Elşad Baratın “Gələn bahar” hekayəsi

Bizə baxanda kənd camaatının vəziyyəti elə də yaxşı deyildi. Bizim də üzümüzü həyətimizdəki balaca budka ağ eləmişdi. Çay, qənd, düyü, yağ, duz, konfet, sabun kimi gündəlik lazım olan şeylər satırdıq. Budkanın müdiri də, satıcısı da mamam idi.

Həmişə, mamamın əlində yüzvərəqli dəftər olardı. Dəftərin üstünə kiril əlifbasıyla "nisyə dəftəri” yazılmışdı. Mamamın nisyə dəftərində kəndin bütün adamlarının adı var idi. Kimin ki adı yoxuydu, demək mamamın zəhləsi gedən biriydi. O dəftərə düşmək üçün gərək yalan danışmayaydın, adının silinməməsi üçün borcunu dediyin vaxtda ödəyəydin.

Mamamın nisyə dəftəri kənd camaatının müqəddəs kitabına çevrilmişdi.

Həmin "müqəddəs kitab”da yazılan ilk ad Zemfira xalanın adıydı. Zemfira xala mamamın gənclik dostu, pambıq yoldaşı olmuşdu. Kəndin ayağında pitdən qayırılmış kümədə üç qızı ilə birlikdə yaşayırdı. On ilə yaxın idi ki, əri Moskvadaydı. Bu on ildə bir əlcə məktub yazmamışdı.

Zemfira xala bütün arzu və istəklərini dilə gətirəndə ya öncədən, ya da sonda bu sözləri deyərdi:

– Day nə qalıb, uzağı gələn bahar Natiq gələcək.

Bütün baharlar kəndimizə Natiqsiz gəlirdi.

Budkamızın qapısı Zemfira xalanın üzünə həmişə açıq olardı. Papam kənd mollalarına qoşulandan daha da xeyirxah olmuş, tapşırmışdı ki, o arvadı qapıdan boş qaytarmayın, ərsiz arvaddı, üç kəsiyi var.

Dağda vələ yığanda da, dərədən su gətirəndə də Zenfira xala kiminlə qarşılaşsaydı yolüstü söhbətdə bu sözləri unutmazdı: – day nə qalıb, uzağı gələn bahar Natiq gələcək.

Böyük qızının elçi söhbətində, kiçik qızı xəstələnəndə, ortancıl qızının ayaqqabısı yırtılanda Zemfira xalanın təsəllisi eyni sözlər olurdu. Uşaqdan-böyüyə kəndin bütün adamlarına bəlkə min dəfə demişdi, day nə qalıb, uzağı gələn bahar Natiq gələcək.

Kişi işlərini gördükcə Zemfira xala kişiləşirdi. Səsi kişi səsinə oxşayırdı. Ağlayanda da lap kişi kimi ağlayırdı. Daha çox budkamızın qabağında ağladığını görmüşəm. Gözlərini ovuşdura-ovuşdura, iç vura-vura deyərdi, day nə qalıb, uzağı gələn bahar…

Yol gedəndə də kişi kimi yeriyirdi Zemfira xala. Əlləri də kişi əlinə oxşayırdı. Axır vaxtlar öz-özünə danışmağa başlamışdı. Bir də görürdün ki, əlini qaldırıb üzüyuxarı söyür. Sonra gülə-gülə özünə təsəlli verir: day nə qalıb, uzağı gələn bahar Natiq gələcək.

…Və nəhayət, Natiq gəldi. Amma elə gəldi ki, Zemfira xalanın adını belə mamamın nisyə dəftərindən sildirə bilmədi.