Azərbaycanın kimyaçı alimi, AMEA-nın akademik Ə.М.Quliyev adına Aşqarlar Kimyası İnstitutunın baş elmi işçisi, kimya elmləri doktoru Səbirə Sərdarova 81 yaşında vəfat edib.Bu barədə məlumat Akademiyanın rəsmi saytında qeyd olunub.Səbirə Əbdüləli qızı Sərdarova 1940-cı il yanvarın 1-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Orta təhsilini Bakı şəhər 134 və 6 saylı məktəblərdə aldıqdan sonra 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsinə qəbul olub. 1962-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra Üzvi kimya kafedrası üzrə aspiranturaya daxil olub. 1965-ci ildə aspiranturanı bitirdikdən sonra elmi rəhbəri akademik Ə.M.Quliyevin dəvəti ilə Aşqarlar Kimyası İnstitutuna mühəndis vəzifəsinə işə qəbul edilib.Sabirə Sərdarova 1967-2010-ci illər ərzində Aşqarlar Kimyası İnstitutunda kiçik, böyük və aparıcı elmi işçi vəzifələrində, 2010-cu ildən vəfatına kimi isə baş elmi işçi vəzifəsində çalışıb. 1967-ci ildə “Tiotetralollar (sintezi, xassələri və tədqiqi)” mövzusunda namizədlik, 1994-cü ildə isə “Aminometilləşdirilmiş hidroksiasetofenonlar (sintezi, xassələri, tədqiqi)” mövzusunda doktorluq işini müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsini alıb. O, üzvi kimya sahəsində yüksək ixtisaslaşmış mütəxəssis idi. Onun elmi fəaliyyəti bilavasitə AMEA-da akademik Ə.M.Quliyevin rəhbərlik etdiyi Sürtkü yağları və aşqarlar laboratoriyası və 1965-ci ildə onun əsasında təşkil edilmiş Aşqarlar Kimyası İnstitutu ilə bağlı olub.S.Sərdarovanın elmi fəaliyyətinin əsas istiqamətini sürtkü yağları, polimerlər və yağlayıcı-soyuducu mayelərə yüksək təsirli aşqarların, stabilləşdiricilərin və biosidlərin işlənilməsi təşkil edib. Alim yeni maddələrin sintezi, onların tərkibi və quruluşlarının funksional effektivliyə təsirinin öyrənilməsi sahəsində sistematik tədqiqatlar aparıb. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə yaradılmış stabilizatorlar və biosidlərin sənayedə və tibbdə tətbiq edilməsi tövsiyə edilib.S.Sərdarova 200-ə yaxın elmi əsərin, o cümlədən 23 müəlliflik şəhadətnaməsi və patentin müəllifi idi. Onun əsərlərinin 30-u xaricdə çap olunub. Alim dəfələrlə beynəlxalq və respublika konfranslarında məruzələrlə çıxış edib. S.Sərdarova müxtəlif illərdə AMEA Rəyasət Heyəti və Kimya Elmləri Bölməsinin Fəxri fərmanları ilə təltif olunub.