Bakı tunelləri niyə su altında qalır? - “Artıq 17 il keçib...” - VİDEO

“Nəzərə alsaq ki, yenidənqurma işləri ən son 2008-ci ildə olub, bu sistemin özü artıq köhnəlib. Çünki 17 il keçib. Bəzi avadanlıqlar var ki, o artıq istismar müddətini bitirir, nəticədə davamlı təmir və bərpa işlərinə ehtiyacı olur”.

Sabahinfo.az  İTV-yə istinadən xəbər verir ki, bunu təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev güclü yağış zamanı su altında qalan körpü və tunellər barədə danışarkən bildirib.

Ekspert qeyd edib ki, təmir-bərpadan əlavə, bu yenidən qurulmalıdır ki, təbii hadisə və fəlakətlər vaxtı müəyyən bir formada təhlükə və riskləri önləyici tədbirlər siyahısına əlavə edilsin: “Növbəti yağıntılı hava şəraitində analoji halla üzləşməmək üçün ərazidəki yağış-kanalizasiya sistemlərinin ən qısa zamanda yenilənməsi vacibdir. Artıq biz buna hazırlaşmalıyıq. Bu, böyük bir vəsait tələb edir. Çünki Bakının Baş Planı təsdiqlənib, amma infrastruktur sistemi böyük bir maliyyə xərcinə gətirib çıxarır. Mövcud durumda biz o maliyyə xərcini həyata keçirə bilməsək də, aidiyyəti yerdə, Bağırov körpüsü, Sabunçu tuneli kimi yerlərdə insanlarımızın həyati təhlükələrini aradan qaldırmaq üçün müəyyən tədbirlər hazırlamalıyıq”.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, tunellərdə yeni layihələrin icrası “Bakı şəhərinin Baş Planı 2040” sənədində nəzərdə tutulub.

Qeyd edək ki, bir neçə gün öncə yağan intensiv yağışlar nəticəsində Bağırov körpüsünü və ötən ilin oktyabrında iki nəfərin boğularaq həlak olduğu Sabunçu rayonu ərazisindəki tuneli yenidən su basıb.

Ətraflı videomaterialda: