"Son vaxtlar Bakının rayonlarında aparılan abadlıq və quruculuq işləri öz müsbət nəticəsini verməkdədir. Xüsusilə nümunəvi məhəllələrin yaradılması təqdirəlayiqdir. Bir çox məhəllələrdə abad həyətlər salınıb. Yaşlı insanlar, qazilər üçün guşə düzəldilib, hər cür avadanlıqla təchiz edilib". Bunu açıqlamasında Buzovna bələdiyyəsinin sədr müavini, ictimai fəal Təbriz Ağayev deyib. Onun sözlərinə görə, "Şəhərsalma və Memarlıq İli"ndə diqqət ediləsi əsas məsələlərdən biri də yaşıllığı ilə gözoxşayan məhəllələrin salınmasıdır.
"Bakı son 20 ildə parklar şəhərinə çevrilib. Şəhərə ən yaxın yerlərdə belə mədəniyyət və istirahət parkları var. Burada insanların asudə vaxtını səmərəli keçirməsi üçün hər cür şərait yaradılıb, lazımi infrastruktur yaradılıb. Hətta əyləncə və idman qurğuları bəzi məhəllələrdə salınmış xırda parklarda belə var. Bu çox yaxşı haldır və genişləndirilməlidir"-deyə, o, bildirib.
T.Ağayev deyib ki, məhəllələrdə, həyətlərdə söhbətgahlarla, oturacaqlarla yanaşı uşaq futbol meydançalarının yaradılması da yaxşı olardı:
"Son vaxtlar Azərbaycan futbolunun uğursuzluqlarından danışarkən uşaq futbolunun inkişafı tez-tez vurğulanır. Uşaq futbolunun inkişafı çox vacibdir.
Ölkədə uşaq futbolunun inkişafı üçün sistemli və uzunmüddətli yanaşma olmalıdır. İnfrastruktur, məşqçi hazırlığı, yarış sistemi və sosial dəstək layihələri birlikdə icra olunmalıdır. Hesab edirəm ki, məktəblərin və həyətlərin yaxınlığında süni örtüklü mini-futbol meydançaları yaradılmalıdır. Bu meydançalar uşaq və yeniyetmələrin istifadəsi üçün pulsuz olmalıdır. Mən Xətai rayonunda müşahidə etmişəm, 95 saylı məktəbin həyətində, N.Tusi küçəsində uşaqların istifadəsi üçün meydançalar yaradılıb. Bu, çox yaxşıdır. Uşaqlar erkən yaşlarında futbolu sevməlidirlər. 1960, 70, 80, 90-cı illərdə Bakıda və iri şəhərlərdə, o cümlədən rayonlarda həyətlərdə futbol meydançaları var idi. Hətta bir sıra böyük futbolçlar küçə futbolunun yetirməsi olub. Məsələn, mərhum məşqçi Ruslan Abdullayev veteran futbolçu Vidadi Rzayevi bu cür kəşf edib, böyük futbola qazandırıb. Bu ənənəni yaşatmalıyıq. Çox təəssüf ki, son 30 ildə həyətlərdə futbol meydançalarının demək olar ki, ləğv olundu. Meydançaların yerində avtomobil dayanacaqları, iaşə, ticarət müəssisələri tikildi".
Son illər uşaq futboluna qayğının artdığını bildirən T.Ağayevin sözlərinə görə, "Birlik" İctimai Birliyinin bu istiqamətdə fəaliyyəti diqqətə layiqdir:
"Onlar kənd-kənd, rayon-rayon gəzir, uşaq futbol məktəblərinə idman geyimləri, əlcəklər, butslar, toplar aparır, uşaq və yeniyetmələrə dəstək olurlar. Bu cür layihələr həm fubtolun populyarlaşmasına yardım edir, həm də gənc nəslin bu idman növünə həvəsini artırır"