"Oyundan qabaq da demişdim ki, bizi çətin matç gözləyir. Bu gün bunun bir daha şahidi olduq. Qol buraxdıqdan sonra özümüzə gəlib hesabı bərabərləşdirə bildik, lakin təəssüf ki, rəqib 2-ci qolu vura bildi. Şeydayevin yaxşı imkanı olsa da, dəyərləndirə bilmədi. Bu oyunda uduzmaya bilərdik. Komandamın oyunundan razı qaldım". Sabahinfo.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki evdə Çexiya yığmasına 1:2 hesabı ilə uduzduqları 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra mətbuat konfransında deyib. Xorvatiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb...
- Almaniya ilə matçdan sonra Bakıya qayıdacaqsınız, ya bu sizin Azərbaycanda son mətbuat konfransınızdır?
- Bəli, Almaniya ilə qarşılaşmadan sonra Bakıya qayıdacağam. Çünki mənim AFFA ilə müqaviləm var. Buna görə, qayıdıb, danışıqlar aparacağıq. Bundan sonra millidəki gələcək taleyimə aydınlıq gələcək.
- Millidə qalsanız, hansı dəyişiklikləri edəcəksiniz?
- Futbolda səhvlər olur, bu gün də səhvlərə yol verdik. Əsasən, standart vəziyyətlərdə çox səhv edirik. Mən qalsam da, qalmasam da bəzi dəyişikliklər olmalıdır. Rəşad Sadıqov karyerasını bitirib. Onun mövqeyinə oyunçu cəlb edilməlidir. Bundan başqa, gənc oyunçulara ehtiyac var. Yəqin razılaşarsınız ki, mən gəldikdən sonra millinin oyununda irəliləyiş var. Daha baxımlı oyun sərgiləyirik. Bu gün də gənc oyunçulardan Mahir Mədətova şans verdim. Bəlkə də əsas heyətdə ona şans vermədiyim üçün incimişdi. Bu gün özünü yaxşı tərəfdən göstərə bilmədi.
-"Bursaspor”un əsas üzvlərindən biri Dəniz Yılmaza niyə dəvət göndərmirsiniz?
- Bu suala indiyə kimi cavab verməmişdim. Ancaq indi cavablandıracağam. Martda Almaniya ilə oyunda Dəniz Yılmaz əsas heyətdə çıxmalıydı, lakin çıxmaq istəmədi. O oyunçu ki, millidə oynamaq istəmir, onun millidə yeri yoxdur. Nə qədər ki, mən burdayam, Yılmaz milliyə dəvət edilməyəcək.
- Bəs imtina etməsinin səbəbi nə idi?
- Çünki onu istəmədiyi mövqedə oynadacaqdım. Siz bir jurnalist kimi cavab verin, futbolçunun ona təklif olunan mövqedə oynamağa etiraz etmək haqqı var? O, "Bursaspor”da da ikinci heyətə göndərilmişdi, indi də nadir hallarda şans qazanır.
- Bura gələn məşqçilər niyə problemin əsasən nədə olduğunu demirlər?
- Problem barədə həmişə danışmışam. Serbiyada, Xorvatiyada istedadlı futbolçular çoxdur. Bu ölkənin futbolçuları güclü ölkələrin çempionatında çıxış edirlər. Ancaq burada tam fərqlidir. Bədavi Hüseynov və Rəşad Sadıqov ölkə çempionatında kofe içə-içə oynaya bilərlər. Problem bizdə top-liqalarda oynayacaq futbolçuların olmamasıdır.
- Bəs belə olduğu halda Almaniya ilə matçda nəyə ümid edirsiniz?
- Onlarla oynamaq çətindir. Bu, təkcə bizim problem deyil. Onlara qarşı sürpriz etmək çətindir. Bədavi Hüseynov zədəlidir. Həmin oyunda şans qazanıb-qazanmayacağı bəlli deyil. Cəmi 3 gün vaxtımız var. Yaxşı mübarizə aparmağa çalışacağıq.