Cəfərov qardaşları şotokan karate üzrə dünya çempionatında yüksək nəticələr göstəriblər

Aprelin 23-dən 26-dək İstanbulda şotokan karate üzrə dünya çempionatı (World Shotokan Championship) keçirilib. On yeddi ölkədən idmançıların iştirak etdikləri yarışların mükafatçıları arasında Azərbaycandan olan iki qardaş da var.

Cavad (13 yaş) və Fərhad (8 yaş) Cəfərovlar beş yaşından karate ilə məşğul olurlar və həmin vaxtdan bir sıra yerli və beynəlxalq yarışlarda iştirak ediblər.

Sabahinfo.az xəbər verir ki, qardaşlar İstanbulda keçirilən çempionatda yaxşı nəticələr göstəriblər. Fərhad 25 kq çəki dərəcəsində ardıcıl dörd döyüşün hamısında qalib gələrək qızıl medal qazanıb, Cavad isə üç nəfərlik komandanın tərkibində komanda hesabında gümüş medal qazanıb.

Həmçinin qeyd etmək lazımdır ki, hər bir qardaşın idmandan kənar hobbiləri var: Cavad rəsm çəkməyi sevir, Fərhad isə pianoda ifa edir.