Bu gün Əməkdar artist Baloğlan Əşrəfovun vəfatından bir il ötür.
Mərhum sənətkarın oğlu Elşən Baloğlanoğlu Oxu.Az-la söhbətində bəzi məşhurların müğənninin sağlığında onunla yaxın olsalar da, heç gəlib başsağlığı vermədiklərindən gileylənib.
“Adlarını deməyəcəm. Ancaq elə məşhurlar var ki, sağlığında atamla yaxın olublar, ancaq gəlib, zəng edib başsağlığı belə verməyiblər. O vaxtlar pandemiya dövrü idi, evə gəlmək imkanı yox idi, ancaq nömrəni tapıb zəng etmək bu qədərmi çətin idi? Nömrəni tapmamağı bəhanə edə bilməzlər. Ən azından, Yusif Mustafayev ilə mənim atam çox yaxın idilər, ondan nömrəmi tapıb başsağlığı verə bilərdilər.
Həmin gecə Əlikram Bayramov bizi tək qoymadı, Yusif Mustafayev, Elşad Qarayev, ola bilər, kiminsə adını unudum, çox adam var idi”, - Elşən Baloğlanoğlu deyib.
O, atasının son gününə kimi yaxşı olduğunu və onu itirəcəyini ağlına belə gətirmədiyini vurğulayıb:
“Axırıncı gün tam yaxşı idi. COVID-ə yoluxduğu üçün yanına buraxmırdılar. Telefonla görüntülü danışdıq. Özünü yaxşı hiss etsə də, danışanda sanki bizimlə halallaşırdı. Nəvələri, gəlini, bütün ailə üzvləri ilə danışdı. Deyirdi, yaxşıyam, hər şey yaxşıdır. Vəfatından iki-üç saat öncə mən evdə idim, həkimi həyəcanlı şəkildə zəng etdi ki, tez buraya gəl. Mən həmin an heç düşünmədim ki, rəhmətə gedə bilər, çünki bir neçə saat öncə bizimlə danışanda hər şey yaxşı idi. Birdən-birə halı pisləşib. Mən gedib atamı gördüm, o vəziyyətdə də mənə gülümsəyib, “narahat olma, hər şey yaxşı olacaq” dedi”.
E.Baloğlanoğlu atasının pandemiya dövründə həyatında baş verənlərdən kitab yazmaq istədiyini qeyd edib:
“Kitab yazmaq istəyirdi, qismət olmadı. Tez-tez yuxularıma gəlir. Ötən gecə də görmüşəm. Səhnədə, bəlkə də ciddi görünə bilərdi, evdə çox zarafatcıl insan idi. Bizim ata-oğul münasibətindən əlavə, dost münasibətimiz var idi. Evin hər küncündə xatirələrimiz var. Bizim üçün çox çətindir”.
Qeyd edək ki, Baloğlan Əşrəfov 26 aprel 2021-ci ildə 69 yaşında COVID-19 xəstəliyindən vəfat edib. Sənətkar doğulduğu Masallı rayonunun Bədəlan kəndində doğmalarının məzarı yanında torpağa tapşırılıb.