Azərbaycanın əzminin, gücünün iradəsi

Fevralın 13-də Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonuna - Ağdam və Ağcabədi rayonlarına səfər etdi. Səfər zamanı diqqətçəkən bir neçə vacib məqamı xüsusilə qeyd etmək lazımdır. İlk növbədə, vurğulamalıyıq ki, həm işğaldan azad olunmuş ərazilərin bərpasının, həm də ölkənin digər regionlarının inkişafının dövlət başçısının diqqət mərkəzindədir. Hər bir rayonun, şəhərin, kəndin tərəqqisi, yaşamaq və işləmək üçün şəraitin yaradılması bütövlükdə Azərbaycanın daha da qüdrətli və güclü olması deməkdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova ifadə edib.

Deputat bildirib ki, Ağdam rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, Ağcabədi rayonunda “Ağcabədi” yarımstansiyasının açılışları, işğaldan azad olunmuş ərazilərdə enerji kompleksinin bərpası, son bir neçə ildə ölkədə yaradılmış enerji gücləri, enerji infrastrukturunun təkmilləşdirilməsi və modernləşdirilməsi istiqamətində görülən işlərin ümumi təsviri bu fikirləri deməyə əsas verir.

“Dövlətimizin başçısı Ağdam Sənaye Parkında iki müəssisənin təməlini qoydu. Ölkəmizdə 5 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları, 5 sənaye məhəlləsi – Hacıqabul, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri fəaliyyət göstərir. Bundan əlavə, Ələt Azad İqtisadi Zonasının, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, biznesin innovativliyinin və səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsul istehsalında, neft-qaz amilindən asılılığın azaldılmasında, qeyri-neft sektorunun inkişafında və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayacaq. Səfər zamanı Prezident İlham Əliyev iş adamlarına, sahibkarlara çağırış etdi ki, həm Ağdama, həm də azad edilmiş bütün digər ərazilərə sərmayə qoysunlar, vəsait qoysunlar. Əlbəttə ki, bu çağırışın möhkəm əsasları var. Çünki bu gün ölkədə biznes fəaliyyəti üçün, sahibkarlar üçün çox gözəl şərait yaradılmışdır. Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər verilir. Respublikanın bütün bölgələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün mühüm infrastruktur layihələri icra olunur. Bu çağırış həm də azad olunmuş torpaqlarımızın daha tez bir zamanda dirçəlməsinə səbəb olacaqdır. Sahibkarlar maraqlı layihələr təqdim edə bilərlər, işğaldan azad olunmuş ərazilərə qayıdan insanlar həm yaşamalı, həm işləməli, həm də hansı sahə üzrə məşğulluq fəaliyyəti göstərməlidir. Əlbəttə ki, bu dəvət bütün sahibkarları, o cümlədən də qadın sahibkarları səfərbər edəcəkdir. Onların bir çoxu öz layihələrini təqdim ediblər. Bu həm də özəl sektorun inkişafına yeni bir təkandır”, - deyə H.Hüseynova qeyd edib.

Deputat vurğulayıb ki, digər vacib məsələ işğaldan azad edilmiş ərazilərdə mədəni-tarixi irsimizin bərpa edilməsidir. Otuzillik işğal zamanı ermənilər vandalizm aktları törədərək məscidləri, muzeyləri dağıdıblar. Prezident İlham Əliyevin dediyi kimi: “Ağdamda bir dənə də olsun salamat bina yoxdur. Təkcə bu yarıdağılmış məsciddir ki, onun da dam örtüyü zədələnmişdir. Bu məscid ermənilər tərəfindən təhqir edilib, burada inəklər, donuzlar saxlanılıb. Ermənilər nəinki Azərbaycan xalqını, bütün müsəlman aləmini təhqir ediblər. Ağdam şəhərində, Ağdam rayonunda bu yarıdağılmış məsciddən başqa bir dənə də bina ayaq üstə deyil. Bütün binalar, bütün kəndlərdəki evlər, ictimai binalar ermənilər tərəfindən dağıdılıb. Bu, misli görünməmiş barbarlıqdır, vandallıqdır, vəhşilikdir. Bu, erməni faşizminin eybəcər sifətinin göstəricisidir. Bütün dünya bunu görməlidir və görür”.

