"Bu, dövlətimizin, Təhsil Nazirliyinin Azərbaycan təhslinə, elminə diqqət və qayğısının göstəricisidir"

"Azərbaycanda koronavirus təhlükəsinin hiss olunmağa başladığı ilk gündən Təhsil Nazirliyi hərəkətə keçdi. Orta ümumtəhslil məktəblərində proflaktik tədbirlərə baş vurdu. İlk növbədə məktəblərdə dezinfeksiya işləri aparıldı. Bu işə əvvəlcə məktəb rəhbərliyi, daha sonra nazirlik səviyyəsində nəzarət olundu. Ardınca məktəblər bağlandı. Bu addımlar şagirdlərin sağlamlığının qorunması, onların virusa yoluxma təhlükəsindən mühafizə olunması üçün atıldı. Bu, dövlətimizin, Təhsil Nazirliyinin Azərbaycan təhslinə, elminə diqqət və qayğısının göstəricisidir. Valideynlərə bildirmək istəyirəm ki, narahatlığa heç bir əsas yoxdur. Dövlətimiz hər bir xüsusi nüansı diqqətə almaq və onu qarşılamaq gücündədir və ən yaxşısını edir”.

Bunu hafta.az-a açıqlamasında V çağırış Milli Məclisin deputatı, 295 saylı məktəbin direktoru Dilarə Cəbrayılova deyib. Keçmiş millət vəkili son günlər bəzi valideynlərin dərslərin nə zaman başlaması ilə bağlı onlarda yaranan narahatlığa heç bir əsasın olmadığını bildirib:

"Hər şey nəzarət altındadır. Əvvəlcə onu deyim ki, dövlət bu problem ortaya çıxdığı və ölkəmizdə cəmiyyət arasında müəyyən narahatlıqlar yarandığı ilk gündən əməli fəaliyyətə keçdi. Orta məktəblərdə kütləvi dezinfeksiya işlərinə başlanıldı. Təhsil ocaqlarında kütləvi tədbirlər ləğv edildi. Təxirə salındı. Bütün bunlar şagirdlərimizi mümkün ola biləcək təhlükələrdən qorumaq idi. Ardınca Azərbaycanda məlum virusa yoluxma faktı qeydə alınan kimi orta ümumtəhsil müəssisələrində və ali məktəblərdə tədrisin təşkili müvəqqətin olaraq dayandırıldı. Nazirliyin qərarına əsasən bu müddət martın 27-nə kimidir. Dünən isə Təhsil Nazirliyi dünyada anoloqu olmayan bir işə imza atdı. Tətil günlərində şagirdlərə teledərslərin keçirilməsinə başlanıldı. Bu, olduqca təqdirəlayiq və alqışlanası haldır. Belə ki, martın 11-dən başlayaraq həftənin 5 günü saat 10-dan 16-dək Təhsil Nazirliyinin dəstəyi ilə "Mədəniyyət” kanalında "Dərs vaxtı” adlı teledərslərə start veriləcək. Bu proqramda teledərslər bütün sinifləri əhatə edəcək. Dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunacaq. İbtidai siniflərin daha çox müəllim dəstəyinə ehtiyacı nəzərə alaraq, 1-4-cü sinif şagirdləri "Mədəniyyət” kanalının ekranı qarşısında dəvət olunur. Artıq müstəqil öyrəmə vərdişləri qazanmış 5-11-ci sinif şagirdləri ilə isə həftədə 2 dəfə ekran qarşısında əyləşib dərslərin izahını dinləyə bilərlər. İbtidai siniflərlərdə "Azərbaycan dili”, "Riyaziyyat”, "Həyat bilgisi”, "Təsviri incəsənət”, "Xarici dil”, 5-11-ci siniflərdə isə "Azərbaycan dili”, "Riyaziyyat”, "Xarici dil”, "Tarix”, "Coğrafiya”, "Kimya”, "Fizika”, "Biologiya” fənləri üzrə qısa videodərslər təqdim ediləcək. Nazirlik "Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər üçün də imkanlar yaradıb. Teledərslərə baxa bilməyən şagirdlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər. Bu, bir daha göstərir ki, Təhsil Nazirliyi tətil günlərində də şagirdləri fikirləşir. Məktəblilər üçün lazımı şəraiti yaratmaqdan ötrü əlindən gələni əsirgəmir. Hətta bütün imkanlarını səfərbər edir. Bu da ilk növbədə dövlətimizin gücünün göstəricisidir. Təhsil sahəsindəki resurslarımızın nə qədər yüksək səviyyədə olduğunun sübutudur”.

