Bakıda genişmiqyaslı ƏMƏLİYYAT: 63 nəfər saxlanıldı -VİDEO

Sabunçu Rayon Polis İdarəsinin, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən aprel ayı ərzində Bakıxanov, Balaxanı, Maştağa, Zabrat qəsəbələri, həmçinin digər ərazilərdə keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 63 nəfər saxlanılıb.

Sabahinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Saxlanılan şəxslərdən 31-i barəsində məhkəmə tərəfindən həbs, 32-si haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

Onlardan ümumilikdə beş kiloqram heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunub.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxslərdən bəziləri rayon ərazisində yaşadıqları evlərdə narkotik vasitə istifadəçiləri üçün tiryəkxanalar təşkil ediblər.

Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Sabunçu rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.