Hicran Hüseynova diqqətə çatdırıb ki, hələ işğal dövründə Azərbaycan dövləti UNESCO-nu bizim ərazilərdə nələrin törədildiyini görməyə dəvət etmişdi. Ancaq UNESCO rəsmiləri bildirdilər ki, qurum siyasi məsələlərə qarışmır. Əlbəttə ki, bu, ədalətsiz yanaşma idi. Lakin Azərbaycanın tarixi abidələrinin dağıdılması barədə rəsmi Bakı daim UNESCO-nu və digər beynəlxalq qurumları məlumatlandırıb. Hələ 2007-ci ildə “Azərbaycana qarşı müharibə - mədəni irsə hücum” adlı kitab hazırlanaraq UNESCO-ya təqdim edilib. Kitabda ölkəmizin işğal edilmiş ərazilərində Ermənistan tərəfindən dağıdılmış mədəni və dini abidələrin siyahısı, onların qəsdən saxtalaşdırılaraq erməniləşdirilməsi, alban kilsələrinin erməni kilsələri kimi təqdim edilməsi barədə geniş məlumatlar yer almışdı. Lakin UNESCO buna da adekvat reaksiya verməyib.

Qarabağda və Qərbi Azərbaycanda (İndiki Ermənistanda) məşhur tarix və mədəniyyət abidələrinin dağıdılması, ermənilərin özbaşınalığı "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Arxeoloji irsin mühafizəsi haqqında" 1992-ci il Avropa Konvensiyasına, Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyasına ziddir.

“Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə fevralın 4-də Fransanın Avropa İttifaqına sədrliyi qismində özünün, Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşün ən mühüm məqamlarından biri UNESCO-nun Azərbaycan və Ermənistana missiya göndərməsinə dair razılıq ifadə edilməsi oldu. Ümid edirik ki, bu sahədə işlər tez bir zamanda başlayacaq”, - deyən Milli Məclisin deputatı vurğulayıb ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda məscid və digər mədəni-tarixi abidələr Heydər Əliyev Fondunun öz daxili imkanları hesabına bərpa edilir, tikilir, yenidən qurulur.

Deputat deyib ki, bu gün Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Mədəni və Qeyri-Maddi Mədəni İrs Siyahısına Azərbaycan mədəniyyətinin bir çox inciləri daxil edilib. Onun rəhbərliyi ilə Fondun dünya əhəmiyyətli tarixi, dini, mədəni abidələri bərpa etməsi həm də ümumilikdə ölkəmizin təbliği, dünyada layiqincə təmsil olunması baxımından mühüm əhəmiyyətə malikdir. Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi çoxşaxəli fəaliyyət proqramı nəticəsində dünya mədəni irsinin bir çox nümunələri bərpa edilərək, yenidən insanlara təqdim olunub. Bu, həm də ölkəmizin dinlərarası və mədəniyyətlərarası dialoqa verdiyi növbəti töhfədir. Lakin Ermənistan bir ölkə olaraq bu istiqamətdə hansı layihə həyata keçirib? Dünya mədəniyyətinə hansı töhfəni verə bilib? Əlbəttə ki, heç nə etməyib, əksinə başqa xalqın, millətin mədəniyyətini, tarixini dağıdıb, tarixi-mədəni abidələrə qarşı vəhşilik edib. Mədəni irsin qorunması ümumbəşəri öhdəlikdir və siyasi məqsədlər üçün istifadə olunmamalıdır. Azərbaycanın mövqeyi haqlı və davamlıdır. Azərbaycan dövləti hər zaman olduğu kimi, bu gün də UNESCO missiyasının təşkilinə qarşı çıxmır, sadəcə, ədalətli olmağa çağırır.

“Prezident İlham Əliyevin səfərinin digər xüsusi əhəmiyyəti yenidən Ermənistanla sülh müqaviləsinin əsas şərtini açıqlaması idi. Dövlətimizin başçısı bir daha vurğuladı: “Əlbəttə ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərti ilə bu sülh müqaviləsi imzalanmalıdır. Ancaq Azərbaycan xalqı bu vəhşiliyi heç vaxt unutmamalıdır. Heç kim bu vəhşiliyi unutmamalıdır”. Xalqımız uzun bir mübarizə yolu keçərək, vuruşaraq, şəhid verərək tarixi torpaqlarımızı erməni işğalından azad etmişdir. Biz bu torpaqlarda daimi yaşayacayıq, bunun üçün bütün işlər səfərbər olunur, ordumuz daha da gücləndirilir. Azərbaycan heç bir revanşist qüvvəyə və onların havadarlarına fürsət verməyəcək”, - deyə deputat fikirlərini tamamlayıb.