BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin ən böyük birliyi olan Qoşulmama Hərəkatına Azərbaycan bu il də sədrlik edir. Azərbaycanın Hərəkata sədrliyi təşkilatın, eyni zamanda, Azərbaycanın dünyaya sülh mesajları verməsi istiqamətində mühüm əhəmiyyətə malikdir.
Qoşulmama Hərəkatının Bakıda keçirilən COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün iştirakçıları da etiraf edirlər ki, Azərbaycanın Qoşulmama Hərəkatında iştirakı ölkəmizin uğurlu xarici siyasəti ilə bağlıdır və bu sədrlik Hərəkatın fəaliyyətinə dinamiklik gətirib.
Bunu Milli Məclisin deputatı İltizam Yusifov AZƏRTAC-a açıqlamasında söyləyib.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin tam məntiqli və qanunauyğun olduğunu diqqətə çatdıran deputat əlavə edib: “Ölkəmiz hər hansı bir formada hərbi bloklara qoşulmamaq kursuna sadiqlik nümayiş etdirir. Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmiz təşkilatın fəaliyyətinin gücləndirilməsi ilə bağlı bir sıra təşəbbüslərlə çıxış edib. Azərbaycanın sədrliyinin koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, ölkəmiz çevik və səmərəli şəkildə öz sədrlik gündəliyini yeni reallığa uyğunlaşdırıb. Əlbəttə, bu prosesdə Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin təşəbbüskarlığı, qətiyyəti və siyasi iradəsi də mühüm rol oynayıb. Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Belə ki, məhz Azərbaycanın sədrliyi altında Qoşulmama Hərəkatı dünya ictimaiyyətini pandemiya ilə mübarizədə səfərbər etdi. Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında QH-nin COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti keçirildi. Bu sammitdə Prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif dünya ictimaiyyəti tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir hesab olunur. Eyni zamanda, QH sədri kimi ölkəmiz “peyvənd millətçiliyi”nə qarşı uğurla mübarizə apardı. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi.
Azərbaycan bundan sonra da fəaliyyətini eyni istiqamətdə davam etdirəcək. Qoşulmama Hərəkatı bizim milli maraqlarımızı təmin etmək üçün bir platformadır. Azərbaycanın Qoşulmama Hərəkatında sədrlik etdikdən sonra həyata keçirdiyi fəaliyyət göstərir ki, ölkəmiz bu istiqamətdə qarşısına qoyduğu məqsədlərə çatır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir. Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra Azərbaycanın quruma sədrlik etməsi üzv dövlətlərin ölkəmizə olan etimadının və Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, eləcə də respublikamızın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsinə çevrildi. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı təşviq etməsi dünya birliyi tərəfindən təqdir olunur”.
İltizam Yusifov qeyd edib ki, Azərbaycanın növbəti dəfə qlobal məsələlərin müzakirə olunacağı mühüm bir toplantıya ev sahibliyi etməsi, eyni zamanda, ölkəmizin multilateralizmə və qlobal həmrəyliyə verdiyi önəmin göstəricisidir. Bu gün Qoşulmama Hərəkatı siyasi və hərbi gərginliklərin hökm sürdüyü dünyada ən ideal və optimal beynəlxalq siyasi platformadır. Ötən gün Bakıda keçirilən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə Prezident İlham Əliyev dünyanı bürüyən təhdidlər fonunda Hərəkatın nüfuzlu qurum olaraq beynəlxalq arenada dünya düzəninin yenidən formalaşmasında fəal iştirakının və səmərəli fəaliyyətinin vacibliyinə toxunub. Prezident təəssüflə bildirib ki, bu gün dünyada neokolonializm meylinin artdığı müşahidə olunur. Bunun qarşısını almaq üçün Qoşulmama Hərəkatının üzv dövlətləri bəşəriyyətin bu rüsvayçı səhifəsinin tamamilə aradan qaldırılması istiqamətində birləşməli, bu yöndə ciddi addımlar atmalıdır.