Təbiətin insanlara töhfəsi olan Novruz bayramının hər gəlişi əsrlərdən bəri Azərbaycanda bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü kimi qəbul edilmişdir. Gecə ilə gündüzün bərabərləşdiyi ilk bahar günündə yurdumuza qədəm qoyan bu bayram insanları daim birliyə, sülhə və əmin-amanlığa səsləyir. Bahar mərasimləri, adət-ənənələri əsrlərin sınağından çıxaraq, ulu babalarımızdan bizə yadigar qalmış misilsiz ərməğandır. Novruz əsrlərdir ki, milli, dini adət və ənənələrimizi nəsillərdən-nəsillərə ötürərək bu günlərə gətirib çıxaran bayramdır. Buna görə də Novruz bizim ümumdövlət, ümumxalq bayramımızdır. Xalqımızın sevə-sevə qeyd etdiyi bu bayram bizim adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bizi də bir xalq olaraq birləşdirir, xalqımızda daha möhkəm birlik yaradır və həmrəyliyə xidmət edir.
İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz el bayramı artıq UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi 21 mart tarixini Beynəlxalq Novruz Günü elan etmişdir.
Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə də qeyd olunur. Novruz bayramı Azərbaycan xalqının çoxçalarlı incəsənətin güzgüsüdür, habelə milli mədəniyyətimizdə sülh, mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərlərə sadiqliyinin tarixi təcəssümüdür. Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. İnsanlar baharın gəlişi ilə torpağın əkib-becərilməsinə başlayır.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.
Hər zaman olduğu kimi, Novruz bayramı ərəfəsində bütün şəhidlərimizin əziz xatirəsini də dərin hörmət və ehtiramla yad edirik. Eyni zamanda, onların valideynlərini, ailə üzvlərini, Vətən uğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımızı çatdırırıq. Qoy bu Novruz bayramı gəlişi ilə ölkəmizə əmin-amanlıq, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi-bərəkət gətirsin.
Əziz həmvətənlər!
Qarşıdan gələn bahar nəfəsli, gül-çıçək qoxulu bu gözəl bayram münasibəti ilə hər birinizi təbrik edir, möhkəm can sağlığı, ruzi-bərəkət arzulayıram.
Bayramımız mübarək!
Əminə Ağazadə
Milli Məclisin deputatı