"Qarabağ"ın futbolçusu Maksim Medvedev Topaz Premyer Liqasının 6-cı turunda "Sumqayıt"la oyundan (4:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Baş məşqçimiz rəqibi ciddi analiz etmişdi. Özünüz də gördünüz ki, hansı taktika ilə oyuna çıxdıq. Amma rəqib bu gün oyun üslubunu dəyişib beş müdafəçi ilə çıxış etdi. Biz təcrübəli komandayıq və oyunun gedişatında baş məşqiçi necə oynamaq lazım olduğunu bildirdi. Düzdür ilk qolu biz buraxdıq və birinci hissədə bir neçə qol imkanlarımız oldu. Qeyd etdiyim kimi, bizim təcrübəmiz belə vəziyyətlərdən çıxmağa imkan verir.
- Oyunda müəyyən mübahisəli və penaltiyə səbəb olacaq epizodlar oldu. Hətta "Qarabağ"ın vurduğu penalti mübahisəyə səbəb oldu. Hakim oyuna nə dərəcədə təsir etdi?
- Pedro Enrikenin yerə yıxıldığı epizodda uzaqda idim, qayda pozuntusunun olub-olmamasını dəqiq görə bilmədim. Onların zərbəsindən sonra isə top mənim üzümə dəydi, burda penaltidən söhbət gedə bilməzdi. Oyunun gedişatında müəyyən mübahisəli hallar olur və Azərbaycanda hakimlər belə hallara görə oyunu saxlayırlar, amma xaricdə oynamağa imkan verirlər. Miçelin qırmızı vərəqə alması da üzücü bir hal idi.
- Bu matçı "Roma" ilə oyuna hazırlıq məşqi kimi də qiymətləndirə bilərik?
- Yox, məşqdən söhbət gedə bilməz. İmkan olsaydı, bu qarşılaşmada heç oynamazdım, sırf "Roma" ilə matça hazırlaşardım. Amma bu oyun bizim üçün önəmli idi və ona görə "Sumqayıt"la görüşə çox ciddi hazırlaşmışdıq.
- Ansi Aqolli zədələndikdən sonra Qurban Qurbanov müxtəlif taktikaları sınaqdan çıxarır. Belə eksperimentlər nə dərəcədə özünü doğruldur?
- Bu sualı baş məşqçiyə versəniz, daha yaxşı olar. Biz futbolçu olaraq müxtəlif tapşırıqlar alırıq və çalışırıq ki, yerinə yetirək. Sağda və ya solda oynamağım, hərdən üçlü müdafiə sisteminə keçmək yəqin ki, öz bəhrəsini verir. Həmçinin, bu taktiki dəyişiklik rəqib komandanı da çaş-baş salır. Bugünkü oyunda da gördünüz ki, taktika dəyişəndən sonra 4 qol vurduq.
- Amma belə dəyişiklik zamanı 6 top da buraxırsınız...
- Futboldur, belə hallar olur. Biz bu gün "Çelsi" ilə "Sumqayıt"ı eyni səviyyədə tuta bilmərik. Səfərdə çıxış edirik və belə rəqibə qarşı heç vaxt oynanamışdıq. Bu, bizə dərs oldu. Bəlkə də karyeramda ən ağır oyun "Çelsi" ilə olub.
- "Çelsi" ilə oyunda aldığınız dərsdən sonra "Roma" ilə oyuna surpriz hazırlanır?
- Biz bu gün söz verə bilmərik ki, "Roma"nı uda biləcəyik. Hər tərəfli səviyyə fərqi var. Onlar İtaliya çempionatında oynayır, biz Azərbaycan. Əlimizdən gələni edəcəyik ki, mübarizə aparaq, öz oyunumuzu göstərək. O zaman azarkeşlər də yanımızda olacaq.
- Bu gün hücum futbolu oynadınız, amma "Roma" ilə əks-hücum taktikası olacaq. Bu, sizə çətinlik yaratmayacaq?
- "Roma" komandası "Sumqayıt" deyil. Onlar hər an qol vurmağı bacarır və səhvləri bağışlamırlar. "Çelsi" ilə oyunda da gördük ki, bizim komandalardan fərqli olaraq, hər şansdan maksimum yararlanırlar. Biz bu oyuna ciddi hazırlaşırıq və elə səhvləri burada etməməliyik.
- Yəni, siz "Roma" qarşısında özünüzü "Sumqayıt" kimi hiss etməyəcəksiniz?
- Yox. Əlbəttə, çalışacağıq ki, səhvlər etməyək, diqqətli olaq, daha dözümlü komanda kimi yaxşı görsənək.