İyirmi yanvar xalqımızın səbrinin və qeyrətinin sınağa çəkildiyi bir gündür. Tariximizdə qanla yazılan İyirmi Yanvar hadisəsi yalnız faciə deyil, bu həm də xalqımızın azadlı uğurunda mübarizəsinin, əli yalın, ürəyi vətən sevgisi ilə dolu olan insanların Sovet imperiyasına meydan oxumasının simvoludur.
30 il
bundan əvvəl soyuq, tufanlı, boranlı bir gecədə Mixail Qarboçovun, eləcə də digər
SSRİ rəhbərlərinin göstərişi ilə Sovet qoşunları Bakıda dinc əhaliyə qarşı
misli görünməyən qırğın törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə
Sovet ordusunun tankları, zirehli maşınları, əli avtomatlı əsgərləri Bakı küçələrində,
meydanlarında göründü. Şər imperiyasının başbilənlərinin fitvası ilə Bakıda
kütləvi qırğınlar törədən əsgərlər yalnız küçə və meydanlara yığışan insanları
deyil, həm də evləri, məktəbləri, xəstəxanaları gülləboran etdilər. O məlum gecədə
Sovet əsgərlərinin Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qətliamlara
şahidlik edən insanlar indinin özündə də 1990-cı ilin qara Yanvar hadisəsini həyacansız, göz yaşısız
xatırlaya bilmir. O gecə Sovet imperiyasının tankları altında əzilən Vətən
övladlarının ah-nalələri onların qulağından getmir, şəhidlərin güllə ilə dəlik-deşik
edilən cəsədləri, yaralıların qan verən yaraları hələ də şahidlərin gözləri
önündən çəkilmir.
İyirmi
yanvar faciəsinə şahidlik edən insanlar şər ordusunun təpədən-dırnağa
silahlandığını, uşağa, qadına, qocaya belə aman vermədiyini deyirlər.
Sovet
ordusunun Bakıda törətdiyi qırğınları gözü ilə görən, hadisələrə şahidlik edən
insanlardan biri də mənəm. Beşinci mikrorayonda yaşayırdıq. Evimizin
balkonundan rus əsgərlərinin atdığı güllələrin səmada cəzdığı trayektoriyanı
izləyirdik. Rus əsgərləri günahsız insanları öldürür, onlara ağır bədən xəsarətləri
yetirirdilər. Vahiməli bir gecə idi. Təpədən dırnağa qədər silahlanmış Sovet əsgərləri
insanlara amansız divan tutur, bununla ürəkləri soyumayıb evləri, yaşayış
binalarını, müəssisələri atəşə tuturdular. Mənim yaşadığım Beşinci Mikrorayonda
rejissorlar üçün tikilən bina da vardı və əsgərlər işıq saçan güllələrlə
rejissorlar binasını da atəşə tuturdular. Universitetdə oxuyurdum, tələbə idim.
23 yanvar tarixində imtahanımız vardı. Evdən çıxıb imtahana gedərkən şəhərdə
gördüyüm mənzərədən dəhşətə gəldim, universitetdə imtahanlar da təxirə
salınmışdı. Hər yer qan gölməçəsi idi,
elə bil şəhərə göydən qan yağmışdı. Həmin gün məqliyyat vasitələri də düz əməlli
işləmirdi. Bütün şəhər şokda idi. Sovet imperiyasının öz vətəndaşlarına qarşı həyata
keçirdiyi kütləvi qətliamın bütün təfərrüatlarını o gecə şəhid olmayıb sağ
qalanlar indi də dəhşədlə, vahimə ilə xatırlayır. Yaralıların ah-naləsi indi də
qulağımdadır. O gecə xəstəxanalar, morqlar dolu idi, hər yandan insanların dəhşət
saçan səsləri gəlirdi. Sonradan məlum oldu ki, 1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə 200 – yaxın insan şəhid edilib. Onlar arasında azərbaycanlılarla
yanaşı ruslar, yəhudilər, tatarlar da olub. 800-ə yaxın şəxsin ağır xəsarət
aldığı, saysız insanın isə itkin düşdüyü 20 yanvar hadisəsi zamanı xalqımız
böyük itkilər verdi. Bakıda fövqəladə vəziyyət elan edilmişdi, hətta bu hadisədən
sonra da 21 nəfərin qətlə yetirildiyi haqqında yazılırdı. Fövqəladə vəziyyət
elan edilməmiş rayonlarda – Neftçala və Lənkəranda 25-26 nəfər öldürülmüşdü.
Şahidlər qeyd edir ki, Sovet əsgərləri
adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələyirdilər. Eyni zamanda da
o gecə xəstəxanaların, təcili yardım maşınlarının atəşə tutulması halları da
vardı. Bu da danılmaz faktdır ki, qanlı Yanvar faciəsinə, Azərbaycan xalqına
qarşı törədilən cinayətə, qanlı təcavüzə ilk etiraz səsini ucaldan isə
məhz ulu öndər Heydər Əliyev oldu. Hadisənin ertəsi günü Moskvada Azərbaycanın Daimi nümayəndəliyinə
gələn xalqımızın dahi oğlu bu vəhşiliyi qətiyyətlə pisləməklə
yanaşı, onun törədilməsi səbəblərini də açıqladı, təşkilatçılarının,
günahkarlarının adını bütün dünyaya bəyan etdi. Bu gün
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan cənab Prezident İlham
Əliyevin yürüdüyü siyasət nəticəsində 20 yanvar hadisəsi zamanı şəhid olanların
ailələri bütün imtiyazlarla təmin olunub. Onların sosial problemləri hökuməıtin
diqqət mərkəzindədir.
Millət vəkili