Heç bir ölkədən iqtisadi asılılığı olmayan, öz təbii ehtiyatları hesabına dayanıqlı iqtisadiyyatını təmin etmiş Azərbaycan artıq dünya ölkələrinin əksəriyyətinin enerji təminatında mühüm rol oynayır. Zəngin karbohidrogen və enerji potensialına malik Azərbaycan artıq dünya dövlətlərinin diqqətini cəlb etməkdədir. Sirr deyil ki, Azərbaycanın zəngin enerji resursları öz iqtisadiyyatının potensialını gücləndirməklə yanaşı, həm də dünya ölkələri ilə siyasi, iqtisadi, humanitar və hərbi sahədə əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır. Məlum olduğu kimi müstəqillik əldə etdikdən sonra tikilib istifadəyə verilmiş neft və qaz kəmərləri Azərbaycan nefti və qazını dünya bazarlarına çıxarmaq üçün müstəsna əhəmiyyət kəsb edir. Bu isə o deməkdir ki, artıq Azərbaycan müstəqil dövlət olaraq öz enerji problemlərini uğurla həll edir. Bunun nəticəsidir ki, ölkəmiz qlobal miqyasda qaz ixrac edən ölkəyə çevrilib. Beləliklə Azərbaycanın beynəlxalq əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərinin artması daha da böyük uğurlar vəd edir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı İltizam Yusifov Slovakiya Baş naziri Robert Fitsonun ölkəmizə səfərini şərh edərkən bildirib.
O deyib ki, Azərbaycanın artan iqtisadi qüdrəti ölkəmizə olan marağı artırmaqla yanaşı, beynəlxalq və regional əməkdaşlıq sahəsində istəkləri də reallaşdırır. Etiraf edilməlidir ki, ölkəmizin artan iqtisadi qüdrəti dünya dövlətləri ilə təhlükəsizlik və hərbi sahədə əməkdaşlığa da təsirsiz ötüşməyib. Məlum olduğu kimi hazırda Azərbaycan dünyanın bir çox ölkələri ilə təhlükəsizlik və hərbi sahədə əməkdaşlıq edir. Slovakiya ilə müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq da bu sahədə aparılan uzaqgörən siyasətin tərkib hissəsidir. Təsadüfi deyil ki, Baş nazir Robert Fitsonun ölkəmizə səfəri çərçivəsində Azərbaycan və Slovakiya arasında hərbi əməkdaşlığa dair mühüm sazişlər imzalanıb. İmzalanan sənədlərlə Azərbaycan və Slovakiyanın müdafiə sektorunda mümkün əməkdaşlıq istiqamətləri müəyyən edilib.
“Azərbaycanın enerji siyasəti ölkəmiz, xalqımız və region üçün böyük faydalara yol açır. Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və Slovakiya 9-cu ölkə olacaq. Yeri gəlmişkən xatırladaq ki, ötən il aprelin 25-də Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın qaz nəqli operatorları ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafına dair anlaşma memorandumu imzalanıb. “Həmrəylik halqası” adlanan bu təşəbbüs Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş qaz ötürücü sistemləri şəbəkəsi vasitəsilə Avropaya əlavə qaz tədarükü üçün əməkdaşlıq sahələrini müəyyən edir. Bu layihə Mərkəzi, Şərqi və Cənubi Avropa regionunda enerji təchizatının təhlükəsizliyini və şaxələndirilməsini təmin edəcək. Bununla Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfənin miqyasının nə qədər geniş olduğu göz önündə canlanır. Bundan başqa, 2011-ci ildə Avropa İttifaqı ilə Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə, 2012-ci ildə Türkiyə ilə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) üzrə saziş, bir il sonra isə “Trans-Adriatik” (TAP) boru kəməri layihəsi üzrə müqavilələr imzalanıb. Həmçinin 2013-cü ildə “Şahdəniz II” konsorsiumunun üzvləri yekun investisiya qərarını qəbul ediblər. Bununla da Azərbaycan qazının Avropa İttifaqına ixrac edilməsi üçün infrastrukturun yaradılması təmin olunub. 2022-ci ilin iyulunda Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi isə ölkəmizin İttifaqın enerji təhlükəsizliyinə verdiyi töhfənin bariz nümunəsidir. Onu da qeyd edək ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun daha da artacağı istisna olunmur. Belə ki, əgər 2021-ci ildə Azərbaycan Avropaya 8 milyard kubmetr qaz ixrac edirdisə, bu il bu rəqəmin 12 milyarda qədər artması gözlənilir. 2027-ci ilin sonunadək təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi planlaşdırılır”, - deyə deputat bildirib.
İltizam Yusifovun sözlərinə görə, Slovakiyanın Baş nazirinin ölkəmizə səfəri zamanı keçirilmiş Slovakiya-Azərbaycan biznes forumu iki ölkə arasında biznes sahəsində əməkdaşlıq üçün münbit zəmin yaradır: “Xüsusilə Ağdamın Qərvənd kəndinin yenidən qurulmasında Slovakiya şirkətinin iştirakı yüksək dəyərləndirilməlidir. Ona görə ki, işğaldan azad edilmiş torpaqlarda “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyasında slovakiyalı mütəxəssislərin iştirakı hazırkı şəraitdə xüsusi əhəmiyyət kəsb edir. Bu səbəbdən demək olar ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rola malik olduğu artıq heç kəsdə şübhə yaratmır. Əksinə, enerji strategiyamızın uğurla həyata keçirilməsi nəticəsində meydana çıxan təşəbbüslər daha yeni layihələrin üzərində işlənilməsini vacib edir”.