Məktəb direktoru bildirib ki, Təhsil Nazirliyinin atdığı bu addım həm valideynlər, həm də uşaqlar üçün olduqca rahatdır: "Təhsil Nazirliyi istəsə bu verilişi qurumun balansında olan Təhsil TV-də də reallaşdıra bilərdi. Amma Mədəniyyət kanalı bütün ölkə ərazisində yayımlanır. Ona görə də belə bir addım atıldı. İlk növbədə məktəblilərin rahatlığı nəzərə alındı. Onu da deyim ki, Təhsil Nazirliyi koronavirus təhlükəsi hiss olunmağa başlayan kimi çox cəld tərpəndi. Cəmiyyətdəki narahatlıqları nəzərə aldı. Tətilin labüdlüyünü əməli şəkildə həyata keçirdi. Bilirəm ki, bəzi valideynlər uşaqları üçün narahatlıq keçirir. Tədrisin nə zaman başlayacağı ilə bağlı narahatlıq keçirdiklərini dilə gətirir. Həmin valideynlərə bildirmək istəyirəm ki, qəti narahat olmasınlar. Tək məktəb direktoru yox, bir valideyn, bir ana kimi də deməliyəm ki, önəmlisi uşaqlarımızın can sağlığıdır. Tədrisin təşkilini müxtəlif formatlarda həyata keçirmək mümkündür. Amma can sağlığı ən önəmli məsələdir. Nazirlik sonuncu addımı ilə sübut etdi ki, dərsləri televiziya vasitəsi ilə də təşkil etmək mümkündür. Avropada, dünyanın bir çox ölkələrində məktəblər bağlanıb. Tək bizdə deyil. Nəinki uşaqlar üçün, hətta böyüklər üçün də belə bir addım atılır. 100 min işçisi olan "Google” şirkəti də işçilərə evdən işləməyi, ofisə gəlməməyi tövsiyyə edib. Deməli, dünyanın hər yerində ən önəmli olan can sağlığıdır. Hesab edirəm ki, bu cür teledərslərin keçirilməsi valideynlərin uşaqlarına daha çox vaxt ayırmasına zəmin yaradacaq. Eyni zamanda, bir təkan olacaq. Bəzi valideynlər saatlara seriallara və lazımsız verilişlərə baxmaqdansa, gündə bir saat, saat yarım övladlarına zaman ayıracaqlar. Hətta sosial şəbəkələrdə yayılan xəbərlərə görə bəzi valideynlər övladlarını tətildən istifadə edərək əyləncə məkanlarına, insanların toplu olduğu yerlərə aparırlar. Belə olmaz. Axı Təhsil Nazirliyi o tətil qərarını uşaqları mümkün virus təhlükəsindən qorumaq üçün verib. Buraxılan dərslər üçün də narahat olmağa əsas yoxdur. Hər şey sistemləşdiriləcək. Kiçik mətnlər iki saata yox, bir saata keçiriləcək. Teledərslər də tapşırıq və mətnlərin həlli yollarını öyrətmək, ətraflı izah etmək üçündür”.

Keçmiş millət vəkili bildirib ki, tətil günlərində məktəb müəllimləri də şagirdləri üçün böyük fədakarlıqlar edirlər: "Baxın, tətildir amma bütün müəllimlər şagirdləri, onların valideynləri ilə əlaqə saxlayırlar. Dərsləri telefon vasitəsi ilə izah etməyə çalışırlar. Bu, Azərbaycan müəlliminin, təhsil işçilərimizin timsalında əsl fədakarlıq nümunəsidir. Şagirdlərin teledərslərə kütləvi şəkildə qoşulması üçün sinif rəhbərlərinin üzərinə ciddi yük düşür. Onlar şagir-müəllim-valideyn üçbucağı yaradaraq virtual davamiyyəti həyata keçirirlər. Uşaqların dərs prosesindən soyumamaları üçün əllərindən gələni edirlər. Bir daha bildirirəm ki, Təhsil Nazirliyi və məktəblərdəki pedoqoji heyət bu tətil günlərində əsl fədakarlıq nümunəsi göstərirlər. Qaldı ki, uşaqların bu layihəyə kütləvi şəkildə qoşulmasına, burada ilk növbədə iş sinif rəhbərlərinin və valideynlərin üzərinə düşür. Məhz bu problemli günlərdə problemin fəsadsız ötüşməsi üçün yenə də məktəb-valideyn-şagird üçbucağını düzgün qurmağın vaxtıdır. Sizi əmin etmək istəyirəm ki, bizim ölkəmizdə atılan addımlar dünyanın heç bir təhsil sistemində atılmayıb”.