Cəlilabadda kişini dəryazla ölümcül yaraladılar

Cəlilabad rayonunda sakinlər arasında yaranan mübahisə sonda qanla bitib.

Hadisə rayonun Əliabad kəndində qeydə alınıb.

Kənd sakinlərinin verdiyi məlumata görə, Əliabad kənd sakini Faiq Tofiqağa oğlu Hümbətovun mal-qarası həmkəndlisi Fariz Höcət oğlu Əhmədovun həyətyanı sahəsinə keçib. Mal-qaranı çıxarmağa gələn torpaq sahibi ilə F. Hümbətov arasında mübahisə yaranıb. Daha sonra mübahisə böyüyüb və davaya çevrilib. Dava zamanı Fariz Hümbətov mal-qaranın sahibinə dəryazla xəsarət yetirib. Xəsarət alan kişi dərhal xəstəxanaya çatdırılıb.

Cəlilabad Mərkəzi Xəstəxanasında müalicə edilən kişinin dalağının və böyrənin dəryazın yetirdiyi xəsarət nəticəsində parçalandığı bildirilib. Onun vəziyyəti ağırdır.

Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində artıq hadisəni törədən F.Əhmədov tutulub.

Kənd sakinləri onu da bildirdilər ki, xəsarət yetirən Fariz Əhmədov xəstəxanaya çatdırılan kişinin qardaşının kürəkənidir.

anspress.com