Qlobal tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən paytaxt Bakı son dövrlərdə artıq beynəlxalq işdüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası-COP29 kimi mötəbər tədbirin təşkilinin Azərbaycana həvalə etməsi ölkəmizin dünyada beynəlxalq və geniş miqyaslı tədbirlərin uğurlu təşkilatçı statusunu sübüt edir. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərdən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezidentimiz İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Beynəlxalq tədbirlərin Azərbaycanda keşirilməsi ölkəmizin inkişafının təqdimatı baxımından əhəmiyyətlidir. COP-29 çərçivəsində bütün dünyada gedən proseslərə, o cümlədən iqlim, həm digər, yaşıl ideyalar, yaşıl proqramla bağlı məsələlərə Azərbaycan platformasında baxılacaqdır.
Genişmiqyaslı hadisə-COP29-a hazırlıq işlərinin aparıldığı bir dövrdə enerji sektorunun nümayəndələrini bir araya gətirən Bakı Enerji Həftəsi Azərbaycanın enerji sektorundakı rolunu və dünya enerji təhlükəsizliyinə verdiyi tövhənin təzahürüdür. Belə ki, bu ilin iyunun 4-də Bakıda Böyük Britaniyanın “ICA Group” şirkətinin moderatorluğu ilə regionun enerji sahəsində mühüm hadisə olan Bakı Enerji Həftəsi öz işinə başlayıb. Bakı Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir. 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil&Gas”, 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji–“Caspian Power” və 29-cu Bakı Enerji Formu.
Xəzər Neft və Qaz Sərgisi otuz il bundan əvvəl 1994-cü ildə fəaliyyətə başlayaraq, Azərbaycanın enerji sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsində mühüm rol oynamışdır. O vaxtdan bəri bu tədbir daha böyük tədbirə çevrilib və enerji siyasətinin bütün əsas seqmentlərini-neft, qaz, kəşfiyyat və hasilat, emal, nəqliyyatı və yaşıl enerjini əhatə etdiyinə görə indi onun adı Bakı Enerji Həftəsidir. Həmin dövrdə yaşanan iqtisadi çətinlikləri, min faiz səviyyəsində olan inflyasiyanı, sənayemizin durğunluğunu və enerji resurslarının qıtlığı, elektrik enerjisi və təbii qaz qıtlığı var idi.
Otuz il bundan əvvəl Azərbaycan, əlbəttə ki, başqa bir ölkə idi. Biz müstəqillik yolunda ilk addımlarımızı atırdıq və bu, çətinliklər, çağırışlar və faciəvi hadisələrlə dolu olan bir dövr idi. Əfsuslar olsun ki, 1991-ci ilin oktyabrında müstəqilliyimizin bərpası qonşu Ermənistanın təcavüzü və torpaqlarımızın demək olar ki, iyirmi faizinin işğalı ilə müşayiət olundu. Həmin dövrdə adambaşına düşən məcburi köçkünlərin sayına görə biz bəlkə də dünyada birinci yerdə idik və ya birincilərdən biri idik. Hər səkkiz nəfərdən biri məcburi köçkün idi. Bu, həqiqətən də çətin dövr idi və biz humanitar fəlakətlə üzləşmişdik. İrəliyə getmək üçün yol yalnız investisiyaların cəlb edilməsindən ibarət idi, lakin Azərbaycan çox riskli ölkə hesab olunurdu. Söhbət təkcə “Birinci Qarabağ” müharibəsi və işğaldan yox, həm də daxili münaqişələrdən gedir. 1993-cü ilin vətəndaş müharibəsi, əslində, ölkəni uçuruma aparırdı. Beləliklə, 1993-cü il dönüş nöqtəsi oldu. Heydər Əliyevin 1993-cü ilin oktyabrında Prezident seçilməsi ölkənin tarixində yeni səhifə açdı və söhbət təkcə ölkənin enerji seqmentindən getmir. İrimiqyaslı iqtisadi islahatlar, yeni demokratik Konstitusiyanın qəbul edilməsi, senzuranın ləğvi və əlbəttə ki, iqtisadiyyatımızın ən cəlbedici sektoru olan enerji sektoruna investisiyaları cəlb etmək cəhdləri.
Bu tədbir, əslində, ölkənin potensialının ilk beynəlxalq təqdimatı idi. Artıq qeyd edildiyi kimi, birinci Xəzər Neft və Qaz Sərgisinin keçirilməsindən bir neçə ay sonra–1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı. Bu da ölkənin transformasiyasında dönüş nöqtəsi oldu.
Bu il Bakı Enerji Həftəsi əhəmiyyətli hadisəyə təsadüf edir. Belə ki, respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanmasından 30 il ötür. Bu mühüm tədbir Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapıb. Belə ki, məhz "Əsrin müqaviləsi" ilə müstəqil Azərbaycanın neft strategiyasının əsası qoyulub. "Əsrin müqaviləsi" Azərbaycanın dünya ölkələri ilə qarşılıqlı əlaqələrin genişlənməsinə və beynəlxalq mövqeyinin möhkəmlənməsinə güclü təkan verib.
Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının qazandırdığı nailiyyətlər, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, "Şahdəniz" və digər layihələrin həyata keçirilməsi ölkə iqtisadiyyatının sürətli inkişafında mühüm rol oynayıb. Azərbaycanı enerji ölkəsi kimi təhlükəsiz enerji təminatçısına cevirib. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində bu sahədə böyük uğurlar əldə olunur. Dünyanın potensial qaz ixracatçısına çevrilən ölkəmiz regionun və Avropanın enerji xəritəsini zənginləşdirir. Ölkəmiz müstəqil iqtisadi siyasət yeridən bir ölkə kimi bir sıra qlobal enerji və nəqliyat layihələrinin təşəbbüskarı və fəal iştirakçı rolunda cıxış edir.
Bakı Enerji Həftəsi daha bir əlamətdar hadisəyə təsadüf edir. Belə ki, Cənab Prezident İlham Əliyev 2024-cü ili ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edib. Bu hadisədə Bakı Enerji Həftəsinin tədbirlər planında öz əksini tapıb. Biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafin şahidiyik. Yeri gəlmişkən, ötən ilin oktyabrında ölkəmizdə “Masdar” şirkəti 230 meqavat gücündə günəş elektrik stansiyasını istifadəyə verib və hazırda iki layihədə işlənilməkdədir. Bununla da Azərbaycanın bərpaolunan enerji potensialı 2 qiqavata yaxın olacaq.
Bu gün Azərbaycan dünyanın enerji təlükəsizliyində xüsusi çəkisi olan dövlət olaraq, enerji təhlükəsizliyinin gücləndirilməsində etibarlı tərəfdaşa çevrilib.
Nəsib Məhəməliyev
Milli Məclisin deputatı