Azərbaycançılıq ideologiyasının müasir cəmiyyətdə inkişaf xüsusiyyətləri

Azərbaycançılıq ideologiyasının köklərini, təkamül mərhələlərini kifayət qədər sistemli bir şəkildə nəzərdən keçirərək belə bir düzgün nəticəyə gəlmək olar ki, azərbaycançılıq ideologiyası XIX əsrin sonu XX əsrin əvvəllərində ideologiyaya çevrilsə də, XX əsr boyu mürəkkəb bir təkamül yolu keçmişdir. Azərbaycan mütəfəkkirləri həmin ideologiyanın təkmilləşməsi, Azərbaycan cəmiyyətinin şüurunda möhkəm yer tutması üçün sadəcə çalışmamış, zəngin tarixi olan bir mücadilə vermişlər. Azərbaycançılıq ideologiyasının müasir ictimai, o cümlədən də ədəbi-estetik təfəkkürdəki mövqeyi göstərir ki, müasir dövrdə azərbaycançılıq ideologiyası “artıq müasir elmin nailiyyətlərinə əsaslanaraq, özünün elmi-nəzəri əsaslarını da təklif edir”.

Məlum olduğu kimi, milli ideyalar təkcə tarixi kateqoriya deyil, həm də müasirdir, daimidir və gələcək nəsillərin sərvətidir. Milli şüur anlayışına gəldikdə isə onun başlıca əlamətlərini aşağıdakı kimi səciyyələndirmək olar:

1. Milli mədəniyyət

2. Milli etik - əxlaqi normalar

3. İctimai birlik və həmrəylik

4. Dövlətçilik və onun atributlarına ehtiram

5. Vətənpərvərlik

6. Milli - mənəvi dəyərlərin bəşəri dəyərlərlə qovuşdurulması

Milli şüurun formalaşması üçün müstəqil dövlətçilik amili mühüm və vacib şərtdir. Milli şüur kimi formalaşan azərbaycançılıq anlayışı barədəki başlıca fikir və mülahizələr də məhz respublikamızda müstəqil dövlətçiliyin bərqərar olunduğu dövrdən sonra meydana gəlmişdir. Ancaq azərbaycançılıq anlayışı barədə əvvəllər də müəyyən fikir və mülahizələr irəli sürülmüşdür. Azərbaycançılıq ideyaları isə bilavasitə Azərbaycan cəmiyyətinin yarandığı dövrlərlə səsləşir. Bu o deməkdir ki, milli düşüncə formasmdakı azərbaycançılıq ideyaları zaman - zaman yaranmışdır. Müstəqil dövlətçilik mərhələsində isə bu ideyalar yetkin səviyyəyə çataraq milli şüura çevrilir.

Milli azərbaycançılıq şüurunun yetkinləşməsi mərhələlərinin araşdırılması, təhlil olunması, onun daxili məzmununun öyrənilməsi, aydınlaşdırılması milli ideologiyanın mənimsənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Ümummilli liderimiz Heydər Əliyev azərbaycançılıq anlayışını məzmun baxımından çox yüksək qiymətləndirir. Heydər Əliyev göstərir ki, “Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli - mənəvi dəyərlər, ümumbəşəri dəyərlər - bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir”.

Göründüyü kimi, burada azərbaycançılıq milli dövlətçilik ideologiyasının özəyi, təməli, əsası kimi qiymətləndirilir. Eyni zamanda, dövlətçilik, milli dəyərlər, ümumibəşəri dəyərlər kimi qlobal məsələlər azərbaycançılığm tərkib hissələri kimi verilir.

Azərbaycançılıq anlayışı qlobal məsələləri əhatə etdiyi üçün əlbəttə ki, sosioloqlar, politoloqlar, tədqiqatçılar, xüsusən də ideyaca müxtəlif baxışlara malik olan şəxslər onu ayn - ayrı prizmalardan şərh edə bilərlər. Lakin nəzərə aldıqda ki, azərbaycançılıq ictimai təfəkkürlə, ictimai şüurla, milli - mənəvi dəyərlərlə və ən əsası müstəqil dövlətçiliklə bağlı bir anlayışdır, onda bu anlayışın şəhr olunmasında ən düzgün istiqamət kimi Heydər Əliyev konsepsiyasına əsaslanılmalıdır.

Azərbaycançılıq anlayışı milli ideya anlayışı ilə və dövlətçiliklə bağlı olduğu üçündür ki, ona müxtəlif siyasi baxışlara malik olanlar müxtəlif istiqamətlərdən yanaşmağa meyl göstərirlər. Bəzən isə məsələ o dərəcədə dolaşdırılır ki, əslində, “azərbaycançılıq” anlayışının nə olması barədə konkret fikir yaratmaq mümkün olmur. Hətta, “Azərbaycançılıq nədir?” sualına hərə bir cür, hər kəs özü başa düşdüyü kimi cavab verir. Ramiz Mehdiyevin bu mənada M.Karpoviçdən gətirdiyi sitat tamamilə yerinə düşür. Politoloq M.Karpoviçə görə, “Rusiya ideyası» anlayışının nə demək olduğu müəllifin özünə qaranlıqdır. Ancaq müəllifin göstərdiyinə görə rus ideyalarının mövcudluğu inkar edilmir. Bunların məcmusu və qarşılıqlı təsiri rus ideyaları tarixinin məğzini təşkil edir”. Nəzərə aldıqda ki, M.Karpoviçin bu fikirləri sovet dövrünə aiddir, onda ona haqq qazandırmaq olar ki, həmin dövrdə “milli ideya” anlayışı barədə açıq bir fikir söyləmək imkanları yox idi. Müasir dövrdə “milli ideya” və «azərbaycançılıq» anlayışlarının bir - birindən fərqli təqdim olunması müxtəlif siyasi baxışların mövcudluğu ilə bağlıdır. Ancaq bu barədə nə qədər çox yazılsa, nə qədər daha artıq tədqiqat aparılsa məsələyə bir o qədər də aydınlıq gətirmək mümükün olacaqdır.

Müasir dövrdə azərbaycançılıq anlayışının doğru və düzgün başa düşülməsində mövcud olan əsas çətinliklərdən biri onun türkçülük anlayışı ilə qarışdırılmasmdan ibarətdir.

Nizaməddin Şəmsizadəyə görə “Azərbaycan ideologiyası üç təməl üzərində bərqarar olur: türkçülük, islamçılıq və azərbaycançılıq. Bu üç təməl tarixi vəhdətdə olub, xalq bu vəhdəti həyat tərzində, düşüncəsində, arzusunda, nəğməsində, bayatısında - bir sözlə, ictimai və bədii təfəkküründə qoruyub saxlayıb, qırılmağa, ayrılmağa qoymayıb. Türkçülük Azərbaycan xalqının milli idealı - məfkurəsidir. Onun əsasında, öz soy kökünə, əslinə və bütün dünya türklərinə məhəbbət dayanır”. N.Şəmsizadə həmçinin, azərbaycançılığı özündə türkçülük, islamçılıq və Qərb dəyərlərini birləşdirən bir ideologiya adlandırır.

Vahid Ömərov

fəlsəfə üzrə fəlsəfə doktoru, dosent


Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyinin həyata keçirdiyi “Azərbaycançılıq ideologiyası: təşəkkül tapması, tarixi inkişaf mərhələləri, istiqamətləri” adlı layihəsi çərçivəsində çap olunur.