Yaponiyada Azərbaycan haqqında nəşr olunan kitab bestseller olub

Yaponiyada yeni nəşr olunan “Azərbaycan adlı strategiya” kitabı həftənin ən çox satılan kitabları reytinqində birinci olub. Belə ki, bu kitab Yaponiyanın bir nömrəli Kinokuniya Shinjuku kitab mağazaları şəbəkəsində bestseller olub. Diaspornews.az xəbər verir ki, üz qabığında “Azərbaycanı tanımadan dünyanı başa düşmək mümkün deyil” yazılan kitab Yaponiyada 2 mindən artıq kitabxanaya, eləcə də universitet, yerli alim və tədqiqtçılara paylanılıb. Yapon dilində dərc olunan ktabda Azərbaycanın geopolitika, enerji təhlükəsizliyi, diplomatiya və dövlət idarəçiliyi sahələrində həyata keçirdiyi strategiyalar geniş şəkildə təhlil olunur. Əsərdə ölkənin Türkiyə, İsrail, Rusiya, İran, ABŞ və Avropa dövlətləri ilə balanslaşdırılmış siyasət apararaq regional və beynəlxalq nüfuzunu gücləndirdiyi vurğulanır. Kitabda müstəqilliyin ilk illərindəki çətinliklər, “Əsrin müqaviləsi”, enerji siyasətinin uğurları və İkinci Qarabağ müharibəsindən sonra Qarabağda aparılan yenidənqurma layihələri ətraflı təsvir edilir. Müəllif həmçinin Azərbaycanın yumşaq güc siyasətini, mədəniyyət və idman diplomatiyasını, eləcə də Yaponiyanın Qarabağın bərpasında mümkün rolunu xüsusi diqqətə çatdırır. Xatırladaq ki, “Azərbaycan adlı strategiya” kitabının müəllifi Yaponiyada yaşayan soydaşımız Əlibəy Məmmədovdur. Əlibəy Məmmədov 2012-ci ildən Yaponiyada yaşayır. Hokkaydo Universitetində siyasi elmlər üzrə təhsil alıb. Yaponiya hökuməti təqaüdçüsü olmuş Əlibəy Məmmədov, eyni zamanda konfliktoloq, Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosiasiyasının sədridir. Diaspor fəaliyyətinə təhsil illərindən başlayıb.