Ruslar Azərbaycandan keçib terrorçulara qoşulur?

Rusiyadan terror təşkilatlarına qoşulan vətəndaşların sayı açıqlanıb. Bildirilib ki, 3000 nəfər xaricdə terrorçuluq fəaliyyətilə məşğul olur. Bu barədə Rusiya Terrorçuluğa Qarşı Milli Komitə rəhbərinin birinci müavini Yevgeni Ilyin məlumat verib. O deyib ki, vətəndaşlar əsasən, Azərbaycan, Belarus, Ukrayna, Türkiyə və Misirdən keçməklə, terror qruplaşmalarına qoşulurlar.

Vətəndaşların qeyri-qanuni silahlı birləşmələrə qoşulmalarının əsas səbəbi kimi isə onların təhsil ala bilməmələri və maliyyə çətinlikləri göstərilir. Onlar ölkədən təhsil almaq, istirahət etmək və ya biznes qurmaq bəhanəsi ilə çıxırlar. Lakin daha sonra Suriya və Iraq ərazisində fəaliyyət göstərən terror təşkilatının tərkibində döyüşürlər. Həmçinin, qeyd edilir ki, terror təşkilatlarına Rusiyanın xüsusilə Şimali Qafqaz regionundan qoşulurlar.

Təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayıl isə ölkəmizin bu mənada tranzit olmadığını deyir. Yəni tranzit Suriyaya həmsərhəd olan ölkələr sayılır:"Başqa ölkələrdən gələrək Azərbaycandan keçməyi necə qadağan etmək olar?! Digər ölkələrdən bura gəlib daha sonra tamam başqa ölkəyə gedib Suriyaya keçirlər. Ona görə də Rusiyanın ölkəmizlə bağlı ittihamı qərəzli və yalandır. Ölkəmiz Suriyaya keçmək üçün tranzit ölkə deyil. Suriyaya bütün dünyadan gəlirlər. Onların hamısı Azərbaycandan keçmir ki! Ərəblərdən sonra Suriyada ikinci yeri Rusiya vətəndaşları tutur. Rusiya özü düşünsün ki, niyə onun adamları Suriyaya gedir. Bu baxımdan, onun ölkəmiz barədəki mövqeyi qərəz xarakteri daşıyır”.

Azadliq.info