Almaniya Bundestaqı mühacirlərin xeyrinə qanun layihəsi qəbul edib

Almaniya parlamentinin aşağı palatası mühacirlərin və qaçqınların inteqrasiyasına dair qanun layihəsi qəbul edib.

APA-nın "Röyters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniyanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
 
Yeni qanun mühacir və qaçqınların əmək bazarına, eləcə də təhsil və inteqrasiya kurslarına çıxışını asanlaşdıracaq. Qanun layihəsində həmçinin inteqrasiyaya cəlb olunmaqdan boyun qaçıranlara, məsələn, alman dilini öyrənməkdən imtina edənlərə qarşı sanksiyalar da nəzərdə tutulub.
 
"Bu qanun layihəsində burada qalmaq istəyənlər qarşısında bəzi tələblər qoymuşuq. Biz onlara həm  bəzi tələblər irəli sürür, həm də dəstək göstəririk. Tələbimiz ondan ibarətdir ki, alman dilini öyrənsinlər, öz xərclərini qarşılamaq üçün işləyib özləri qazansınlar və dövlət qanunlarına riayət etsinlər", - deyə Almaniya daxili işlər naziri Tomas de Mezyer bildirib.  
 
Tomas de Mezyer sözlərinə görə, Avropaya gələn mühacirlərin əsas cəmləşdiyi yer Almaniyadır və 2015-ci ildən bu günə qədər Almaniyaya 1,1 milyon mühacir gəlib.