Azərbaycanı məhv olmaqdan xilas edən dahi lider

Azərbaycan 1991-ci il 18 oktyabrda Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edərək Dövlət müstəqilliyini bərpa etsə də, onu qoruyub yaşatmaq böyük sual altında idi. Ölkədə hökm sürən siyasi hərc-mərclik, kriminal ünsürlərin meydanda at oynatması, separatizm meyllərinin güclənməsi, Qarabağda baş qaldıran müharibə və ən əsası hakimiyyətdə olan siyasi qüvvələrin səriştəsizliyi dövlətimizi uçuruma aparırdı. Azərbaycan parçalanma, məhv olmaq təhlükəsi qarşısında qalmışdı. Kənar güclər və böyük dövlətlər burada öz çirkin siyasi maraqlarını həyata keçirməyə çalışırdılar. 

Xalq artıq hakimiyyətdəki insanlara inanmırdı, yeni xilaskar axtarışındaydı. Gözlər Naxçıvana dikilmişdi. Hər kəs Ulu Öndər Heydər Əliyevin böyük məsuliyyətin altına girib Bakıya gələrək siyasi idarəçilik sükanı arxasına keçməsini səbirsiliklə gözləyirdi. Amma Moskvada olduğu kimi, Bakıda da Kremlin sifarişi ilə hərəkət edən qüvvələr Heydər Əliyevi siyasi proseslərdən kənarlaşdırmaq, hətta onu həbs etmək, fiziki cəhətdən aradan götürmək istəyirdilər. Xalqımız bu cür mənfur planların baş tutmasına imkan vermədi. Ölkə ziyalıları, ictimaiyyət nümayəndələri Heydər Əliyevə müraciət ünvanladılar, Naxçıvana gedib onu Bakıya dəvət edilər. Ulu öndər paytaxta gəlmək istəmirdi. Amma o, xalqın israrlı təkidi ilə Bakıya gəldi və ölkədə hökm sürən xaosu yatırmağa, siyasi hərc-mərcliyi aradan qaldırmağa, sabitlik yaratmağa başladı. İlk görəvi Gəncəyə səfər edərək orada baş qaldıran qiyamı yatırmaq oldu. Heydər Əliyevin Azərbaycana qayıdışı ilə ölkənin bütün sahələrini bürüyən böhran tədricən aradan qalxdı. İctimai-siyasi sabitlik bərpa olundu, Ordu quruculuğu və torpaqlarımızın işğalının dayandırılması istiqamətində çox böyük işlər görüldü. Ulu Öndər yaxşı bilirdi ki, əvvəlki siyasi iqtidarın dövründə işğal edilmiş torpaqlarımızı geri almaq üçün zamana ehtiyac var. Çünki ordu yox idi, ayrı-ayrı silahlı birləşəmələr vahid komandanlıq, koordinasiya olmadan hərəkət edirdilər. Mərhum prezidentin ilk işlərindən biri Silahlı Qüvvələri toparlamaq, yenidən qurmaq və gücləndirmək idi. Bunun üçün ardıcıl, prinsipial işlər aparıldı. Ölkənin müdafiə sistemi gücləndirildi, müasir silahlar alınaraq orumuzun ixtiyarına verildi. Xarici ölkələrdə diplomatik, iqtisadi əlaqələr quruldu. Rusiya ilə münasibətlərdəki problemlər aradan qaldırıldı, Türkiyə ilə əlaqələrimiz strateji səviyyəyə yüksəldildi. “Əsrin müqaviləsi” ilə Azərbaycanın öz təbii sərvətləri üzərində tam ixtiyar sahibinə çevrildi və iqtisadi inkişafımız üçün lazım olan baza formalaşdırıldı. 

Dahi şəxsiyyət kimi Ulu Öndərin adı Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. O, xilaskarlıq missiyasını uğurla yerinə yetirdi və Azərbaycanın mövcudluğu üçün əlindən gələni etdi. Onun həyat yolu Azərbaycan xalqının mənəvi xəzinəsi oldu. Azərbaycanın bu günkü inkişafı və torpaqlarımzın azadlığı məhz ulu öndər Heydər Əliyev strategiyası sayəsində mümkün oldu. Onun yerinə yetirə bilmədiyi, yarımçıq qalan işlərini  Ali Baş Komandan İlham Əliyev uğurla tamamladı. O, atasının bir nömrəli vəsiyyətini  - torpaqlarımızın işğaldan azad olunması missiyasını uğurla yerinə yetirdi. Milli ruhu azərbaycançılıq ideologiyası ilə yoğrulmuş gənclik vətənpərvər ruha sahib oldu. Gənclərimiz könüllü olaraq Ordu sıralarına yazılaraq Qarabağın azadlığı uğrunda canlarını fəda etdilər. Ali Baş Komandanına güvənən, onun ətrafında sıx birləşən, əmrlərini böyük ləyaqətlə yerinə yetirən gənclik bizə qələbə yaşatdı! Bu, Ulu Öndərin görmək istədiyi gənclik idi.

 Bütün bunlar Heydər Əliyev duhasının və uzaqgörənliyinin nəticəsində mümkün oldu.  Azərbaycanın dünəni və bu günü  Heydər Əliyev amalının və xəttinin məntiqi nəticəsidir. Eyni zamanda parlaq gələcəyimiz də məhz Ulu Öndərin qoyduğu strategiya əsasında mümkündür.  Bu gün ümummilli liderin ruhu şaddır. Çünki onun memarı olduğu müstəqil Azərbaycanın sükanı etibarlı əllərdədir. Bu gün dünya bizimlə hesablaşır. Azərbaycan regionun aparıcı ölkəsi kimi bölgəmizdə sülh və təhlükəsizliyin əsas qarantıdır.

Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı