SOCAR-ın nümayəndə heyəti Almaniyada

Almaniyanın Düsseldorf şəhərində SOCAR və "E.ON” şirkətləri arasında "Əlaqələndirmə Komitəsinin 2-ci görüşü” keçirilib. Dövlət Neft Şirkətindənverilən xəbərə görə, "E.ON” şirkətinin icraçı direktoru Kritofer Delbrük SOCAR-la mövcud əməkdaşlıq əlaqələrindən məmnunluğunu bildirmiş, rəhbərlik etdiyi şirkətdə həyata keçirilən struktur dəyişikləri haqqında ətraflı məlumat verib. O qeyd edib ki, "E.ON” şirkəti artıq iki hissəyə bölünmüşdür. Azərbaycan Dövlət Neft Şirkətinin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov SOCAR-ın həyata keçirdiyi beynəlxalq layihələrdən ətraflı söz açıb, Cənubi Qafqaz Qaz Boru kəməri, TANAP və TAP layihələri haqqında geniş məlumat verib, Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan "Cənub Qaz Dəhlizi” haqqında bəhs edib. Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov Azərbaycan-Almaniya münasibətlərinin tarixi haqqında danışmış, ölkələrimiz arasında mövcud olan iqsadi-siyasi, mədəni münasibətlərin hazırki vəziyyəti və gələcək prespektivləri barədə məlumat verib. "Azərkimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev müəssisənin fəaliyyəti, burada həyata keçirilən genişmiqyaslı modernləşdirmə işləri barədə görüş iştirakçılarına ətraflı məlumat verib. O bildirib ki, 2015-2019-cü illəri əhatə edən modernləşdirmə tədbirləri enerji istifadəsində səmərəliliyin və istehsalın artırılmasına səbəb olacaq. Bundan başqa, M.Babayev Sumqayıt Kimya Parkı, Neft-Qaz Neft-Kimya Kompeksi (OGPC) layihələri, Heydər Əliyev adına Neftayırma zavodunun modernləşdirilməsi, Karbamid zavodunun inşası, eləcə də Azərbaycanın kimya sənayesinin müasir durumu haqqında söz açıb. SOCAR-ın kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov çıxış edərək şirkətin həyata keçirdiyi Daxili Təqaüd Proqramı, Xarici Təqaüd Proqramı, Ödənişli Yay Təcrübəsi Proqramı, Təlim Mərkəzləri və Bakı Ali Neft Məktəbi haqqında iştirakçılara ətraflı məlumat verib, bildirib ki, hazırda dünyada yaşanan neft mühəndisləri çatışmazlığını nəzərə alan SOCAR gənc mühəndis və peşəkar fəhlə kadrlarının hazırlığına daim diqqət yetirir. Xarici təqaüd proqramı çərçivəsində azərbaycanlı gənclərdən 22 nəfəri Almaniyada təhsil almış, onlardan 8 nəfəri Aaxen univerisetindən məzun olub. Görüşdə SOCAR və "E.ON” şirkətləri arasında insan resurslarının idarə olunması sahəsi üzrə əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanmış, ötən il SOCAR-da çalışanların məktəbli uşaqlarının Almaniyada yay düşərgəsində iştirak etməsi, bu il isə İnsan Resursları Departamentinin 5 məsul işçisinin "E.ON”-a ixtisas artırma kursuna göndəriləcəyi və bu yay "E.ON” şirkətinin əməkdaşlarının məktəbli uşaqları üçün Azərbaycanda yay düşərgəsinin təşkil olunacağı qeyd olunmuşdur. İki şirkət arasında korporativ sosial məsuliyyət, peşə hazırlığı, insan resurslarının idarə olunması üzrə əməkdaşlığın gələcək inkişafına böyük inam vurğulanıb. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov rəhbərlik etdiyi təhsil ocağının fəaliyyət istiqamətləri haqqında məlumat verib, burada Böyük Britaniyanın Harriot Vat Universiteti ilə birgə "Neft mühəndisliyi” və "Kimya mühəndisliyi” ixtisaslarının tədris olunduğunu diqqətə çatdırıb. O, RTWH Aaxen universiteti ilə "Yenilənə bilən enerji mühəndisliyi” və "Yenilənə bilən enerji mərkəzinin qurulması” sahələri üzrə mümkün əməkdaşlıq potensialının mövcudluğundan danışmış, həmin sahələr üzrə əməkdaşlığın müsbət nəticələnəcəyinə inamını ifadə edib.

Tədbirin sonunda hər iki şirkət arasında 2015-ci il üçün "Texniki, Peşə hazırlığı və korporativ sosial məsuliyyət sahələri” üzrə Anlaşma, eyni zamanda Bakı Ali Neft Məktəbi ilə RTWH Aachen universitetləri arasında əməkdaşlığa dair Anlaşma imzalanıb.