Azərbaycanın mövqeyi Soçidə də dəyişməz olaraq qaldı

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Soçidə keçirilən görüşündə əsas məsələ 10 noyabr bəyanatının icrası, erməni silahlılarının Qarabağdan çıxarılması, iki ölkə arasında sərhədlərin delimitasiyası və sülh prosesinin sürətləndirilməsi oldu.

Ümumilikdə görüşün yekunları onu deməyə əsas verir ki, Soçidə də Azərbaycanın mövqeyi dəyişməz olaraq qaldı. Beynəlxalq hüquqa əsaslanan 5 baza prinsipi ilə sülhə nail olmaq əsas məsələ kimi qeyd edildi. Ölkə ictimaiyyəti əmin idi ki, Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyü, o cümlədən, Qarabağ məsələsində ardıcıl, prinsipial mövqeyə malikdir və ən xırda güzəştə belə getməyəcək. Əksinə 44 günlük Vətən müharibəsindəki Qələbənin məntiqi davamı olaraq diplomatik hücum siyasətinin sürətini bir qədər artıracaq. Gözləntilər özünü doğrultdu. Hətta Soçi görüşünü Ermənistanın növbəti diplomatik məğlubiyyəti, Azərbaycanın isə daha bir qələbəsi kimi qiymətləndirmək olar.

Bu fikirləri Milli Məclisin deputatı İltizam Yusifov AZƏRTAC-a açıqlamasında söyləyib.

Onun sözlərinə görə, Soçi bəyanatından da aydın olur ki, sənəddə əksini tapan müddəalar Azərbaycanın maraqlarına cavab verir. Bundan başqa, Azərbaycan və Ermənistan arasında bütün problemli məsələlərin yalnız BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən, bir-birinin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınması əsasında həlli razılaşdırılıb. Ermənilər ümid edirdilər, Nikol Paşinyan isə çox çalışırdı ki, Soçidə Qarabağın dağlıq hissəsinin statusu ilə bağlı hansısa üstünlük əldə etsinlər. Amma bu baş vermədi.

“Prezident İlham Əliyevin “Qarabağ münaqişəsi iki il əvvəl həll olunub. Bu kontekstdə praktiki olaraq müzakirə olunacaq heç nə yoxdur”, deməsi, qarşı tərəfi çıxılmaz vəziyyətə qoydu. Aydındır ki, maraqlı qüvvələr ciddi cəhdlə çalışırlar ki, Qarabağ münaqişəsi həll olunmamış qalsın və hər dəfə bu kartdan istifadə edib Cənubi Qafqazı təsir imkanlarında saxlasınlar, Azərbaycana təzyiq göstərsinlər. Azərbaycan dövlətinin başçısı Soçidə maraqlı tərəflərin bu təsir rıçaqlarını blokladı, Qarabağın Azərbaycan ərazisi olduğunu və bütün məsələlərin ölkə konstitusiyası çərçivəsində həll ediləcəyini bəyan etdi.

Maraqlıdır ki, N.Paşinyanın Soçidə heç bir təklifi nəzərə alınmadı. O, görüşdə bildirib ki, Azərbaycan guya 2021-ci ilin may ayında Ermənistan sərhədini pozub və bəyanata 2021-ci ilin may ayından əvvəlki status-kvonun bərpa olunmasının salınmasını istəyib. Bundan başqa, Paşinyan sentyabrın 13-14-də sərhəddə baş verən insidentin də Bəyanatda əksini tapmasına çalışıb. Erməni baş nazirin Qarabağdakı Rusiya sülhməramlı missiyasının səlahiyyət müddətinin artırılması, erməni əsirlərin geri qaytarılmasına dair təklifləri də qulaqardı edilib. Hətta Qarabağdakı ermənilərin oktyabrın 30-da Xankəndidə keçirdiyi “izdihamlı mitinq”in də Soçidəki danışıqlara təsiri olmadı. Yayılan məlumatlara görə, heç bir təklifinin keçmədiyini görən Paşinyan Soçidə görüşün yekunlarına dair sənədin qəbul olunmasının bloklanmasına cəhd göstərib. Amma alınmayıb. Necə deyərlər, Paşinyan Rusiyadan Ermənistana suyu süzülə-süzülə, əlləri ətəklərindən uzun halda qayıtdı”, - deyə İltizam Yusifov vurğulayıb.

O qeyd edib ki, təbii olaraq indiki məqamda Azərbaycanın əsas məqsədi Ermənistanı sülhə məcbur etmək, sərhəd xətlərini müəyyənləşdirməkdir. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması, Naxçıvana maneəsiz gediş-gəlişin təmin edilməsi də əsas hədəflərimizdəndir. Prinsipcə, Ermənistan Naxçıvana Azərbaycanın Qərb rayonlarından kommunikasiya xətlərinin çəkilməsinə etiraz etmir və hətta müəyyən yol xəritələri də təklif edib. Ermənistanın təklif etdiyi yol xəritələri Azərbaycan üçün əlverişli və təhlükəsiz sayıla bilməz. Əminik ki, Paşinyanın nə deməsindən asılı olmayaraq, Ermənistan gec-tez Zəngəzur dəhlizinin çəkilməsilə razılaşacaq. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Zəngəzur dəhlizi artıq reallıqdır. Zəngilan rayonunun ərazisindən keçən həm dəmir yolu, həm avtomobil yolu nəinki Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, eyni zamanda, beynəlxalq yükdaşımaları üçün yeni bir beynəlxalq yol olacaq. 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli Bəyanatın 9-cu bəndində nəzərdə tutulan Zəngəzur dəhlizinin bərpası bölgədə sabitliyin qarantıdır.

“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Dövlətimizin başçısının layihə ilə bağlı gördüyü işlər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması bu mühüm kommunikasiyanın nəzərdə tutulduğu müddətdə istifadəyə veriləcəyinə əminlik yaradır”, - deyə deputat əlavə edib.