14 yaşlı biznesmen oğlunun öldürdüyü Xəyalənin ailəsində ''qanpulu'' davası

Bakıda biznesmenin 14 yaşlı ərköyün oğlunun "Porcshe Magnum" markalı ciplə yüksək sürətlə hərəkətdə olarkən vurub öldürdüyü, 2 azyaşlı uşaq anası olan qadının meyiti hələ də ortalıqdadır. Çünki ailənin meyiti qadının doğulduğu Gürcüstana aparıb dəfn etməyə maddi imkanı yoxdur.

''Xəyalənin meyiti hələ də dəfn olunmayıb. Ailənin imkanı yoxdur ölüsünü götürməyə. Anası da özünü öldürür ki, balasını öldürənlər onun meyitini yerdə qoymasınlar''.

Sabahinfo.az bildirir ki, bu sözləricriminal.azsaytına açıqlamasında iki gün əvvəl Bakıda biznesmen oğlunun ''Porcshe'' markalı avtomobillə vurub öldürdüyü Xəyalə Məmmədovanın xalası Yeganə xanım deyib.

Bu açıqlamadan sonra X.Məmmədovanın dəfn ediləcəyi halda ailəsinin şikayətçi olmayacağı anlaşılsa da, mərhumun əri Ramil Məmmədov criminal.az saytına açıqlamasında od püskürdü.

''Kim deyir ki bağışlamışıq? O adamın üzünü görən olub ki? Tapın onu verin də mənə... Bağışlamaq nədir.. Şikayət edəcəm... O adamın tutulub-tutulmamasından da xəbərsizəm'', - deyə R. Məmmədov bildirdi.

''Qan pulu verilməlidir də... Qarşı tərəfi tapıb gətirin də yanıma. Prokurorluğa şikayət edəcəm. Bizi itirib-axtaran yoxdur. Xəyalənin anası bir dəfə gəlib qızı ilə maraqlanmayıb, indi rayondan gəlib ki, pul verin aparıb dəfn edim. Axı Xəyalənin əri olmadan onun meyitini kim verəcək morqdan? Bölmədə qızın anası ilə nə danışıblar bilmirəm, amma Xəyalə mənimlə nikahda olub. Yoldaşı qalıb bir kənarda, qızın anası ilə niyə danışırlar? Morq qızın ərinin icazəsi olmadan meyiti vermir. Şikayətim var, amma qarşı tərəf gəlib qızın anası ilə danışır.Camaat arvad-uşağın küçədən tapmayıb. Uşaqlara sahib çıxmaq lazımdır. Anası qarşı tərəfdən pulu alıb meyiti götürüb Gürcüstana getmək istəyir. Qızın anası ilə münasibət olmayıb, ailə məsələsi olub. Bakıda, Zığda kirayədə qalırdıq'', mərhumun əri əlavə etdi.

Dəhşətli hadisə mayın 3-də baş verib. 99 BS 999 dövlət nömrə nişanlı "Porshe Magnum" superkarı Bakıxanov qəsəbəsindən "Neftçilər" metrosuna tərəf gedən yolda yüksək sürətlə hərəkətdə olarkən 24 yaşlı Xəyalə Məmmədovanı vurub. Piyada aldığı xəsarətdən yerindəcə ölüb, sürücü hadisə yerindən uzaqlaşıb. Daha sonra sürücünün kimliyini və piyadanı vuran avtomobili müəyyən etmək mümkün olub.

Məlum olub ki, hadisəni Bakıda bir neçə elit restoran-klubun sahibi olan Füzuli Fərəcovun oğlu Ağaəli Fərəcov törədib. Atası deyib ki, oğlunun 14 yaşı var və məsuliyyətə cəlb olunmayıb. Bəzi məlumatlara görə isə yeniyetmə 16 yaşındadır.

Bəs yetkinlik yaşına çatmayan gəncə idarə etmək üçün avtomobili kim verib, necə olub ki, bu ərköyün gənc indiyədək Bakıda dəfələrlə avtoxuliqanlıq məharətini göstərib və onu sükan arxasından düşürən olmayıb? Bu gəncin "Porshe"nin sükanı arxasına keçməsi həmin gün baş vermiş uşaq dəcəlliyi deyil və biznesmenin oğlu əslində "böyüdüyünü" çoxdan hamıya nümayiş etdirirdi.

A.FərəcovBakıxanov qəsəbəsində kifayət qədər ''məşhurdur''. Gün ərzində qəsəbə ərazisində onun ''Porcshe'' ilə ''şou''sunu görmək olardı.