Azərbaycanın artıq daxili təhdidləri yoxdur

Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlər arasında qarşılıqlı bərabərhüquqlu və faydalı əməkdaşlığa xidmət etmək üçün fəaliyyət göstərən regional dövlətlərarası təşkilatdır. MDB 8 dekabr 1991-ci il tarixində Belarus Respublikası, Rusiya Federasiyası və Ukrayna tərəfindən Minsk şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Saziş” əsasında təsis edilmişdir. Xatırladım ki, 24 sentyabr 1993-cü il tarixində MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının MDB-yə üzv qəbul olunmasına dair qərar qəbul edilmişdir.

Respublikamızın MDB ilə əlaqələri, o cümlədən də quruma daxil olan ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətləri qarşılıqlı hörmət prinsipinə əsaslanır və milli maraqlara xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edib.

Bütün istiqamətlər üzrə, o cümlədən təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmasların mövcud olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: Azərbaycan MDB-nin işində iştirak etməyə həmişə böyük əhəmiyyət verib. Bütün istiqamətlər üzrə və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sıx təmaslar mövcuddur”,

Daim operativ informasiya mübadiləsinin aparılmasının önəmini də xüsusi qeyd edən Azərbaycan Prezidenti cənab İlham Əliyev deyib: “İnformasiya, o cümlədən onun qəbul edilməsi və ona reaksiya verilməsi baxımından böyük əhəmiyyətə malikdir. Əlbəttə ki, ölkələrimiz arasında sıx qarşılıqlı fəaliyyət əməkdaşlığın səmimi, məqsədyönlü nəticəyə və mümkün təhdidlərin profilaktikasına və ya aradan qaldırılmasına yönəlmiş əməkdaşlıq üçün gözəl imkanlar yaradır”.

Bununla belə, Qərbdəki erməni havadarlarının Azərbaycana qarşı iyrənc təxribata və yalançı kampaniyaya əl ataraq hər şeydə bizi ittiham etdiklərini vurğulayan dövlətimizin başçısı bildirib: “Burada əsas skripkanı çalan Fransadır və bu, həm sözügedən ölkənin rəsmi şəxslərinin bəyanatlarında, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində, həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir. Azərbaycan işğalçı kimi təqdim edilir, Ermənistan isə qurban kimi qələmə verilir”.

Tədbirlərdə müstəqil dövlətlərin MDB çərçivəsində əməkdaşlığının müxtəlif aspektlərinə dair bir sıra məsələlər geniş müzakirə edilib. Xüsusi olaraq vurğulanıb ki, ötən dövrdə ənənələrə uyğun olaraq ölkələr arasında münasibətlərin möhkəmlənməsinə və inkişafına xüsusi əhəmiyyət verilib.

 

Akif Rəfiyev, Binəqədi Rayon Ağsaaqllar Şurasının sədri, Qarabağ müharibəsi veteranı