Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı daha bir beynəlxalq layihə çərçivəsində yaradıcılıq mübadiləsinə start vermək üzrədir.
Bu barədə Sabahinfo.az teatrın mətbuat xidmətinə istinadən xəbər verir. 3 ildən artıqdır ki, Rusiya Federasiyasının Kalmıkiya Respublikası Milli Dram Teatrı ilə sıx yaradıcılıq əməkdaşlığı aparan GTT sözügedən teatrla müqavilə imzalayıb.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov və Kalmıkiya Milli Dram Teatrının baş direktoru Qalina Şurayeva arasında imzalanmış qarşılıqlı yaradıcılıq əlaqələri barədə müqaviləyə əsasən Kalmıkiya Milli Dram Teatrının bədii rəhbəri Boris Manciyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli Azərbaycan yazıçı-dramaturqu Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları” povesti əsasında "Cəhənnəmdən məktublar” tamaşasına quruluş verəcək. Bu günlərdə Bakıya səfər edəcək rejissor əsəri musiqili pritça kimi nəzərdə tutub. Tamaşada əsas rolları əməkdar artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, Şövqi Hüseynov və teatrın gənc aktyorları ifa edəcəklər.
Sözügedən teatrlar arasında 2012, 2013 və 2014-cü illərdə qastrol səfərləri həyata keçirilib. Bundan başqa, ötən il Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov Kalmıkiya Respublikasına ezam olunaraq yazıçı-dramaturq Əli Əmirlinin "Sevən qadın” əsəri əsasında eyniadlı tamaşa hazırlayıb.