Azərbaycan 2011-ci ildən üzv olduğu Qoşulmama Hərəkatının fəal və obyektiv mövqeyə malik olan bir üzvüdür. Qoşulmama Hərəkatına üzv olduğu dövrdən bu günə kimi ölkəmiz öz prinsipial mövqeyi və uğurlu əməkdaşlıq fəaliyyəti ilə yadda qalan ölkələrdəndir. Dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransının ölkəmizdə keçirilməsi də dövlətimizin artan nüfuzunun bariz göstəricisidir.
Cari ilin aprelin ayının 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun birgə bəyanatla çıxış zamanı Ölkə başçısı cənab İlham Əliyev bildirmişdir: “Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir. Bizim təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini vermişdir və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir”.
Azərbaycanın cari ilin yanvar ayına qədər BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatı olan Qoşulmama Hərəkatına 4 il sədrlik etdiyi dövrdə Prezident İlham Əliyev Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırdı. Ölkə başçısının həyata keçirdiyi bu siyasət ölkəmizin beynəlxalq səviyyədə tanınmasına və maraq oyanmasına səbəb oldu. Bu mənada Azərbaycanla daha çox maraqlanan ölkələrdən biri də Afrikanın böyük dövlətlərindən biri də Konqo Respublikasıdır.
Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycana rəsmi səfəri çərçivəsində prezidentlərin iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi olub. İmzalanan Bəyannamənin önəmini vurğulayan Ölkə Prezidenti cənab İlham Əliyev bu sənəd ölkələr arasındakı əməkdaşlığın perspektivlərini müəyyən edəcəyini qeyd etmişdir: “Əminəm ki, Konqo ilə Azərbaycan arasında güclü dostluq əlaqələri yaradılacaqdır. İmzalanmış Əməkdaşlıq haqqında Bəyannamə münasibətlərimizin gözəl təməlidir. Bu, çox önəmli və sanballı bir sənəddir, bizim əməkdaşlığımızın perspektivlərini müəyyən edəcək”.
Bütün bu reallıqları bir daha onu sübut edir ki, Azərbaycan müstəqil bir dövlət olaraq beynəlxalq hüququn qayda və prinsiplərinə sadiqdir. Eyni zamanda ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir. Bunun nəticəsi kimi, Azərbaycanın dünyanın müxtəlif bölgələri, o cümlədən Afrika qitəsi ölkələri ilə əlaqələri inkişaf edir.
Riyad Rüstəmli - ADPU-nun rektor köməkçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru