Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində kitabxanaya yeni şeir təqdim olundu

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, şair, publisist Nəsibə İsrafilqızı kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsi çərçivəsində kitabxanaya yeni şeir təqdim etdi.

Şair yazdığı şeirdə Azərbaycanın simvolları olan Kür və Arazla söhbət edərək duyğuları ilə bölüşür, həsrət dolu qəlbini bu çaylara açır, onları bağrına basır.

“Tərəqqi” medalına layiq görülən şair Nəsibə İsrafilqızının yaradıcılığı çoxşaxəlidir. Lakin onun yaradıcılığının ana xətti Vətən, Oğuz yurdu, Vətən həsrətidir. Filologiya üzrə fəlsəfə doktoru Məhrux Dövlətzadə şair Nəsibə İsrafilqızının yaradıcılığına qısa ekskurs edərək yazdığı materialı oxuculara təqdim edir.

Oxucular materiala aşağıdakı keçiddə baxa bilərlər:

https://drive.google.com/file/d/1rHwActKefV_3DwrqLP62ERWPPqKbQ-Su/view?usp=sharing

“Qoşa hörüklər: Kürüm-Arazım” şeir də oxuculara təqdim edilir:

QOŞA HÖRÜKLƏR: KÜRÜM-ARAZIM

Mələklər əl çəkibdi yurdumun torpağına,

Bağçasına, bağına, dərəsinə, dağına.

Sinəsinə bəzəyi Tanrı özü veribdi,

Saçlarını oxşayıb, qoşa hörük hörübdü.

Birinə Kür deyibdi, Xəzərimdi yatağı,

Nuruyla şəfəqlənir Azərbaycan torpağı.

Bizə salam gətirir, türkün ərənlərindən,

Borçalının qəhrəman sinə gərənlərindən.

Qoşa hörüklərimdən biri isə Arazdı,

Tale onun adına ayrılıq hökmü yazdı.

Dərdlər qalaq qalaqdı, onun can otağında

Ruhu pərvaz eyləyir Xəzərin qucağında.

Bəzən onun adına Ağrı çayı deyirlər,

Ayrılığın çəpəri, həsrət payı deyirlər.

Çox yarıbdı köksünü qanlı, qadalı illər,

Məftillərdən boylanır həsrət qoxulu güllər.

Kürü bağrına basır, çağlayanda, coşanda,

Sarmaıqtək sarılır, öpür Suqovuşanda.

Tanrıdan nemət onlar, hopub torpağa, cana,

Nə gözəl yaraşırlar yurdum Azərbaycana

Hörüktək yaraşırlar bizim Azərbaycana!