə daha da inkişaf edərək xalqın ümumi inkişafına öz təsirini göstərmişdi. Qısa zaman kəsiyində yaradılmış yüksək mədəni dəyərlər və sərvətlər nəinki Azərbaycanın, bütövlükdə dünyanın qızıl fonduna daxil olmuş, mədəniyyətin əksər sahələrində azərbaycanlılar Şərqin müsəlman xalqlarını bir neçə illiyə qabaqlamışdılar.

 

KAMRAN İSMAYILOV

tarix üzrə fəlsəfə doktoru, dosent

Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycançılıq ideologiyası: təşəkkül tapması, tarixi inkişaf mərhələləri, istiqamətləri” adlı layihəsi çərçivəsində çap olunur.