Xaçmazda dəhşət - Biznesmenin başını kəsdilər

Xaçmaz rayonunda dəhşətli qətl hadisəsi baş verib.

AzNews.azxəbər verir ki, hadisə bu gecə Xaçmaz şəhər Mirzə Fətəli Axundov küçəsində yerləşən evlərdən birində qeydə alınıb. Belə ki, öz həyətində topdansatışla məşğul olan 1963-cü il təvəllüdlü Məmmədov İlqar Rüstəm oğlunun evinə naməlum şəxslər girib. Sözügedən şəxslər əvvəlcə həyətdəki iti öldürüblər. Daha sonra isə İlqarın başını kəsiblər.

Xaçmaz rayon prokurorluğundan faktıAzNews.az-a təsdiqləyiblər. Bildiriblər ki, hazırda hadisəylə bağlı araşdırma gedir. Ətraflı məlumat veriləcək.

Əldə etdiyimiz məlumata görə, bu vaxta kimi İlqarın həyətinə bir neçə dəfə oğrular girib. Onun həyətində it saxlamasına da səbəb oğruların tez-tez basqın etməsi olub.

***

İlqar Məmmədovun qətl olayının bəzi detalları məlum olub.

Məlumata görə, gecə saatlarında evə basqın edərək iş adamını çoxsaylı bıçaq zərbələri ilə öldürən şəxslər mənzildən pul aparmayıb.

Həmçinin məlum olub ki, iş adamı bir müddət əvvəl ailəsindən boşandığı üçün tək yaşayırmış. Onun keçmiş həyat yoldaşı və qızı Bakıya köçüblər.

Hadisənin baş verdiyi küçədə və ətraf ərazilərdə təhlükəsizlik kameralarının çox olması səbəbindən hüquq-mühafizə orqanları görüntüləri izləməyə başlayıb. Hazırda rayon ərazisində əməliyyat-axtarış və texniki təqib tədbirləri davam etdirilir.